EN

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

Bakı, 17 mart, AZƏRTAC

Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, sənəd layihəsi parlamentin martın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihə süni intellekt texnologiyalarından istifadə edilməklə reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və yayılması ilə bağlı hüquqi çərçivənin formalaşdırılması məqsədi daşıyır. Həmin halların qarşısının alınması məqsədilə qanunda müvafiq hüquqi məsuliyyət mexanizmlərinin müəyyən edilməsi nəzərdə tutulur.

Qanun layihəsində Cinayət Məcəlləsinə yeni maddələrin əlavə edilməsi təklif olunur. Yeni maddələrə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması və yayılması cinayət məsuliyyəti yaradır. Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə müvafiq dəyişiklik edilərək cinayət təqibinin həyata keçirilməsi ilə bağlı prosessual norma müəyyən edilir.

Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara edilən dəyişikliklərlə süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış materialların yayılması ilə bağlı əlavə hüquqi tələblər və məhdudiyyətlər müəyyən olunur.

Müxbir - Tərgül Babayeva

Fotoqraf - Aydın Məmmədov

Chosen
26
2
azertag.az

3Sources