EN

Rusiyada azərbaycanlının malına hücum - polis seyrçi qaldı, izdiham talana qoşuldu - VİDEO

Sosial şəbəkələrdə yayılan və geniş rezonans doğuran videoda Rusiyada qeyri-ruslara qarşı artan zorakılığın növbəti nümunəsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, kadrlarda özlərini “xalq dəstələri” kimi təqdim edən rus millətçilərinin küçədə ticarətlə məşğul olan, azərbaycanlı olduğu bildirilən bir şəxsin fəaliyyətinə müdaxilə etdiyi görünür.

Həmin şəxsin malları ətrafında toplaşan bu qruplar əvvəlcə ona təzyiq göstərir, daha sonra isə fiziki güc tətbiq edərək ticarətinə faktiki olaraq mane olurlar.

Hadisənin ən sarsıdıcı tərəfi isə bundan sonra baş verir. Videoda millətçilərin ətrafdakı insanlara açıq şəkildə “götürə bilərsiniz” deyərək həmin şəxsin mallarını talamağa çağırdığı görünür. Təəssüf doğuran məqam odur ki, bəzi yerli sakinlər bu çağırışa reaksiya verərək sanki buna “haqları çatırmış kimi” davranır, malları götürüb aparırlar.

Məsələnin daha da ciddi və narahatedici tərəfi isə hüquq-mühafizə orqanlarının davranışı ilə bağlıdır. Məlumata görə, hadisə zamanı jurnalistlər tərəfindən polisə müraciət olunsa da, hüquq-mühafizə əməkdaşları prosesə müdaxilə etməyib, baş verənləri seyrçi kimi izləyib. Hətta bəzi hallarda onların kameraların obyektivindən yayınmağa çalışdığı bildirilir. Bu isə baş verənlərin faktiki olaraq cəzasız qalması ilə bağlı ciddi suallar doğurur.

Paylaşılan görüntülərdə zorakılıqla yanaşı, ictimai şüurun təhlükəli istiqamətdə dəyişməsi də açıq şəkildə müşahidə olunur. Məsələ təkcə bir şəxsin hüquqlarının pozulması ilə məhdudlaşmır – bu, artıq qeyri-ruslara qarşı sistemli təzyiq və ayrı-seçkilik tendensiyasının kütləviləşməsi kimi qiymətləndirilir.

Videonun yayılması beynəlxalq səviyyədə də narahatlıq yaradıb. Ekspertlər bildirir ki, bu cür hallar təkcə radikal qrupların fəaliyyəti ilə izah edilə bilməz – cəmiyyətin müəyyən hissəsinin bu zorakılığa qoşulması vəziyyətin daha təhlükəli mərhələyə keçdiyini göstərir.

Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.

Musavat.com

Chosen
54
50
musavat.com

10Sources