EN

İstirahət mərkəzində qısqanclıq zəminində müştərini bıçaqlayan şəxslə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Yaqub Həsənovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisələrdən biri 8 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi, Söyüdlər küçəsində yerləşən “099” çay evində baş verib.

 

Belə ki, Sədulla Sərdari tanışları ilə birlikdə həmin çay evində yeyib-içdikdən sonra hesabın çox olduğunu bəhanə edərək ödəniş etmədən çölə çıxıblar. Bu zaman çay evinin sahibi olan zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə qapının qarşısında qarşılaşan tərəflər arasında hesabın məbləği ilə bağlı mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxslər ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər ediblər. Sonra iştirakçılardan biri zərərçəkmiş şəxsin ünvanına söyüşlər işlədərək üzərində olan bıçaqla ona zərbə endirib. Nəticədə D.D. döş qəfəsinin sol yarısının arxa səthində daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

 

Hadisə zamanı həmin şəxslər xuliqanlıq hərəkətlərini davam etdirərək hadisəni kənardan izləyən digər şəxslərə qarşı da zor tətbiq ediblər. Belə ki, həmin şəxslərdən biri kənardan baxan digər zərərçəkmiş F.F.-i (adı, soyadı şərtidir) bıçaqla vuraraq onun döş qəfəsinin sol yan səthindən plevra və qarın boşluğuna nüfuz edən, köndələn çənbər bağırsağı və mədəaltı vəzinin zədələnməsi ilə müşayiət olunan ağır xəsarətlər yetirib.

 

Ekspertiza rəyinə əsasən, bu xəsarətlər zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər kimi qiymətləndirilib.

 

Bundan sonra təqsirləndirilən şəxslər bir qrup şəxs halında xuliqanlıq hərəkətlərini davam etdirərək çay evinin giriş qapısının şüşələrini dəmir boru, taxta və mişar daşı ilə sındırıblar. Nəticədə obyekt sahibinə 250 manat məbləğində maddi ziyan vurulub.

 

İttihama görə, Sədulla Sərdari daha bir analoji hadisəni 5 iyun 2022-ci il tarixdə Sumqayıt şəhərinin Novxanı qəsəbəsində yerləşən “Ləman” istirahət mərkəzində törədib. Belə ki, həmin gün o, tanışları ilə birlikdə restoranda istirahət edərkən nişanlısına başqa bir şəxs tərəfindən gül göndərilməsi səbəbindən narazılıq yaranıb. Bu səbəbdən o, həmin şəxsin oturduğu masaya yaxınlaşaraq onu ayağa qaldırıb və gülün kimə göndərildiyini soruşub. Qarşı tərəfin gülü başqa şəxsə göndərdiyini deməsi isə onun tərəfindən qəbul edilməyib və mübahisə yaranıb. Bu zaman o, üzərində olan bıçaqla zərərçəkmiş şəxsin sol bazu nahiyəsinə iki dəfə zərbə endirib. Hadisə zamanı yaranmış səs-küyə baxmayaraq Sədulla hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxsə kömək etmək istəyən digər şəxsi də qovaraq saxlayıb və bıçaqla bir dəfə vurub.

 

Bundan sonra o, istirahət mərkəzinin arxa hissəsinə çəkilən F.F.-in ardınca gedərək ona yenidən bıçaq zərbəsi endirib. Hadisə nəticəsində zərərçəkmiş şəxsin qarın nahiyəsinə nüfuz edən və böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yara, eləcə də sol bazu nahiyəsində iki bıçaq yarası qeydə alınıb. Bu xəsarətlər həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri kimi qiymətləndirilib.

 

Digər zərərçəkmiş şəxs isə döş qəfəsinin sol yarısında yaranmış xəsarətlə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti alıb.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədulla Sərdari 7 il 11 ay 6 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən apellyasiya şikayəti verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətini qismən təmin edib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və Sədulla Sərdari Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə ona CM-in 126.1-ci maddəsi ilə 4 il 6 ay, 221.3-cü maddəsi ilə isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Sədulla Sərdariyə qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilib. Bundan əlavə, CM.-in 69.3-cü maddəsinə əsasən onun 6 iyun 2022-ci il tarixdən həbsdə saxlanıldığı 6 ay 24 gün müddət təyin olunmuş cəzadan çıxılıb və nəticədə üzərində 4 il 11 ay 6 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 17 Mart 2026, 09:41   
Chosen
57
pravda.az

1Sources