A.İbrahimov qeyd edib ki, dövlət pensiya fondundan fərqli olaraq özəl pensiya fondlarında könüllülük və seçim azadlığı mövcuddur: “Yəni bu sistem məcburi deyil. Vətəndaş özü qərar verəcək ki, özəl fonda qoşulsun ya yox, nə qədər vəsait yönəltsin və hansı fondu seçsin. Bu isə maliyyə azadlığını artırır. Bu model Azərbaycanda da tətbiq olunarsa və vətəndaşlar da bu fondlara müraciət edərsə, bu pensiya sisteminin şaxələndirilməsi (diversifikasiya) və köklü islahatlara səbəb ola bilər. Hazırda əsas yük dövlət üzərindədir. Özəl fondların yaradılması bu yükü bölüşdürəcək və sistemin uzunmüddətli dayanıqlığını artıracaq”. İqtisadçının sözlərinə görə, belə özəl fondların dünya praktikasında uzunmüddətli maliyyə planlaşdırması imkanı olur. Bu da vətəndaşların daha erkən yaşdan öz gələcək pensiyalarını planlaşdırmasına və yığım mədəniyyətini formalaşdıra bilməsinə imkan yaradır: “Dünya praktikasında özəl pensiya fondları dövlət sisteminə alternativ deyil, onu tamamlayan mexanizmdir. Yəni məqsəd rəqabət yox, əlavə sosial təminat imkanları yaratmaqdır. Azərbaycanda belə fondların yaradılıb-yaradılmaması qərarını vermək üçün, məncə, ciddi araşdırma, sosial-iqtisadi əsaslandırma və sorğuların keçirilməsi labüddür”. Sevinc İbrahimzadə / Metbuat.az