EN

Şahin Diniyev: “Futbolçu kimi ən böyük səhvimi “Neftçi”də etdim” - MÜSAHİBƏ + FOTO

“Uğur da gördüm, səhvlər də etdim amma ən böyük dərsləri məhz uduzanda aldım”.

Bu sözləri Azərbaycan futbolunun tanınmış simalarından olan Şahin Diniyev karyerası, həyatı və futbolumuzla bağlı fikirlərini futbolinfo.az-a bölüşərkən deyib.

Həmin müsahibəni təqdim edirik.

- Uşaqlığınız və futbola gəlişiniz necə olub?

- Beyləqanda böyümüşəm. O vaxt şərait yox idi, taxtadan qapı düzəldib futbol oynayırdıq. Hətta qışda hokkey də oynayırdıq. Futbola gəlişim təsadüf oldu - qardaşım məşqçi Vladimir Qalaktionovla tanış oldu və məni Bakıya gətirdilər. Beləcə internat məktəbində futbolun əsaslarını öyrəndim.

- Karyeranızda dönüş nöqtəsi hansı olub?

- “Neftçi”də əsas komandaya düşmək şansım var idi, amma səhv etdim. Sevincdən həyəcanlandım, düzgün addım atmadım və o fürsəti qaçırdım. Həmişə deyirəm ki, bu, karyeramın ən böyük səhvlərindən biridir.

- “Kəpəz” və digər klublardakı çıxışınızı necə xatırlayırsınız?

- “Kəpəz”də ən yaxşı illərimdən birini keçirdim. Azarkeş dəstəyi inanılmaz idi. Sonra “Nistru”, “Terek” kimi klublarda oynadım. Hər yerdə fərqli təcrübə qazandım.

- Legioner həyatı necə başladı?

- “Terek”də uğurlu çıxışımdan sonra İsrailə getdim. Əvvəlcə çətin idi, amma sonra uyğunlaşdım. Orada peşəkar yanaşmanı gördüm - futbolçuya maksimum şərait yaradılırdı. 4 il İsraildə oynadım.

- Karyeranızı bitirməyinizə səbəb nə oldu?

- Ağır zədə aldım. Hətta böyük təkliflər olsa da, fiziki durumum imkan vermədi. Bu zədə karyeramın sonu oldu.

- Milli komandadakı dövrünüzü necə dəyərləndirirsiniz?

- Çətin dövr idi. Şərait yox idi, bəzən oyuna öz hesabımıza gedirdik. Amma millidə oynamaq və kapitan olmaq böyük qürurdur.

- Məşqçi kimi ən yaddaqalan mərhələ hansıdır?

- “Terek”də baş məşqçi kimi işlədiyim dövr çox yaddaqalandır. Komandanı sıfırdan qurduq və yaxşı nəticələr qazandıq.

- “Qarabağ” və “Kəpəz”dəki məşqçilik dövrünüz barədə nə deyə bilərsiniz?

- “Qarabağ”la avrokuboklara vəsiqə qazandıq. “Kəpəz”də də məhdud büdcə ilə uğurlu nəticələr əldə etdik. Maliyyə ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

- Azərbaycan futbolunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Problemlər çoxdur. Limitin ləğvi yerli futbolçulara mənfi təsir edib. Gənclərin futbola marağı azalır. Bu, gələcəkdə daha ciddi problemlər yaradacaq.

- Övladlarınızın futbol karyerasından razısınız?

- Bəli. Hər ikisi yaxşı yol keçdi. Coşqun daha istedadlı idi, Kərim isə zəhmətkeş.

- Şəxsi həyatınızda ən ağır hadisə nə olub?

- Avtomobil qəzasında həyat yoldaşımı itirdim. Bu, həyatımın ən ağır dönəmi idi. Uşaqlara görə özümü toparladım.

- Gələcək planlarınız nədir?

- Yenidən məşqçi kimi işləmək istəyirəm. Amma artıq daha sakit və normal şəraitdə çalışmaq istəyirəm.

İdman.Biz
Chosen
26
1
idman.biz

2Sources