EN

Axios: İran və ABŞ rəsmiləri arasında birbaşa əlaqələr yenidən bərpa olunub...

Tehran və Vaşinqton nümayəndələri müharibənin dayandırılması və mümkün razılaşma ilə bağlı təmasları yenidən başlayıb...

İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff son günlər birbaşa əlaqələri yenidən bərpa ediblər.

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən Axios portalı məlumat yayıb.

Məlumata görə, hərbi əməliyyatların başlamasından sonra ilk dəfə olaraq Araqçi və Uitkoff arasında birbaşa əlaqə kanalı yenidən fəaliyyətə başlayıb. Bildirilir ki, İranın xarici işlər naziri ABŞ nümayəndəsinə mətn mesajları göndərərək əsas diqqəti müharibənin dayandırılması məsələsinə yönəldib.

Portalın mənbələrindən biri qeyd edib ki, Vaşinqton Tehran tərəfindən irəli sürülən reparasiya tələblərini qəbul etmir. Bununla belə, ABŞ administrasiyası İranla müəyyən razılaşma əldə olunması imkanını istisna etmir. Məlumata görə, belə bir razılaşma İslam Respublikasının beynəlxalq ictimaiyyətə inteqrasiyasına və neft satışından gəlir əldə etməsinə imkan yarada bilər.

Eyni zamanda martın 16-da İranın Tasnim agentliyi bildirib ki, Hörmüz boğazının yenidən açılması prosesi ABŞ tərəfindən strateji güzəştlərin verilməsi ilə əlaqələndirilməlidir. Tehran hesab edir ki, regionda gərginliyin azaldılması üçün Vaşinqtonun müəyyən addımlar atması vacibdir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı İranın bir sıra şəhərləri, o cümlədən paytaxt Tehran zərbələrə məruz qalıb. Hücumlardan biri ölkənin ali dini lideri Əli Xameneinin iqamətgahına endirilib və nəticədə o həlak olub.

İran isə cavab olaraq İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir. Regionda davam edən qarşıdurma fonunda diplomatik kanalların yenidən aktivləşməsi gərginliyin azaldılması istiqamətində mümkün addım kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
90
36
poliqon.info

10Sources