EN

Bu gün İlaxır çərşənbədir

Yazını böyüt
Yazını kiçilt

Axşam tonqallar qalanır, şamlar yandırılır, həyətlərdə xonçalar bəzənir, insanlar bir-birinə xeyir-dua verir və arzularını tutur. İnsanlar həyəcanla Novruza sayılı günlərin qaldığını hiss edir. Bütün bu gözəlliklər İlaxır çərşənbənin – Novruzun ən mühüm mərhələlərindən birinin gəlişindən xəbər verir. Bu gün təkcə ilin son çərşənbəsi deyil, həm də baharın, yeni başlanğıcın müjdəsidir.

Hafta.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli İlaxır çərşənbəsi ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüb.

Folklorşünas-alim bildirir ki, xalq arasında axır çərşənbə “İlaxır çərşənbə”, “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi”də adlandırılır. İlaxır çərşənbəsi dörd çərşənbədən sonuncusu olaraq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda müxtəlif bölgələrdə bu gün böyük coşqu ilə keçirilir. İlin axır çərşənbəsi həm də il üçün hesabat dövrüdür. Yazın gəlişi ilə əkinçilik dövrü başlayır, taxıl əkilir, insanlar qışdan çıxan ərzaqlarını yeni həyatla birləşdirirdilər. Bütün bu adətlər, mərasimlər, fal və əyləncələr İlaxır çərşənbəsində icra olunurdu. Bu, yazın qalib gəlməsini, həyatın yenidən oyanmasını, arzuların və ümidlərin təzələnməsini simvolizə edirdi. İnsanlar gələcəyə ümidlə baxır, yeni il üçün arzularını, diləklərini təbiətin gücü ilə bağlayırdılar.

Bu çərşənbədə nələr etməli?

İlaxır çərşənbədə həyət-bacalarda tonqal qalanır, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapıpusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.

İnanclara görə, İlaxır çərşənbə axşamı tonqal qalayıb onun üzərindən atlanmaq insanın ruhi və fiziki təmizlənməsi deməkdir. İnsanlar atlanarkən belə deyirlər: “Ağırlığım, uğurluğum odda yansın!” Bu, bütün dərd-bəlanın odla yox olacağına olan inamı ifadə edir.

Rayonlarda İlaxır çərşənbə adətləri

Azərbaycanın müxtəlif bölgələrində İlaxır çərşənbə fərqli adət və inanclarla qeyd edilir. Qazax, Tovuz, Şəki bölgələrində evlərə su çiləmək, bayram süfrəsinə xüsusi nemətlər – qatlama, fəsəli, qovurğa qoymaq ənənəsi var. Naxçıvanda İlaxır çərşənbə axşamı həyətlərdə tonqallar qalanır və hamı onun üzərindən atlayaraq arzu tutur. Quba və Qusar bölgələrində gənclər İlaxır çərşənbədə “qonaq getmək” adətinə əməl edirlər. Yəni kəndin oğlanları axşam evlərə xəbərsiz gedir, ev sahibləri isə onlara şirniyyat, meyvə və hədiyyələr verirlər. Cənub bölgəsində isə İlaxır çərşənbədə həyətyanı sahədə ağacların altına qırmızı parça bağlanır ki, bu, ailənin uğurlu və bərəkətli olması üçün edilir.

Novruz falları

“Qulaq falı”, “qapıpusma”, “qulaqpusma” adları altında qeyd olunan falabaxma Azərbaycanın hər bir bölgəsində geniş yayılmışdır.

Axır çərşənbənin məşhur fallarından biri “üzüksalma” adlanır. “Bundan irəli ilaxır çərşənbədə subay qızlar bir otağa yığışıb dilək tası qurardılar. Ortalığa dərin bir mis qab qoyar, sonra hər qız öz üzüyünü həmin qabın içinə atardı. Üzükləri qabın içində iki-üç kərə qarışdırıb, balaca bir oğlan uşağını da gətirərdilər yığnağa. Uşağa başa salardılar ki: - Bax, indi biz növbə ilə bayatı oxuyacağıq. Hər dəfə bayatı oxunub başa çatanda, sən gedib tasın içindəki üzüklərdən birini götürərsən. Biz də baxıb görərik üzük kimindir. Bayatıdan sonra kimin üzüyü qabdan çıxarılsa, onun diləyi həmin bayatıdakı mətləbə yaxın bir axarda yozulardı.

Novruzun müjdəçisi - İlaxır çərşənbə

İlaxır çərşənbə bu gözəllikləri ilə Novruzun müjdəçisi olur. Bu bayram təkcə qədim adətlərin yaşaması deyil, həm də insanların birlikdə olmasının, sevincini bölüşməsinin ən gözəl nümunəsidir.

Həyətlərdə qalanan gur tonqallar sanki qışın son buzunu əridir, torpağın oyanışını və təbiətin canlanmasını bütün aləmə bəyan edir. Süfrələr yeddi növ nemətlə bəzənir, papaq atan uşaqlar məhəllələrə xüsusi bir canlanma gətirirlər. İnsanlar bir-birinə xoş sözlər deyir, küsülülər barışır və beləcə, milli həmrəyliyimiz bu bayramın işığında daha da möhkəmlənir. Bu çərşənbə hər bir evə ruzi-bərəkət, hər bir qəlbə isə bahar təravətli ümidlər bəxş edir.

Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun!

Chosen
2
1
hafta.az

3Sources