Novruz və Ramazan bayramlarının yaxınlaşması ilə birlikdə ölkədə sosial rifah və maliyyə dəstəyi məsələləri yenidən gündəmə gəlir. Xüsusilə, bəzi universitetlərdə əməkdaşlara mükafat verilməsi qərarı müsbət qarşılanmaqla yanaşı, cəmiyyətdə daha geniş təbəqələrin – o cümlədən təqaüdçülərin və sosial cəhətdən həssas qrupların da diqqətdə saxlanmasının vacibliyi vurğulanır. Mövcud iqtisadi şəraitdə bayram ərəfəsində bu kateqoriyalara əlavə dəstəyin göstərilməsi sosial ədalət baxımından nə dərəcədə zəruridir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, universitetlərin bu məsələdə qərar vermə mexanizmi fərqlidir:

“Universitetlər bir qədər fərqli strukturlardır. Onların öz daxili qərar mexanizmləri var və əməkdaşlara mükafat verilməsi ilə bağlı qərarı müstəqil şəkildə qəbul edə bilərlər. Lakin təqaüdlərlə bağlı qərarlar dövlət səviyyəsində qəbul olunmalıdır.”
İqtisadçının sözlərinə görə, pensiya və sosial ödənişlərlə bağlı dəyişikliklərin həyata keçirilməsi üçün müvafiq büdcə imkanları nəzərə alınmalıdır:
“Təqaüdçülərin sayı kifayət qədər çoxdur. Bu səbəbdən belə qərarların qəbulu üçün dövlət büdcəsində əlavə vəsait ayrılmalıdır. Əlbəttə, belə bir addımın atılması müsbət olardı. Amma hazırkı vəziyyət göstərir ki, Nazirlər Kabinetində bu məsələ hələlik müzakirə mövzusu deyil.”
Aynurə İsmayıl
KONKRET.az