EN

Serhat Köksal: "QDTİB Orta Dəhliz boyunca səmərəli layihələri maliyyələşdirmək niyyətindədir" - MÜSAHİBƏ

Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrinin möhkəmləndirilməsi, dayanıqlı infrastrukturun inkişafı və maliyyə resurslarına çıxışın genişləndirilməsi Qara dəniz və Xəzər regionunda iqtisadi artımın əsas amillərinə çevrilir. Bunun fonunda Azərbaycan Orta Dəhlizin strateji qovşağı kimi rolunu ardıcıl olaraq gücləndirir, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi və "yaşıl enerji"yə keçid layihələrini təşviq edir.

Bu şəraitdə uzunmüddətli maliyyələşdirməni təmin etməklə yanaşı, həm də regional əməkdaşlığın yeni modellərini formalaşdırmaq qabiliyyətinə malik olan beynəlxalq maliyyə institutlarının da əhəmiyyəti artır. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) bu prosesdə xüsusi rol oynayaraq iştirakçı ölkələrdə infrastruktur və investisiya layihələrini dəstəkləyir, özəl sektorun inkişafına kömək edir.

QDTİB-nin prezidenti Serhat Köksal Bakıya səfəri zamanı "Far.Az"a müsahibəsində bankın Azərbaycandakı prioritetləri, Orta Dəhliz və "yaşıl keçid" çərçivəsində nəzərdən keçirilən layihələr, eləcə də Azərbaycanda maliyyə iştirakının genişləndirilməsi perspektivləri barədə danışıb.

Həmin müsahibəni oxucularımızın diqqətinə təqdim edirik:

- Azərbaycan 2026-cı ildə Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci illik Toplantısına ev sahibliyi etməyə hazırlaşır. Tədbirin keçiriləcəyi ilkin tarix artıq müəyyənləşibmi və gündəlikdə hansı prioritet məsələlər yer alacaq?

- Biz Bakıda illik toplantımızı və biznes forumumuzu təxminən iyunun sonu və ya iyulun əvvəlində keçirməyi planlaşdırırıq və hazırlıqlara artıq başlanılıb. Hazırda biz müvafiq dövlət qurumları, eləcə də Azərbaycanın biznes təşkilatları ilə əməkdaşlıq edirik. Bizim xüsusi qrupumuz da gündəliyin formalaşdırılmasına kömək etmək və tədbirlərin maksimum effektivliyini təmin etmək üçün yerli biznes nümayəndələri ilə sıx əməkdaşlıq edir.

Bu mərhələdə aparılacaq müzakirələrdə Azərbaycan üçün xüsusilə aktual olan iqtisadi şaxələndirmə və regional əlaqə kimi mövzular prioritet ola bilər. Lakin məsləhətləşmələrimiz davam etdikcə gündəlik də formalaşma prosesindədir.

Əsas məqsədimiz regionun qarşısında duran ən kəskin problemləri müzakirə etməklə yanaşı, həm də bu görüşlərin konkret nəticələrə və potensial layihələrə gətirib çıxarmasını təmin etməkdir. Biz bu prosesə böyük əhəmiyyət verir və Bakıdakı görüşlərin məzmunlu və səmərəli olması üçün tərəfdaşlarımızla intensiv şəkildə işləyirik.

- Azərbaycanın Avropa və Asiya arasında logistika qovşağı kimi artan rolunu nəzərə alaraq, iclas çərçivəsində Orta Dəhlizin inkişafı və ya "yaşıl enerji" və dayanıqlı infrastruktur layihələri ilə bağlı yeni sazişlərin imzalanması və ya təşəbbüslərin irəli sürülməsi planlaşdırılırmı?

- Azərbaycan Orta Dəhliz boyunca enerji, nəqliyyat və rəqəmsal kommunikasiyalar üçün əsas dəhliz kimi çox əlverişli mövqedədir. Biz xüsusilə də hazırkı geosiyasi vəziyyətdə bu marşrutun və onunla bağlı layihələrin Azərbaycan üçün strateji əhəmiyyətini tam dərk edirik.

Bank dəhliz boyunca səmərəli layihələri maliyyələşdirmək yolu ilə bu inkişafı dəstəkləmək niyyətindədir. Son bir həftə ərzində bizim bank qruplarımız Azərbaycanda qarşıda duran mühüm təşəbbüsləri, o cümlədən bərpa olunan enerji mənbələri, telekommunikasiya, nəqliyyat, logistika və digər prioritet sektorlardakı layihələri müzakirə etmək üçün müxtəlif yerli həmkarlarla görüşüblər.

Bildiyiniz kimi, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi mürəkkəbliyinə görə xeyli vaxt tələb edir. Buna görə də biz yaxın aylarda və illərdə bu layihələrin bəziləri üzərində işləri yekunlaşdırmağa ümid edirik.

- 2025-ci ilin sentyabrında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünüz zamanı QDTİB-nin ölkənin strateji infrastruktur layihələrində iştirakını müzakirə etdiniz. Söhbət məhz hansı istiqamətlərdən gedir? Liman infrastrukturu, dəmir yolları, logistika mərkəzləri və ya işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası sahəsində layihələr nəzərdən keçirilirmi?

- Hazırda bank Azərbaycanın bərpa olunan enerji sektorunda bir sıra imkanları qiymətləndirir. Ümid edirik ki, bu ilkin müzakirələr yaxın illərdə güclü yerli tərəfdaşlarla layihələrin maliyyələşdirilməsi ilə nəticələnəcək.

İnkişaf bankı olaraq biz infrastruktur layihələrinə üstünlük veririk və buna görə də qeyd etdiyiniz bütün sektorlar bizim üçün önəmlidir. İnanırıq ki, İqtisadiyyat Nazirliyi yanında yeni yaradılmış Dövlət-Özəl Tərəfdaşlığı (PPP) Departamenti tərəfindən hazırlanan PPP layihələri bizə infrastrukturun inkişafında daha fəal iştirak etməyə imkan verəcək.

Bu baxımdan artıq çox müsbət irəliləyişlər müşahidə olunur. Belə layihələrin həyata keçirilməsi güclü dövlət dəstəyi olmadan qeyri-mümkündür. Bu kontekstdə PPP çərçivəsində bir sıra prioritet infrastruktur layihələrinin təşviqində Azərbaycan hökumətinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndiririk.

İnanırıq ki, bu dəstəyin müsbət təsiri yaxın illərdə daha da nəzərə çarpacaq və mütləq Azərbaycandakı portfelimizdə öz əksini tapacaq.

- QDTİB ənənəvi olaraq qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir. Aqrobiznes və istehsal sektorları ilə yanaşı, növbəti iki il ərzində Azərbaycanda maliyyələşdirilməsi daha perspektivli hesab olunan strateji sahələr hansılardır?

- Əvvəllər qeyd edildiyi kimi, bank üçün ən böyük potensial PPP çərçivəsində həyata keçirilən layihələrdə, ilk növbədə, nəqliyyat, "yaşıl enerji", kommunal xidmətlər, su təchizatı və logistika kimi infrastruktur sektorlarında cəmləşib.

- Son illərdə bank istiqrazlar yerləşdirməklə beynəlxalq kapital bazarlarına uğurla daxil olub. QDTİB 2026-cı ildə də maliyyə bazarları vasitəsilə vəsaitin cəlb edilməsini davam etdirməyi planlaşdırırmı? İştirakçı ölkələrin milli valyutalarında, xüsusən də Azərbaycan manatı ilə istiqrazların buraxılması imkanları nəzərdən keçirilirmi?

- QDTİB 2026-cı ildə və gələcəkdə bazar maliyyələşdirməsini davam etdirmək və genişləndirmək niyyətindədir. Bankın 2026-cı ilin fevral ayında 350 milyon ABŞ dolları dəyərində etalon (bençmark) istiqrazların emissiyası ilə beynəlxalq kapital bazarlarına uğurla qayıdışı və qlobal miqyasda şaxələndirilmiş investor bazasından 2 milyard ABŞ dollarından çox sifariş cəlb etməsi QDTİB-nin uzunmüddətli maliyyələşdirmə strategiyasına uyğun olaraq seçilmiş kapital bazarlarında daimi iştirakını bərpa etmək niyyətindən xəbər verir.

Gələcəkdə bank öz bazar aktivliyini dəyişən maliyyələşdirmə ehtiyaclarına uyğunlaşdıraraq, müxtəlif valyutalarda, formatlarda və ödəmə müddətlərində balanslaşdırılmış və şaxələndirilmiş maliyyələşdirmə strukturunu qorumağı hədəfləyir.

İştirakçı dövlətlərin milli valyutalarında, xüsusilə Azərbaycan manatı ilə istiqrazlara gəldikdə, bu cür emissiya strateji olaraq gündəmdə qalır və bankın fəaliyyətinin təbii genişlənməsi kimi qiymətləndirilir.

- Bu baxımdan bank azərbaycanlı sahibkarlar üçün valyuta risklərini azaltmaq məqsədilə manatla kredit xətlərinin ayrılması imkanını nəzərdən keçirirmi? Azərbaycanda tərəfdaş banklar şəbəkəsinin genişləndirilməsi planlaşdırılırmı, yoxsa əsas diqqət mövcud maliyyə institutları üçün limitlərin artırılmasına yönəldiləcək?

- Bank yuxarıda qeyd olunan bütün variantları araşdırır. Faktiki olaraq QDTİB Azərbaycanın maliyyə bazarında iştirakının dərinləşdirilməsi üzərində fəal şəkildə işləyir. Bura həm mövcud tərəfdaş banklarla təkrar əməliyyatlar, həm də yeni tərəfdaşlarla əlaqələrin qurulması və ya bərpası daxildir.

Biz bir sıra banklar vasitəsilə ticarətin maliyyələşdirilməsi və KOB-ların kreditləşdirilməsini dəstəkləmək üçün yeni imkanları nəzərdən keçiririk. Kredit xətlərinin bir hissəsi yerli valyutada təqdim edilib və bu proses gələcəkdə də davam edəcək, son illərdə onların payı artmaqdadır. Ümid edirik ki, yerli valyutaya çıxışımızı genişləndirməklə ölkədəki bank və şirkətlərə valyuta riski olmadan resurslar təklif etməyə davam edə biləcəyik.

- QDTİB-nin 2023-2026-cı illər üçün ortamüddətli strategiyası bankın abunə kapitalının artırılmasının mühüm mərhələsini nəzərdə tuturdu. Bu prosesin gedişini necə qiymətləndirirsiniz? Yeni kapital bazasının formalaşdırılmasının demək olar ki, başa çatdığını və bankın əməliyyatları daha fəal şəkildə artırmağa hazır olduğunu demək olarmı?

- Regiondakı ümumi geosiyasi vəziyyətlə əlaqədar kapital artımında müəyyən ləngimələr yaransa da, hazırda artım təsdiqlənib və ödənişlər 2027-ci ildən etibarən səkkiz bərabər hissə ilə həyata keçiriləcək. Kapital artımına olan tələb təklifi üstələyib ki, bu da səhmdarların quruma sadiqliyini və daha geniş Qara dəniz regionunda iqtisadi inkişaf və əməkdaşlığa töhfə vermək istəyini bir daha təsdiqləyir.

- Regionun nəqliyyat dəhlizlərinin inkişafından enerji keçidinə qədər irimiqyaslı investisiya ehtiyaclarını nəzərə alsaq, Rəhbərlər Şurası növbəti 2-3 il ərzində bankın kapitalının artırılmasının yeni raundunu nəzərdən keçirirmi?

- Bankın bu yaxınlarda başa çatmış kapital artımı proseduru çərçivəsində növbəti səkkiz il ərzində kapital daxilolmalarını gözlədiyini nəzərə alaraq, yaxın 2-3 il ərzində yeni raundun keçirilməsini gözləmirik.

- Azərbaycan ənənəvi olaraq QDTİB-nin ən intizamlı səhmdarlarından biri hesab olunur. Ölkə bu günə qədər kapitallaşma çərçivəsində səhm ödənişləri üzrə bütün öhdəliklərini yerinə yetiribmi?

- Daha əvvəl də qeyd edildiyi kimi, yeni ödənişlərə 2027-ci ildə başlanmalıdır. Azərbaycan öz öhdəliklərini həmişə tam həcmdə yerinə yetirib və bu illər ərzində bankın kapitalındakı payını tədricən 2 %-dən 5 %-ə çatdırıb. Biz ölkənin 2027-2034-cü illər ərzində öz öhdəliklərini tam şəkildə icra edəcəyini gözləyirik.

Chosen
43
far.az

1Sources