EN

Ölən təqaüdçünün pensiyası vərəsələrə NECƏ ödəniləcək? – AÇIQLAMA

Azərbaycanda pensiya sistemi həm sosial ədalət, həm də uzunmüddətli maliyyə dayanıqlığı baxımından kritik mərhələyə çatıb. Son illərdə təqaüdçülərin sayı azalır, ölkədə doğum göstəriciləri isə kifayət qədər yüksək deyil.

Musavat.com xəbər verir ki, bu tendensiya sosial təminat sistemində ciddi boşluqların yaranması riskini artırır və gələcəkdə pensiya ödəmələrinin sabitliyinə təsir edə bilər.

Eyni zamanda, ömür boyu işləyib Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yığılan pensiya kapitalının böyük hissəsi vətəndaşlar üçün əlçatan deyil. Bu vəziyyət xüsusilə təqaüd yaşına çatmadan dünyasını dəyişən şəxslərin varisləri üçün problem yaradır. Vətəndaşların yığımları onların hüququdur, lakin qanunvericilik indiyədək bu vəsaitlərin ölüm sonrası vərəsələrə transferini tam təmin etmir.

İqtisadçı Natiq Cəfərli də öz sosial media hesabında eyni mövzuya toxunaraq bildirib ki, təqaüdçülər üçün ən vacib məsələlərdən biri ömür boyu işləyib DSMF-yə topladıqları vəsaitə çıxışın olmamasıdır: “1994-cü ildə Azərbaycanda 1 milyon 250,9 min təqaüdçü var idi, 30 ildən sonra, 2026-cı ilin yanvarın ayının 1-nə təqaüdçülərin sayı 1 milyon 98,9 min nəfər qədər azalıb. Təqaüdçülərin sayı ilbəil azalır, paralel olaraq ölkədə doğuş sayı da kəskin azalır – ölkəmiz üçün ciddi problemlər yaranır, bu gün addımlar atılmasa, sabah gec olacaq”.

O əlavə edib ki, təqaüdçülər üçün ən vacib məsələlərdən biri topladıqları vəsaitə çıxışının olmamasıdır: “Sayları da azalır, bu boşluq mütləq aradan qaldırılmalıdır. Bu gün pensiya kapitalının həddi 46080 manatdır. Bunun özü də çoxdur, amma, insanlar var ki, 100-150 min pensiya kapitalları var, amma həmin vəsait onlar üçün əlçatan deyil. Allah uzaq eləsin, təqaüd yaşına çatmadan dünyasını dəyişənlər var, sayları çoxdur – onların varisləri niyə həmin vəsaiti ala bilməsin ki?!

Ya da tutaq ki, 40 yaşında bir insan işləyib, DSMF-yə 30 min manat yığıb. Amma həyatdır, dünyasını dəyişir, o pulun aqibəti necə olur?! Bəlkə elə övladına çatsın, bəlkə övladının, məsələn, təhsil haqqını və ya övladına ipotekanı o vəsaitdən ödəmək hüququ yaransın?! Niyə olmaz ki bu?! Xülasə, hökumət çıxıb aydın deməlidir – DSMF-yə yığılan vəsait vətəndaşındır, ya yox?! Bu vətəndaşın yığımıdır, ya vergisi?!”

Xarici ölkələrdə bir çox hallarda ödənilməmiş pensiya kapitalı və ya ölüm sonrası pensiya, uyğun şərtlərlə vərəsələrə - həyat yoldaşına və ya uşaqlara ödənilir. Bu sistem “survivor pension” adlanır və ölkələrə görə qaydaları fərqlidir.

Vüqar

Deputat Vüqar Bayramov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsində dəfələrlə müzakirə olunub. Onun sözlərinə görə, millət vəkilləri tərəfindən bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərdən biri də vəsaitlərin, yəni pensiya kapitalının 30 faizinin vərəsələrə verilməsidir.

Deputat qeyd edib ki, hazırda məsələ ilə bağlı müzakirələr davam edir və parlament üzvləri tərəfindən mütəmadi olaraq yeni təkliflər təqdim olunur. Mövcud qanunvericiliyə əsasən isə bəzi hallarda həmin vəsaitlərin ödənişi artıq həyata keçirilir. Belə ki, dünyasını dəyişən şəxsin pensiyası müəyyən şərtlərlə ailə üzvlərinə yönləndirilə bilər. Məsələn, 18 yaşına çatmamış övladı olduqda pensiya ona ödənilir. Eyni zamanda, həyat yoldaşı da müəyyən məhdudiyyətlər çərçivəsində vəfat etmiş şəxsin pensiyasından yararlana bilər. Bundan əlavə, əlilliyi olan şəxslər üçün də bu cür sosial ödənişlər nəzərdə tutulur.

Vüqar Bayramov qeyd edib ki, pensiya kapitalından istifadə və onun vərəsələrə transferi ilə bağlı da təkliflər təqdim edib. Bu təkliflər konkret rəqəmlər əsasında təqdim olunub. Onun fikrincə, əsas məqsəd pensiya kapitalından daha səmərəli istifadəni təmin etmək və onun bir hissəsinin vərəsələrə ödənilməsi imkanlarını qiymətləndirməkdir. Bu zaman maliyyə yükü də nəzərə alınmalıdır və bunu məqsədəuyğun hesab edirik”.

Afaq Mirayiq,
Musavat.com

Chosen
52
musavat.com

1Sources