EN

Ölkəmiz innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır

Dövlət başçısı İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında diqqəti bir daha Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına yönəldərək belə bir əminliyi ifadə etdi ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik

Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycan memarlığının rəmzlərinə çevrilmişdir. Dövlət başçısı İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır. Azərbaycanda şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət yetirilmişdir. Bu dövrdə bir sıra şəhərlər yenidən qurulmuş və onların əvvəlki siması dəyişmiş, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilmişdir. Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur. Ötən müddətdə milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır.

Son 22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq şəhərlərimizin müasirliklə qədimliyin sintezinin qorunması fonunda yeniliklərə, təkmilləşməyə xüsusi diqqət yetirir. Bu gün qürurla işğaldan azad edilmiş şəhərlərimizin simasında Azərbaycanın müasir şəhəRsalma təcrübəsinin nəticələrindən bəhs edirik. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla həyata keçirilir, şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində yenidən qurulur. Bu torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür. Hazırda sakinlərinə qovuşan 9 azad edilmiş şəhərimiz-Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Xocalı, Ağdam, Xocavənd, Xankəndi müasir görünüşü, burada yüksək səviyyədə icra edilən infrastruktur layihələri ilə dünyanın diqqətindədir. Bu torpaqlarda qısa müddətdə üç beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi ərazilərimizin strateji əhəmiyyətini nümayiş etdirir.

Ermənistan 30 illik işğal zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılmışdır ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməmişdi.

Hazırda Azərbaycan müasir tarixinin mühüm mərhələsini- azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması prosesini yaşayır. Azad edilmiş şəhərlərimiz Baş plan əsasında bərpa edilirlər. Bu da şəhərsalmanın müasir təcrübəsinin tərkib hissəsidir. Prezident İlham Əliyev bildirir ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək. Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir.

Azərbaycan bu ilin mayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Tədbirə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Forumun əsas koordinatoru BMT-nin məskunlaşma üzrə ixtisaslaşmış təşkilatı olan UN Habitatdır. 2024-cü ildə Bakıda keçirilən COP29 iqlim konfransında da şəhərsalma mövzusu əsas müzakirə mövzularından biri oldu. Gələcək COP tədbirlərində də bu istiqamətdə işlər davam etdiriləcək. 2026-cı ilin may ayında Bakının ev sahibliyi edəcəyi Forum çərçivəsində bir sıra nazirlərin iclasları, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Hazırlıq işləri artıq koordinasiyalı şəkildə həyata keçirilir və tədbirin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirilir.

Paytaxt Bakımız hər zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini yaratması ilə göz oxşayıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sabitliyin bərpası ilə iqtisadi durumun yaxşılaşdırılması istiqamətində atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu. Yaradılan möhkəm təməl 2003-cü ildən bu günəgək islahatlar prosesinin dərinləşməsinə geniş imkanlar açdı. Dövlət başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə marağı atılan hər addımda öz təsdiqini tapır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi, paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə də töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsünkar gözəlliyi ilə liderliyini qoruyur.

Ümummilli Lider Heydər Əliyevin düşünülmüuş və gələcəyə hesablanmış siyasəti daim Azərbaycanın qarşısında yeni imkanlar açır. Ölkəmiz hərtərəfli inkişafı, bütün sahələrdə zəngin təcrübəsi ilə dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalı, zamanı qabaqlamalıyıq. Təbii ki, bu inkişaf paytaxtdan başlayaraq bölgələri də əhatə edir. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində paytaxtımızın memarlıq abidələri Şərq üslubu saxlanılmaqla bərpa edilir, müasirliklə qədimliyi tamamlayan yeni binalar tikilir, bölgələrimizin siması tamamilə dəyişir, şəhərlə kənd arasında fərq müəyyən mənada aradan götürülür. Dövlət proqramlarında müəyyənləşdirilən hədəflərin zamanında və yüksək səviyyədə reallığa çevrilməsi bu gün həm paytaxt Bakımızın, həm də regionların inkişafında özünün aydın ifadəsini tapır. Son illərdə cənab İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin, qonaqların, turistlərin istirahəti üçün salınan parklar, qədim memarlıq abidələrinin bərpası və təmiri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

 Qeyd etdiyimiz kimi, hazırda əsas prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasıdır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövr üçün prioritetlər və onların icra mexanizmləri öz əksini tapıb. Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Dövlətimizin başçısı İlham Əliyev hər bir yeni təcrübənin ölkəmizə gətirilməsini və tətbiqini qarşıya mühüm vəzifə kimi qoyub. Azərbaycan bu gün təkmil dirçəliş modeli, eyni zamanda, müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətindədir. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən forumlara paytaxt Bakımızın, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizin ev sahibliyi özündə bütün məqamları ehtiva edir.

Bu günlərdə paytaxt Bakımızın ev sahibliyi etdiyi XIII Qlobal Bakı Forumu da bunun bariz nümunəsi oldu. Forum çərçivəsində keçirilən panel iclaslardan birinin mövzusu məhz “Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” idi. Azərbaycanın müxtəlifliyin bir araya gəldiyi və qlobal problemlərin müzakirə olunduğu mühüm məkana çevrildiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin isə parçalanmış dünyada dialoqun və əməkdaşlığın təşviqinə xidmət etdiyini önə çəkən UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli müsahibəsində bu məqamları xüsusi qeyd edib ki, yaxın aylarda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu müxtəlif ölkələrdən insanların bir araya gələrək şəhərlərin gələcəyini müzakirə etməsi üçün mühüm imkan yaradacaq. Forumda əsas müzakirə mövzularından birinin mənzil məsələsi olacağını qeyd edən B.Zacchiroli bildirib ki, hazırda dünyada təxminən üç milyard insan adekvat yaşayış şəraitinə malik deyil. Bu, artıq qlobal miqyasda təxirəsalınmaz problemə çevrilib və onun həlli üçün beynəlxalq səviyyədə birgə addımlar atılmalıdır. “Ev” anlayışı yalnız yaşayış məkanı deyil, həm də sabitlik və gələcək deməkdir. İnsanlar ölkələrinə qayıdarkən “evə qayıdıram” deyirlər. Lakin dünyada milyonlarla insan var ki, bunu demək imkanından məhrumdur. Ona görə də insanların özlərini evində hiss etməsi üçün şərait yaratmaq qlobal prioritet olmalıdır. Bu mühüm məqam da açıqlanır ki, şəhərsalma prosesi sürətlə davam edir və proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin 68 faizi şəhərlərdə yaşayacaq. Bu səbəbdən şəhərlərin daha dayanıqlı və ağıllı şəkildə inkişaf etdirilməsi vacibdir. Biz texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Lakin əsas prinsip ondan ibarət olmalıdır ki, texnologiyalar insanlığa xidmət etsin. “Ağıllı” şəhərlər məhz texnologiyanın insanların rifahı üçün istifadə edildiyi şəhərlərdir.

 UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli XIII Qlobal Bakı Forumu çərçivəsində “Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclasda onu da qeyd etmişdir ki, mənzil təminatı sadəcə iqtisadi artımın nəticəsi deyil, fundamental insan hüququ kimi də qəbul edilməlidir. Şəhər şəbəkələri Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsində, BMT sistemi ilə əməkdaşlığın gücləndirilməsində və yerli idarəetmə orqanlarının potensialının artırılmasında mühüm rol oynayır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev həmin panel iclasda bildirmişdir ki, Beynəlxalq ictimaiyyət mürəkkəb keçid dövrlərindən keçərkən belə platformalar dialoqun təşviqi, etimad mühitinin yaradılması və kollektiv həll yollarının müəyyən olunması üçün vacibdir. Builki Forumun mövzusu zamanımızın əsas reallıqlarını əks etdirir. Biz dərin geosiyasi dəyişiklikləri, texnoloji transformasiyaları və artan iqlim çağırışlarını müşahidə edirik. şəhərləşmə və mənzil problemləri qlobal dinamika ilə sıx bağlıdır. Bugünkü şəhərlər dünyada rifah və yoxsulluq, imkan və istisna, dayanıqlılıq və həssaslıq arasındakı fərqlərin ən çox göründüyü məkanlardır. Adekvat mənzilə çıxış təmin etmək cəmiyyətlərdə sosial və iqtisadi fərqliliklərin aradan qaldırılmasında mühüm elementdir.

 Forum çərçivəsində keçirilən görüşlərdə, panel iclaslarda səsləndirilən bu kimi çağırışları xeyli sayda sadalamaq olar. BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç isə vurğulayıb ki, şəhər transformasiyasından danışanda Bakıda Ağ Şəhəri gördük. Bu, ilhamverici, transformativ və çox faydalı ola biləcək şəhər transformasiyasının açıq-aydın nümunəsidir. Bu təcrübələr həm ilhamvericidir, həm də tərəfdaşlıq və əməkdaşlıq baxımından olduqca faydalıdır. BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Maria Fernanda Espinoza Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunan mətbuat konfransında vurğulayıb ki, Azərbaycanın qonaqpərvərliyinin, güclü logistika imkanlarının, Bakı şəhərinin zəngin tarixinin və mədəniyyətinin şahidi olaraq Ümumdünya Şəhərsalma Forumunun burada böyük uğurla keçiriləcəyinə əminəm.

 Qısa təhlil bu qənaətə əsas verir ki, dayanıqlı gələcəyin şəhərləri bu il Bakıda müzakirə ediləcək. Məzmununa və əhatə dairəsinə görə BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunan Ümummdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirəcək. Bakı bu mötəbər tədbirin ev sahibi olmaqla artıq formalaşmış şəhər inkişaf konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı qazanacaq. Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan edilməsi özündə mühüm hədəfləri, çağırışları ehtiva edir. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT‑nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir.

Xatırladaq ki, Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda 2022-ci ildə Polşanın Katovitse şəhərində kecirilən 11-ci sessiyasında videoformatda çıxışı zamanı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusunda olduğunu bildirmişdi və belə bir əminliyi ifadə etmişdi ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə evsahibliyi etməkdə böyük təcrübəyə malik olan ölkəmizdə bu Forumun keçirilməsi uğurlu olacaqdır. Şəhərsalma sahəsində Azərbaycanın təcrübəsi yüksək dəyərləndirilərək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının 2026-cı ildə Bakıda keçirilməsi qərara alınmışdı. Azərbaycan bu tədbirə yüksək təşkilatçılığı ilə tariximizin növbəti uğur səhifəsini yazacaq. Dövlətimizin başçısı İlham Əliyev XIII Qlobal Bakı Forumundakı çıxışında diqqəti bu tədbirə yönəldərək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini Forumda fəal iştiraka dəvət etdi və “Ümid edirəm ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik” çağırışını səsləndirdi.

Yeganə Əliyeva, “İki sahil”

Chosen
36
ikisahil.az

1Sources