EN

Bakının üzərində niyə PUA lar uçur?

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda səma üzərində eşidilən dron səsləri sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub. Rəsmi açıqlamalarda isə bunun ölkə sərhədləri daxilində həyata keçirilən pilotsuz uçuş aparatlarının planlı uçuşları ilə bağlı olduğu və paytaxtın hava məkanına nəzarətin gücləndirilməsi məqsədi daşıdığı bildirilib. Bu cür PUA uçuşlarının təhlükəsizlik və monitorinq baxımından hansı funksiyaları yerinə yetirdiyi maraq doğurur. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Bakı səmasında görünən pilotsuz uçuş aparatları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumat kifayət qədər aydındır. "Sadəcə burada bir nüans var, vətəndaşlarımız Azərbaycan hava məkanında, xüsusilə də gecə saatlarında pilotsuz uçuş aparatlarının görünməsinə çox öyrəşməyiblər. Halbuki bu, normal praktikadır. Azərbaycan ordusunda müxtəlif növ pilotsuz uçuş aparatları mövcuddur. Onların bəziləri gündüz, bəziləri isə gecə saatlarında istifadə olunur. Bu vasitələr həm kəşfiyyat məqsədilə, həm də hava məkanına nəzarət və təhlükəsizliyin təmin olunması üçün tətbiq edilir. Yəni bu, tamamilə normal prosesdir və insanlarımız belə hallara hazır olmalıdırlar".Ekspert bildirib ki, digər tərəfdən, sosial şəbəkələrdə müxtəlif fərziyyələr səsləndirilir və bəzən insanlar dəqiq məlumat olmadan müxtəlif fikirlər yazırlar. "Halbuki hazırda Azərbaycanın cənub istiqamətində, yəni İran tərəfdə müəyyən gərginlik mövcuddur. Bakı ətrafında görünən pilotsuz uçuş aparatlarının isə şimal istiqamətində, paytaxtın kəndlərinə yaxın ərazilərdə müşahidə olunması təsadüfi deyil. Bu marşrutların və uçuş istiqamətlərinin səbəblərini pilotsuz uçuş aparatlarını idarə edən müvafiq rəhbər şəxslər və qurumlar bilirlər. Buna görə də narahatlığa əsas yoxdur. Hər şey nəzarət altındadır və bu texnikadan ilk dəfə istifadə edilmir. Pilotsuz uçuş aparatları həm əvvəlki hərbi təlimlərdə, həm də 44 günlük müharibə dövründə geniş şəkildə istifadə olunub".Onun sözlərinə görə, ümumiyyətlə, risk anlayışı həyatın hər sahəsində mövcuddur. "Məsələn, insan evdən avtomobillə çıxarkən gün ərzində onu nəyin gözlədiyini əvvəlcədən bilmir. Lakin risklərin idarə olunması üçün müvafiq strukturlar fəaliyyət göstərir. Hərbi komandanlıq pilotsuz uçuş aparatlarının marşrutlarını və istifadə ediləcəyi əraziləri əvvəlcədən planlaşdırır və müvafiq qurumlarla razılaşdırır. Bu da ona görə edilir ki, həmin aparatların mülki təyyarələrə və ya hər hansı obyektlərə təhlükə yaratmasının qarşısı alınsın və onların hava məkanında təhlükəsiz istifadəsi təmin edilsin. Məncə, burada əsas çatışmazlıqlardan biri maarifləndirmənin kifayət qədər güclü olmamasıdır. İnsanlar bu məsələlərlə bağlı daha çox məlumatlandırılmalıdırlar. Bölgəmiz həssas regiondur və ölkəmizin sərhədlərinə yaxın ərazilərdə müxtəlif hərbi-siyasi proseslər baş verir. Buna görə də vətəndaşlar belə hallara hazır olmalıdırlar. Bəzən insanlar pilotsuz uçuş aparatlarını görəndə onları telefonla çəkməyə çalışırlar. Halbuki bunun heç bir faydası yoxdur. Belə hallarda daha diqqətli olmaq lazımdır. Ümumiyyətlə, sosial şəbəkə istifadəçiləri bu kimi məsələlərdə rəsmi məlumatlara əsaslanmalı və ilk növbədə rəsmi açıqlamaların verilməsini gözləməlidirlər".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
69
demokrat.az

1Sources