EN

Qadınlarda depressiya riskini 2,6 dəfə artıran vərdiş müəyyən edilib

Tehran University of Medical Sciences-in alimləri yüksək miqdarda heyvani zülal qəbulunun qadınlarda depressiya, anksiyete və stress əlamətlərinin yaranma riskini artırdığını müəyyən ediblər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri BMC Public Health jurnalında dərc olunub.

Araşdırmada İrandan olan 489 qadın iştirak edib. Alimlər könüllülərin qidalanma rasionunda heyvani və bitki mənşəli zülalın miqdarını müqayisə edərək bunun onların psixo-emosional vəziyyəti ilə əlaqəsini qiymətləndiriblər.

İştirakçılar qidalanma vərdişləri ilə bağlı anketləri doldurub, həmçinin depressiya, anksiyete və stress əlamətlərini müəyyən etmək üçün istifadə olunan standartlaşdırılmış DASS-21 testindən keçiblər. Tədqiqatçılar daha sonra yaş, zərərli vərdişlər və genetik meyl kimi nəticələrə təsir edə biləcək digər amilləri də nəzərə alıblar.

Təhlil göstərib ki, rasionunda heyvani zülalın payı daha yüksək olan qadınlarda bu üç psixoloji pozuntunun əlamətlərinə rast gəlinmə ehtimalı əhəmiyyətli dərəcədə çoxdur. Belə ki, bu qrupdakı qadınlarda daha az heyvani zülal qəbul edənlərlə müqayisədə:
• depressiya əlamətlərinin müşahidə olunma ehtimalı 2,6 dəfə,
• anksiyete əlamətlərinin müşahidə olunma ehtimalı 1,8 dəfə,
• stress əlamətlərinin müşahidə olunma ehtimalı isə 3,7 dəfə yüksək olub.

Bununla belə, bitki mənşəli zülalın qəbulunun araşdırılan psixi sağlamlıq göstəriciləri ilə statistik baxımdan əhəmiyyətli əlaqəsi müəyyən edilməyib. Tədqiqatçılar bu fərqi amin turşularının tərkibindəki, zülalla bağlı yağların xüsusiyyətlərindəki və ümumi qidalanma xüsusiyyətlərindəki fərqlərlə izah edirlər.

Müəlliflər vurğulayırlar ki, araşdırma birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Bununla belə, əldə olunan nəticələr zülal qəbulunun psixi sağlamlığa mümkün təsirini göstərir.

//Gülnarə Abasova, Editor.az

Chosen
28
1
editor.az

2Sources