EN

Dövlətlər Trampın Hörmüz boğazı ilə bağlı təklifini niyə rədd etdilər? - AÇIQLAMA

"Mövcud vəziyyətdə Donald Trampın Hörmüz boğazı ilə bağlı bəzi sərt təklifləri bir sıra dövlətlər tərəfindən qəbul edilmədi. Hesab edirəm bunun səbəbi, müttəfiqlərin ABŞ-nin ritorikasını çox aqressiv və riskli hesab etməsi idi. Onlar enerji təhlükəsizliyini qorumaq istəyirlər, amma eyni zamanda İranla birbaşa qarşıdurmaya sürüklənməkdən çəkinirlər. Çünki bu qarşıdurmada görünən nəticələrin heç də pozitiv olmadığını ayrı-ayrılıqda analiz edib bilirlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Aydın Tağıyev Avropa İttifaqı və digər ölkələrin ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı təklifini rədd etməsindən danışarkən səsləndirdi.

Onun sözlərinə görə, ABŞ özünü ölkələrə qlobal enerji axınının qoruyucusu kimi təqdim edir:

"Trampın ritorikası ABŞ-nin “liderlik iddiasını” gücləndirir, amma müttəfiqlərin ehtiyatlı davranışı bu liderliyin şərti dəstək üzərində qurulduğunu  açıq aydın göstərir. ABŞ tam təcrid olunmur, amma tam konsensus yəni səs çoxluğu da əldə etmir".

Aydın

Siyasi şərhçi qeyd etdi ki, Avropa və Asiya ölkələri enerji təhlükəsizliyini qorumaq üçün ABŞ ilə koordinasiya etməyə hazırdırlar:

"Lakin onlar Trampın sərt hərbi ritorikasını qəbul etmirlər. Görünən tərəf odur ABŞ bu böhranda mərkəzi oyunçu olaraq qalır. Amma müttəfiqlərin ehtiyatlı mövqeyi ABŞ-nin “tam hegemon” deyil, daha çox koordinasiya mərkəzi olduğunu ortaya qoyur. Bu da ABŞ-nin beynəlxalq siyasətdə “liderlik ancaq şərti dəstək” modelinə sürükləndiyini göstərir. ABŞ Hörmüz böhranında tam təcrid olunmur. Əksinə, enerji təhlükəsizliyi mövzusu ona hələ də mərkəzi rol verir. Amma Trampın sərt ritorikası müttəfiqlərin ehtiyatlı davranmasına səbəb olur. Bu, ABŞ-nin liderliyinin zəifləmiş, amma hələ də vacib olduğunu göstərir".

Xədicə BAXIŞLI

Chosen
32
1
redaktor.az

2Sources