EN

Moskvanın qurduğu tələyə düşən azərbaycanlı nazirlər: “Qəhrəmanlar” bir gündə necə “satqın”a çevrildi

1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti yalnız xarici təzyiqlərin deyil, həm də daxildən yönləndirilmiş siyasi oyunların qurbanı oldu. Moskva bu oyunu ustalıqla qurdu. Əvvəlcə müəyyən simaları önə çəkdi, onları hakimiyyət strukturlarına yerləşdirdi, sonra isə həmin şəxslərin əli ilə xalqın müqavimət ruhunu sındırdı. Bu, klassik imperiya taktikası idi: əvvəl alət seçilir, sonra həmin alət də sıradan çıxarılır.

“Füqəra Füyuzatı” dərgisində dərc olunan şeirlər həmin dövrün ideoloji atmosferini açıq göstərir.

Bu mətnlər sadəcə ədəbi nümunə deyil, eyni zamanda siyasi sifarişin məhsuludur. Şeirlərdə təriflənən şəxslər bir növ yeni quruluşun “qəhrəmanları” kimi təqdim olunur. Onların obrazı ideallaşdırılır, adları mifləşdirilir, fəaliyyətləri isə xalqın xilası kimi qələmə verilir.

Əliheydər Qarayevi “mələkmənzərə hökmran”, Mirzə Davud Hüseynovu “kainatı münqad edən fikir sahibi”, Həmid Sultanovu isə “asayişin təminatçısı” kimi təqdim edən bu misralar əslində bir reallığı gizlədirdi. Bu reallıq isə xalqın iradəsinin zorla susdurulması, milli dövlətçiliyin məhv edilməsi idi. Hər bir şeir sətiri ideoloji təbliğatın incə forması idi və məqsəd sadə idi: yeni hakimiyyətin legitimliyini xalqın gözündə möhkəmləndirmək.

Amma tarix bu səhnəni uzun sürməyə qoymadı. Eyni sistem, eyni mərkəz bir müddət sonra həmin şəxsləri “xalq düşməni”, “vətən xaini” damğası ilə aradan götürdü. Dünənin “qəhrəmanları” sabahın “satqınları”na çevrildi. Bu, sovet totalitarizminin ən amansız və ironik tərəfi idi. Sistem öz yaratdığı kadrları belə bağışlamırdı.

Bu hadisələr bir daha göstərir ki, imperiyalar üçün fərdlər sadəcə vasitədir. Onlar lazım olanda yüksəldilir, işi bitəndə isə silinir. Azərbaycan tarixində bu dövr həm faciə, həm də dərs kimi qalır. Çünki bu hekayə yalnız keçmişə aid deyil, eyni zamanda gələcək üçün xəbərdarlıqdır.

Tarixə diqqətlə baxanlar üçün burada aydın mesaj var: xarici gücün qurduğu sistemdə qəhrəman olmaq mümkün deyil, yalnız istifadə olunmaq var.

Sonda sözügedən həmin “Füqəra Füyuzatı” dərgisinin 1921-ci il 3-cü sayından şeirləri təqdim edirik.

Daşnakların

ƏLİHEYDƏR QARAYEV

Bak şu Qarazadə Əliheydərə,
Töhfeyi-Şirvanə, mələkmənzərə.
Bəhri-Xəzər, xitteyi-Azərbaycan
Görməmiş ömründə belə hökmran.

Azərbaycan

MİRZƏDAVUD HÜSEYNOV

Çalış, Davud, Şərqi fikrü tədbirinlə azad et!
Nə Şərqi, kainatı ləhni-Davudunla münqad et!

Həmid

HƏMİD SULTANOV

Hüsni-rəftarı Həmidin isminə şayəstədir,
Əmnü asayiş bu yoldaş hökmünə vabəstədir.

Möhsün

MÖHSÜN İSRAFİLBƏYOV (QƏDİRLİ)
Suri-İsrafili çal, məxluqu qaldır qəbirdən,
Möhsüna! Məhşər qurulmuş kim, qiyam əyyamıdır.

Şəki

AĞAHÜSEYN KAZIMOV

Hüseyni-məsum, həmidəl-xüsal,
Təbibi-haziq, xələfi-bimisal.

Behbud

BEHBUD BƏY ŞAHTAXTLI

Behbud, əya naziri-ədliyyeyi-dövlət,
Səndən yetişir xəlqə bütün ədlü ədalət.
CƏMİL BƏY VƏZİROV

Əqli, hüsnü, hər bir əxlaqı cəmil, adı Cəmil,
Kommunimin rahına bir də bu yoldaşdır dəlil.

ƏLİ BAYRAMOV

Kommunizm uğrunda canından keçib qoymuş bir ad,
Bayramovdur, eləyək bu yoldaşı xeyr ilə yad.

Chosen
67
1
nocomment.az

2Sources