Moderator.az saytına istinadən ain.az xəbər verir.
Xəbər verildiyi kimi, Bakıda doğuş keçirən qadın vəfat edib. Hadisə martın 15-də Sabunçu rayonundakı doğum evində baş verib. Paytaxt sakini, 1973-cü il təvəllüdlü (53 yaş) Mətanət Mirzəyeva əkiz uşaq dünyaya gətirdikdən sonra ölüb.
Qeyd edək ki, bu ay ana ölümü ilə bağlı daha iki xəbər yayılmışdı. Amma belə fikir də var ki, qadınlarda gec yaşlarda hamiləlik riskli hesab edilir. Son olayda bu amil nə dərəcədə rol oynaya bilərdi? Qadınlar üçün ən optimal və təhlükəsiz reproduktiv yaş dövrü hansıdır?
Mütəxəssislər bildirirlər ki, ana ölümlərinin səbəbləri müxtəlif olsa da, əsas risk faktorlarından biri qadının yaşıdır. Tibbi araşdırmalara görə, qadınlar üçün ən optimal və təhlükəsiz reproduktiv yaş dövrü 20-30 yaş aralığı hesab olunur. Daha geniş yanaşmada isə bu interval 25–35 yaş kimi göstərilir. Bu dövrdə həm ana orqanizmi hamiləliyə daha uyğun olur, həm də ağırlaşma riski minimum səviyyədə qalır.
Bunun əksinə olaraq, 35 yaşdan sonra hamiləlik tibdə artıq riskli hesab edilir. Yaş artdıqca qadın orqanizmində baş verən dəyişikliklər hamiləliyin gedişinə təsir göstərir. Bu dövrdə yüksək qan təzyiqi, şəkərli diabet, hormonal balans pozuntuları və digər yanaşı xəstəliklərin yaranma ehtimalı artır. Eyni zamanda, genetik anomaliyalar, düşük və ölü doğum riskləri yüksəlir. Xüsusilə 40 yaşdan sonra bu risklər daha da kəskinləşir və həm ana, həm də körpə üçün ciddi təhlükələr yarada bilir.
Digər tərəfdən, çox erkən yaşda, yəni 20 yaşdan əvvəl hamiləlik də təhlükəsiz hesab olunmur. Bu hallarda orqanizmin tam formalaşmaması səbəbindən müxtəlif ağırlaşmalar, o cümlədən erkən doğuş və infeksiya riski artır...
Beləliklə, həm erkən, həm də gec yaşda hamiləlik müəyyən risklər daşıyır. Lakin mütəxəssislər xüsusilə gec yaşda baş verən hamiləliklərdə risk faktorlarının daha ciddi nəzərə alınmalı olduğunu vurğulayırlar. Son hadisədə 53 yaş faktoru da bu baxımdan diqqət çəkir.

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:
“Əlbəttə, ana və uşaq ölümləri bütün ictimaiyyəti, o cümlədən tibbi ictimaiyyəti ciddi şəkildə narahat edən məsələlərdəndir. Bu, reproduktiv sağlamlıqla birbaşa bağlı olduğu üçün xüsusi diqqətlə araşdırılmalıdır. Baxaq, hər bir belə hadisənin əsasında nə dayanır? Əksər hallarda arzuolunmayan və ya planlaşdırılmamış hamiləliklər ön plana çıxır. Qadınlar hamilə qalır, lakin yanaşı xəstəliklərin – yəni komorbid vəziyyətlərin mövcudluğu nəzərə alınmır. Nəticədə yalnız doğuş ərəfəsində ginekoloqa müraciət edilir və məlum olur ki, bu hamiləlik tibbi baxımdan əks göstərişli olub. Belə hallara az rast gəlinmir. Ümumiyyətlə, bu gün Azərbaycanda tam fizioloji və problemsiz keçən hamiləliklər azdır. Hamiləliyin gedişində müxtəlif amillər – yaş faktoru, yanaşı xəstəliklər və digər risklər mühüm rol oynayır”.
Professor hesab edir ki, bu məsələdə ilk növbədə hər bir ölüm halı ayrı-ayrılıqda araşdırılmalıdır:
“Daha sonra bu hallar ümumiləşdirilərək statistik təhlil aparılmalıdır ki, əsas səbəblər müəyyənləşdirilsin. Bu mərhələ olmadan edilən müzakirələr ciddi və əsaslı sayıla bilməz. Hər bir ölüm hadisəsi, xüsusilə xəstəxana şəraitində baş veribsə, mütləq şəkildə araşdırılmalı, autopsiya aparılmalıdır. Ölümün səbəbi – istər mövcud xəstəlik, istər hamiləliyin ağırlaşması, istərsə də digər amillər – dəqiq müəyyən edilməlidir. Təəssüf ki, bəzi hallarda autopsiya aparılmır və bu da məsələyə yalnız ümumi yanaşma ilə kifayətlənməyə səbəb olur. Halbuki, problemin həlli məhz sistemli araşdırma və dəqiq təhlildən keçir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.