EN

“Trabzonspor”un təklifi motivasiyamı yüksəltdi” - Aral Şimşir Danimarkada son mövsümünü keçirdiyini düşünür

Danimarka təmsilçisi “Midtüllann”ın şərəfini qoruyan türkiyəli Aral Şimşir “HT Spor” kanalına açıqlamalar verib. 23 yaşlı vinger Danimarkada doğulub və “Midtüllann”ın yetirməsidi.

"Football-plus.az" xəbər verir ki, o, Danimarkanın aşağı yaş qruplarından ibarət yığmalarında forma geysə də, əsas yığmada Türkiyəyə üstünlük verib. Ötən ilin noyabrında Vinçentso Montella tərəfindən ilk dəfə “ay-ulduzlular”ın heyətinə dəvət alıb. İstedadlı futbolçu bu mövsüm öz oyunuyla diqqəti çəkir və 39 rəsmi oyunda hesabına 11 qol, 18 məhsuldar ötürmə yazıb. “Trabzospor” ötən yay onu ala bilməsə də, bu yay yenidən cəhd edəcək.

Aral Şimşiri dinləyək:

“Əslində futbola gec – təxminən 9 yaşımda başladım. Atam o yaşdan tez futbola getməyimi istəmirdi. Məni ilk dəfə dostumun atası görərək kəşf etdi. Məktəbdə oyunumu görmüşdü. Akademiyada çalışırdı və məni ora dəvət etdi. Orda 2,5 il, sonra həmin bölgənin başqa akademiyasında 1,5 il oynadım. Sonra eşitdim ki, doğulduğum bölgənin ən güclü uşaqlarını toplayırlar və ilyarım da orda oynadım. 15 yaşıma çatanda məni, demək olar, Danimarkanın bütün klubları istəyirdi. Bu mövsümdəki sabit oyunumun və yaxşı performansımın əsas səbəbi özümü zədələrdən qorumağımdı. Hələ zədələnməmişəm. Danimarka çempionatının maddi imkanları Türkiyə futbolundakı maddi imkanlarla bir deyil. Bura heç vaxt Osimhen və ya Sane kimi futbolçuları gətirə bilməzsən. Amma digər tərəfdən, burda oyun intizamı ən yüksək səviyyədədi. Burda heç bir futbolçu özünü komandadan üstün saya bilməz. Oyun tərzim İspaniya futboluna daha yaxındı. Açığı, orda oynamaq istərdim. Atam mənə həmişə “harda xoşbəxtsənsə, orda da oyna” deyir. Seçim imkanım olsa, İspaniya çempionatına üstünlük verərəm. Özümə ən çox örnək saydığım iki futbolçu var. Biri Messi, digəri Azardı. Azar ilə həm bədən quruluşumuz, həm də oyun tərzimiz çox bənzəyir. Onu həmişə diqqətlə izləyirdim. Necə driblinq etdiyinə və necə məhsuldar ötürmələr verdiyinə baxırdım. Əsas hədəfim daha böyük çempionata və daha böyük kluba yollanmaqdı. Ötən yay “Trabzonspor”dan təklif aldım. “Trabzonspor” Türkiyənin böyük klublarından biridi. Onların mənimlə əlaqə saxlaması, xidmətimdə maraqlı olması motivasiyamı çox yüksəltdi. Bu yay nələr olacağını birlikdə görəcəyik. Böyük ehtimalla “Midtüllann”da son mövsümümü keçirirəm. Bu səviyyəmi davam etdirə bilsəm, çox güman, yayda ayrılacam. Türkiyə yığmasının rəsmiləri mənə zəng vuranda düşünmədən razılıq verdim. O ərəfədə “Midtüllann”ın heyətində gənclər liqasında “Trabzonspor”la qarşılaşmışdıq. Bir neçə gün sonra Türkiyənin U-21 komandasının o dönəmdəki baş məşqçisi Tolunay Kafkas zəng vuraraq “səni komandada görmək istəyirik. Biz hər şeyi həll edəcəyik. Gəlmək istəyirsənmi”, - deyə soruşdu. Bir saniyə də düşünmədim. Çünki bu da mənim ən böyük arzularımdan biri idi. Qısa müddət sonra artıq komandanın düşərgəsindəydim. U-21-də oynayandan sonra mənə danimarkalılardan da zəng gəldi. Dedilər ki, artıq Danimarkanın gənclər yığmasına geri dönə bilməyəcəksən. Mən də dedim ki, qaydalardan xəbərim var. Səfərdə Türkiyə klublarından “Fənərbaxça” ilə qarşılaşmaq istərdim. Ötən mövsüm onlara qarşı oynamışdıq. Amma onları evdə qəbul etmişdik. Mən isə səfərdə, 50 min azarkeşin önündə oynamaq istərdim”.
Chosen
27
1
football-plus.az

2Sources