EN

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün güşələrində olduğu kimi, paytaxtımız Bakı şəhərində də geniş qeyd edilir. Bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil olunur. Bu  şənliklər öz kütləviliyi ilə seçilir.

Ənənəvi bayram tədbirlərindən biri də Bakı şəhərinin Sabunçu  rayonu Bakıxanov qəsəbəsində, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində yaradılan məhəllədə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, rəqqaslar, nağaraçılar və zurnaçılar qrupları öz məharətlərini göstərib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı tədbirə toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Uşaqlar və iştirakçılar yumurta döyüşdürüblər.

Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyət yaradılaraq sakinlərin istifadəsinə verilib. Bu həyətlərdə sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Novruz ərəfəsində abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram ab-havası yaradılıb.

Təhminə VERDİYEVA, 

"Azərbaycan"

Chosen
14
6
azerbaijan-news.az

10Sources