EN

Trendyol və Temu dan alış veriş edənlər oxusun Sifarişlərdə problem...

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın Şərqdə artan gərginlik fonunda beynəlxalq daşımaların çətinləşdiyi, marşrutların dəyişdiyi və əlavə xərclərin yarandığı bildirilir. Bu vəziyyətin bazarda bəzi məhsulların qiymətinə və mövcudluğuna təsir etdiyi qeyd olunur.

Bəs mövcud logistika problemləri “Trendyol” və “Temu” kimi platformalardan sifarişlərə nə dərəcədə təsir edə bilər? Çatdırılma müddətində gecikmələr və ya qiymət artımı gözlənilirmi?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, müharibələr qlobal logistika sisteminə real təsir göstərən faktordur:

“Bu zaman bəzi marşrutlarda tam dayanmalar yaşandığı üçün alternativ marşrutlara yönəldilmələr baş verir, nəticədə çatdırılmaların müddəti uzanır və logistika xərcləri artır. Mövcud hərbi vəziyyət “Trendyol” və “Temu” kimi platformalardan sifarişlərə dolayı şəkildə təsir edəcək. Lakin daha dəqiq fikir bildirmək üçün sözügedən platformalardan sifarişlərin hansı marşrutlarla həyata keçirildiyinə diqqət yetirməliyik. Məsələn, Çindən Azərbaycana yük daşımaları bir neçə alternativ marşrut üzərindən paralel şəkildə həyata keçirilir. Ən strateji və geniş istifadə olunan marşrut “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”dir. Çindən yüklər dəmir yolu vasitəsilə Qazaxıstana və oradan da gəmilərlə Xəzər dənizi ilə Bakı-Ələt limanına çatdırılır. “Temu” tipli platformaların əsas logistik bazası məhz bu dəhlizdir. Bu marşrut hava yolundan ucuz olsa da, təxminən 12-18 gün vaxt sərf olunur.

Digər alternativ marşrut isə Çindən dəniz və ya dəmir yolu ilə Türkiyəyə, oradan isə Gürcüstan üzərindən Azərbaycana çatdırılmadır. Burada Türkiyə regional “hub” kimi çıxış edir, mallar əvvəl Türkiyədə anbarlanır, sonra Azərbaycana paylanır. Belə daşınmalar üçün təxmini 15-25 gün vaxt sərf olunur. Daha sürətli marşrut Çindən hava yolu vasitəsilə Dubay və ya İstanbula və oradan da Bakıya həyata keçirilən tranzit çatdırılmalardır. Bu marşrut yüksək dəyərlidir. Türkiyədən Azərbaycana yük daşımaları isə regional səviyyədə daha sabitdir və əsasən quru nəqliyyatı üzərindən həyata keçirilir. Amma bu da bir neçə fərqli marşrut və logistika modelinə bölünür”.

Vüsalə Əhmədova

İqtisadçı bildirib ki, əsas marşrut Gürcüstan üzərindən TIR-lar və ya dəmir yolu vasitəsilə Azərbaycana çatdırılmalardır:

“Eyni zamanda, havayolu ilə sürətli daşınmalar həyata keçirilir. “Trendyol” sifarişlərinin demək olar hamısı avtomobil yolu ilə həyata keçirilir, bu da təxmini 2-4 gün vaxt alır. “Temu” və “Trendyol” platformalarının istifadə etdiyi marşrutların heç biri birbaşa müharibə zonasına daxil deyil, bu səbəbdən yalnız dolayı iqtisadi və logistika risklərindən söhbət gedə bilər. Aktiv döyüş zonasından kənar olduğu üçün birbaşa hərbi risklər yoxdur. Lakin Yaxın Şərq, Cənub və Şimal marşrutları riskli olduğu üçün yük axını qeyd etdiyim alternativ yollara yönəldilir. Əlavə yüklənmə səbəbilə sərhəddə növbələr, gecikmələr, logistika sıxlığı yaşanır. Yəni çatdırılma bir qədər yavaşlaya bilər. Həmçinin müharibə səbəbilə enerji daşıyıcılarının qiyməti kəskin bahalaşıb, nəticədə yanacağın qiyməti artdığı üçün çatdırılma qiymətləri də artır. Xərclərin artması sistemi zəiflədir və buna iqtisadiyyatda “cost-push shock” (xərc təzyiqi şoku) deyirik”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
103
globalinfo.az

1Sources