EN

Fitrə nə qədərdir və kimlər verməlidir?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ramazan ayının başa çatmasına sayılı günlər qalır və müsəlmanlar Ramazan Bayramı ərəfəsində ibadətlərini tamamlayırlar. Bu müqəddəs günlərdə vacib əməllərdən biri də fitrə zəkatının verilməsidir. Fitrə zəkatı oruc tutan hər bir müsəlmanın bayram namazından əvvəl yerinə yetirməli olduğu ibadət sayılır. Məqsəd cəmiyyətdə ehtiyacı olan insanlara dəstək olmaq və bayram sevincini hamı ilə bölüşməkdir. Din xadimləri fitrə zəkatının vaxtında və düzgün şəkildə verilməsinin vacibliyini xüsusi vurğulayırlar. Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, bayrama qədər bu dini borclarını yerinə yetirsinlər.Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.O bildirib ki, Ramazanın sonu yaxınlaşdıqca insanları düşündürən ən önəmli məsələlərdən biri də Fitrə zəkatı olur:“Fitrə zəkatı, fitrətin zəkatı, yəni insanın daxili aləminin, mənəviyyatının saflaşdırılması deməkdir. Bu ibadətin iki böyük əhəmiyyəti var. Birincisi, tutulmuş orucun qüsur və nöqsanlarını aradan qaldıraraq onu kamilləşdirir. Rəvayətlərə görə, Məhəmməd peyğəmbər buyurub ki, Ramazanda tutulan oruclar səmada asılı vəziyyətdə qalır və verilən fitrə zəkatı vasitəsilə Allah qatına yüksəlir. İkinci mühüm əhəmiyyəti isə ehtiyacı olan insanları sevindirmək, onları da bayram sevincinə şərik etməkdir. Fitrə zəkatının vaxtı da xüsusi önəm daşıyır. Bu zəkat Ramazan Bayramı namazından əvvəl verilməlidir və sübh azanından sonra verilməsi daha savab sayılır. Lakin zəkat veriləcək şəxs uzaqda olduqda, onu bayramdan bir və ya iki gün əvvəl, hətta Ramazan ayı ərzində də vermək mümkündür. Bununla belə, bayramdan sonra verilməsi məkruh hesab olunur və bəyənilmir. Fitrə zəkatını vermək müəyyən maddi imkanı olan insanlara vacib sayılır. İslam qaydalarına görə, təxminən 80 qram qızıl dəyərində sərvətə sahib olan şəxs zəngin hesab olunur və bu zəkatı verməlidir. Ailə başçısı evdə olan bütün üzvlərin istər böyük, istərsə də kiçik –fitrə zəkatını çıxarmalıdır”.O deyib ki, tarixi baxımdan fitrə zəkatı Peyğəmbər dövründə xurma, arpa, buğda və ya kişmiş şəklində, hər nəfər üçün təxminən 3 kilo miqdarında verilirdi:“Müasir dövrdə isə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu məbləğ pul formasında hesablanır və adətən 10-15 manat civarında müəyyən edilir. Bununla belə, imkanlı şəxslərin daha artıq yardım etməsi, ehtiyacı olan bir insanın bütün ehtiyaclarını qarşılayacaq səviyyədə fitrə verməsi daha təqdirəlayiq sayılır. Fitrə zəkatı verilərkən əsas şərtlərdən biri də niyyətdir. İnsan bu ibadəti yerinə yetirərkən Allahdan qəbul olunmasını diləməlidir. Verilən yardım qarşı tərəfə “fitrə zəkatı” kimi deyil, daha çox hədiyyə şəklində təqdim olunmalıdır. Peyğəmbərimiz buyurub ki, verən əl alan əldən daha xeyirlidir. Bu, insanların qazandıqca paylaşmağa, daha çox ehtiyac sahibinin qəlbini sevindirməyə təşviq olunduğunu göstərir”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
78
demokrat.az

1Sources