EN

Duran həqiqətən Kolumbiya yığmasına çağrılıb! - Bəs "Qarabağ" bu xəbəri niyə hər yerdən sildi?

Martın 10-da "Qarabağ"ın rəsmi saytında və sosial şəbəkə hesablarında diqqətçəkən xəbər yayıldı: Kamilo Duran Kolumbiya millisində!

Təbii ki, belə informasiyanın futbol gündəmini zəbt etməsi qaçılmaz idi. Birincisi, Duran karyerası ərzində ilk dəfə yığmaya dəvət olunub. İkincisi, onun Luis Suares (Benfika), Con Kardoba (Krasnodar), Luis Dias (Bavariya), Andres Qomes (Vasko da Qama) kimi "rəqibləri” var. Heç şübhəsiz, bu dəvətdə Duranın "Qarabağ"ın heyətində Çempionlar Liqasındakı çıxışı önəmli rol oynayıb.

İş ondadı ki, “Zirə” ilə oyundan sonra mediaya açıqlama verən kolumbiyalı hər kəsi təəccübləndirdi:

"Düzdü, belə söhbət var. Lakin hələlik mənə Kolumbiyadan zəng gəlməyib. Bir qədər gözləmək lazımdı. Millinin heyəti rəsmən açıqlanandan sonra bu barədə danışmaq olar".

"Qarabağ"ın sözügedən xəbəri sayt və sosial şəbəkə hesablarından sildiyini də gördük. Maraqlıdı, futbolçuya dəvət gəlməyib? Ya pərdə arxasında hansısa hadisələr cərəyan edir?

Bu məqama aydınlıq gətirmək üçün "Qarabağ"ın Kommunikasiyalar departamentinin direktoru Anar Hacıyevə müraciət etdik. "Football-plus.az"a açıqlama verən klub rəsmisi Duranın milliyə dəvət edildiyini, lakin xəbəri açıqlamaq üçün Kolumbiya Futbol Federasiyasının rəsmi xəbərini gözlədiklərini dedi.

Görünür, "Qarabağ"ın mətbuat xidməti tələskənliyə yol verib. Məhz bu səbəbdən belə anlaşmazlıq yaranıb. Hər halda, Duran tezliklə Kolumbiya millisinin heyətində yer alacaq. Maraq üçün qeyd edək ki, 24 yaşlı futbolçu bu ay keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət olunub. Onun ölkəsinin yığması 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq.

KƏNAN BAHADIR
Chosen
50
1
football-plus.az

2Sources