EN

İqor Qarafuliç: "BMT Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolunun gücləndirilməsinə kömək edəcək" – MÜSAHİBƏ

Sürətlə dəyişən qlobal gündəm fonunda - iqlim çağırışlarından tutmuş beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrin transformasiyasına qədər - Azərbaycan beynəlxalq institutlarla əməkdaşlığın yeni mərhələsinə tədricən keçid edir. BMT ilə 2026–2030-cu illər üzrə Əməkdaşlıq üçün Çərçivə Proqramının imzalanması tərəfdaşlığın sadəcə formal yenilənməsi deyil, vurğuların dəyişməsi barədə siqnal oldu: klassik inkişaf gündəmindən iqtisadi transformasiyanı, iqlim davamlılığını və ölkənin regional hab kimi rolunun gücləndirilməsini özündə birləşdirən daha kompleks modelə keçid.

BMT-nin Azərbaycandakı rezident- əlaqələndiricisinin səlahiyyətlərini müvəqqəti icra edən İqor Qarafuliç ilə müsahibədə əməkdaşlıq məntiqinin necə dəyişdiyi, əvvəlki dövrdən hansı dərslərin çıxarıldığı, BMT-nin öz iştirakında nəyə görə daha "hədəfli" yanaşma tətbiq etdiyi və hansı istiqamətlərin - nəqliyyat dəhlizlərindən tutmuş "yaşıl iqtisadiyyat"a qədər - yaxın beş ildə əsas olacağı müzakirə edilir.

Həmin müsahibəni oxucularımızın diqqətinə təqdim edirik:

-Sizin fikrinizcə, BMT və Azərbaycanın 2026-2030-cu illər üçün yeni Çərçivə Əməkdaşlıq Proqramını strateji dialoqun yenidən başlanğıcı kimi qiymətləndirmək olarmı? Yeni sənədin hazırlanması zamanı əvvəlki dövrün (2021-2025) hansı əsas dərsləri nəzərə alınıb?

-2025-ci il 24 oktyabr tarixində iqtisadiyyat naziri və BMT-nin rezident əlaqələndiricisi tərəfindən imzalanmış yeni BMT–Azərbaycan Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Proqramı (2026–2030) hökumət ilə BMT arasında tərəfdaşlıq və əməkdaşlığın yeni mərhələsinə keçidi ifadə edir.

Bu sənəd 33 illik güclü tərəfdaşlığa əsaslanır. Azərbaycanın yuxarı orta gəlirli ölkə statusu, eləcə də dəyişən milli prioritetlər və ehtiyaclar nəzərə alınmaqla, yeni proqram daha prioritet və strateji cəhətdən fokuslanmış xarakter alıb.

-Yeni proqram əvvəlkindən əsaslı şəkildə necə fərqlənir? Sosial gündəmdən iqtisadi transformasiya və dayanıqlı artıma doğru fokus dəyişikliyindən danışmaq olarmı?

- Yeni Çərçivə Sənədinin hazırlanması geniş və davamlı çoxtərəfli məsləhətləşmələrə əsaslanıb və ciddi təhlillərlə dəstəklənib ki, BMT-nin dəstəyi ehtiyaclara cavab versin və real təsir yaratsın.

Hazırda BMT-nin ölkə üzrə komandası müəyyən çərçivədə institusional iştirakla fəaliyyət göstərir və bu, regional və baş qərargah səviyyəsində BMT qurumlarının məqsədyönlü, tələbat əsasında göstərilən dəstəyi ilə tamamlanır. Çərçivə Sənədini imzalayan 12 qurumdan 7-si Azərbaycanda fiziki olaraq fəaliyyət göstərir, 5-i isə regional ofislərindən yaxud baş qərargahdan dəstək verir.

Bu yanaşma hökumətin BMT-nin daha çevik, operativ və ehtiyaclara uyğun fəaliyyət göstərməsi ilə bağlı tövsiyələrinə əsaslanır. Hazırda yeni Çərçivə Sənədinin 12 imzalayan qurumu olsa da, ehtiyac yarandıqda hökumətin digər BMT qurumlarından da spesifik dəstək istəyə biləcəyi nəzərdə tutulur.

Yeni Çərçivə Sənədi çərçivəsində BMT çoxtərəfli əməkdaşlıq və beynəlxalq tərəfdaşlığın təşviqində Azərbaycanın rolunu dəstəkləməyə davam edəcək, xüsusilə də ölkənin iqlim diplomatiyasındakı mühüm roluna diqqət yetiriləcək. Həqiqətən də, COP29 çərçivəsində BMT sistem üzrə əlaqələndirilmiş dəstəyi COP29 Sədrliyinə təqdim etməkdən qürur duyub və 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13), eləcə də Ümumdünya Ətraf Mühit Günü və İqlim Həftəsi üçün bu dəstəyi davam etdirməyi planlaşdırır.

Yeni Çərçivə Sənədi həmçinin mina fəaliyyətinin Azərbaycanda dayanıqlı inkişaf üçün vacib ilkin şərt olduğunu və Azərbaycanın Mina Fəaliyyəti üzrə milli Dayanıqlı İnkişaf Məqsədi – DİM 18-i qəbul etdiyini nəzərə alır. Keçmişdə olduğu kimi, BMT bu istiqamətdə Azərbaycanın səylərini, o cümlədən qlobal təşviqat, bilik mübadiləsi, tərəfdaşlıqlar və beynəlxalq əməkdaşlıq sahələrində dəstəkləməyə hazırdır.

Proqram baxımından yeni Çərçivə Sənədi iqtisadi, sosial və ekoloji gündəmləri daha sıx əlaqələndirən inteqrasiya olunmuş yanaşmanı tətbiq edir. Daha az sayda, lakin daha yüksək təsirə malik nəticə və məhsullarla BMT dəstəyi təşkilatın real əlavə dəyər yarada biləcəyi sahələrə yönəldiləcək. İcra baxımından isə BMT qurumları çoxillik birgə proqramlar vasitəsilə texniki ekspertiza və resursları birləşdirərək daha sıx əməkdaşlıq edəcəklər.

-Azərbaycanın milli prioritetləri, o cümlədən uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası və iqlim öhdəlikləri yeni proqramda hansı səviyyədə əksini tapır?

- Yeni Çərçivə Proqramının hazırlanması prosesi təxminən iki il əvvəl əvvəlki Çərçivə Sənədinin (2021–2025) xarici müstəqil qiymətləndirilməsi ilə başlayıb. Bu qiymətləndirmə Çərçivə Sənədinin milli inkişaf prioritetlərinə töhfə vermək baxımından qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olduğunu araşdırıb, əldə olunan dərsləri müəyyən edib və hansı istiqamətlərin gücləndirilə biləcəyi ilə bağlı tövsiyələr təqdim edib. Bu qiymətləndirmənin nəticələri yeni sənədin əsasını təşkil edib.

BMT həmçinin ölkədəki vəziyyəti, milli inkişaf prioritetləri və Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində əldə edilmiş müsbət irəliləyişləri, eləcə də mövcud əsas inkişaf çağırışlarını əhatə edən geniş Ümumi Ölkə Təhlili (Common Country Analysis) aparıb. Bu təhlil DİM-lər arasında qarşılıqlı əlaqələrin öyrənilməsini "Heç kəs kənarda qalmasın" (Leave No One Behind – LNOB) yanaşması, eləcə də SPECA ölkələrindəki BMT komandaları ilə birgə həyata keçirilmiş ticarət və enerji üzrə subregional analizi əhatə edir. Bütün təhlillər rəsmi hökumət məlumat və mənbələrinə əsaslanıb, eyni zamanda hökumətdən daxil olan bütün rəy və təkliflər nəzərə alınıb.

Hökumət və digər tərəfdaşlarla ilk məsləhətləşmə 2025-ci il yanvarın 31-də keçirilib və burada strateji prioritetlər müzakirə edilib. İkinci görüş 2025-ci il iyunun 5-də 12 dövlət qurumunun nümayəndələrinin iştirakı ilə baş tutub və bu görüşdə əməkdaşlığın iki strateji prioritet istiqaməti təsdiq edilib.

-Proqram inklüziv artım və iqlim dayanıqlığına xüsusi önəm verir. Sizin fikrinizcə, BMT dəstəyinin əsas benefisiarları hansı iqtisadi sektorlar olacaq – kənd təsərrüfatı, KOB-lar, rəqəmsal iqtisadiyyat, yoxsa "yaşıl enerji"?

-Birinci strateji prioritet istiqamət inklüziv sosial-iqtisadi artıma yönəlib. BMT hökumətlə birgə çalışaraq Azərbaycanda bütün insanların bərabər və yüksək keyfiyyətli xidmətlərdən, həmçinin innovativ və inklüziv iqtisadiyyatdan faydalanmasını təmin etməyə dəstək verəcək. Buna daxildir şəhər və kənd inkişafı üzrə sübuta əsaslanan siyasətlərin hazırlanması və icra potensialının gücləndirilməsi, balanslı şəhər-kənd inkişafını təşviq edən inklüziv şəhər siyasətlərinin dəstəklənməsi, mikro, kiçik və orta sahibkarlığın (MKOS) inkişafı, layiqli əmək və innovasiyanın təşviqi, həmçinin ticarət və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün nəqliyyat dəhlizlərinin inkişafına dəstək göstərilməsi, Azərbaycanın regional ticarət və nəqliyyat mərkəzi kimi rolunun gücləndirilməsi. Həmçinin datalara əsaslanan və insan yönümlü dövlət və sosial xidmətlərin, o cümlədən rəqəmsal həllər vasitəsilə göstərilməsi üçün milli potensialın artırılması nəzərdə tutulur.

İkinci strateji prioritet istiqamət "yaşıl artım" və iqlim dayanıqlığına həsr olunub. BMT Azərbaycanın daha yaşıl və dayanıqlı inkişaf modelinə keçidini dəstəkləyəcək. Buna daxildir iqlim və ekoloji risklərə hazırlıq üzrə siyasət və sistemlərin gücləndirilməsi, ədalətli keçid, təbii resurslara bərabər çıxış, onların davamlı istifadəsi və idarə olunması, iqlimə davamlı ekosistemlər və dövri iqtisadiyyat təşəbbüsləri üçün bütün səviyyələrdə potensialın artırılması, fərdlərin və icmaların ekoloji məsuliyyət və iqlim fəaliyyəti üçün zəruri bilik və bacarıqlarla təmin olunmasına dəstək göstərilməsi.

Qeyd etmək lazımdır ki, bu strateji prioritetlər birbaşa olaraq "Azərbaycan 2030" baxış sənədində müəyyən edilmiş milli prioritetlərlə uzlaşır. Eyni zamanda, Çərçivə Sənədi ümumi baxışla yanaşı, iqtisadi transformasiya və dayanıqlı artıma daha aydın yönəlməni əks etdirir, lakin insan yönümlü yanaşmanı da qoruyub saxlayır.

- Özəl sektor yeni beşillik proqramın icrasında hansı rolu oynayacaq? Bizneslər və beynəlxalq maliyyə institutları ilə yeni tərəfdaşlıq mexanizmləri nəzərdə tutulurmu?

- Tərəfdaşlıq baxımından yeni Çərçivə Sənədi vətəndaş cəmiyyəti, akademiya, gənclər, özəl sektor, media və inkişaf tərəfdaşları daxil olmaqla bütün maraqlı tərəflərlə əməkdaşlığı nəzərdə tutur. Xüsusilə, özəl sektor və beynəlxalq maliyyə institutları (BMİ) ilə daha sistemli əməkdaşlığın qurulması planlaşdırılır.

BMT hökumətə özəl investisiyaların cəlb edilməsinə kömək edən dialoqların təşkilində yardım etməyə və BMİ ilə birlikdə genişmiqyaslı maliyyələşdirmənin inklüziv və "yaşıl artım"a töhfə verməsi üzərində işləməyə davam edəcək.

Hazırda hökumət və BMT-nin ölkə komandası 2026-cı il üzrə birgə iş planını yekunlaşdırmaq mərhələsindədir. Ötən həftə İqtisadiyyat Nazirliyi ilə birgə təşkil olunmuş texniki səviyyəli görüşdə cari il üçün konkret fəaliyyətlər müzakirə olunub. Gözlənilir ki, birgə iş planı aprel ayının əvvəlində yüksək səviyyəli Birgə Rəhbər Komitə tərəfindən nəzərdən keçirilərək təsdiqlənsin.

-Sizin Rezident Əlaqələndiricinin səlahiyyətlərini müvəqqəti qaydada icra edən şəxs qismində mandatınız 2026-cı il iyul ayına qədər qüvvədə qalacaq. Bu müddət ərzində özünüz üçün hansı prioritetləri müəyyənləşdirmisiniz?

-Mənim fəaliyyət dövrüm üçün əsas prioritetlər aşağıdakılardır: yeni Çərçivə Sənədinin icrası üçün əsaslı təməlin təmin edilməsi, WUF13-ün uğurla keçirilməsi üçün hökumət və BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığın dəstəklənməsi, həmçinin hökumət və bütün tərəfdaşlarla, o cümlədən vətəndaş cəmiyyəti, akademiya, gənclər, özəl sektor, inkişaf tərəfdaşları və, əlbəttə ki, media ilə tərəfdaşlıqların daha da gücləndirilməsi daxildir.

-May ayında Azərbaycan Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcək. Bu tədbirə hazırlıq prosesi ilə tanış olmaq imkanınız olubmu? Forumda BMT hansı səviyyədə təmsil olunacaq?

-Biz çox məmnunuq, çünki WUF-un təşkili son dərəcə peşəkar səviyyədə həyata keçirilir. Mən şəxsən tədbirin keçiriləcəyi məkanı ziyarət etmişəm və hazırlıq işləri ilə yaxından tanış olmuşam. Kommunikasiyadan tutmuş məzmuna və təhlükəsizliyə qədər bütün məsələlərin əhatə olunduğunu gördüm.

Konfransın hər bir aspekti Azərbaycan hökuməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və əməliyyat şirkəti tərəfindən çox diqqətlə planlaşdırılıb. Bu, həqiqətən də çox mühüm bir tədbirdir və biz onun keçirilməsini səbirsizliklə gözləyirik.

BMT tərəfindən forumda ən yüksək səviyyədə təmsilçilik təmin olunacaq. BMT-Habitatın İcraçı direktoru Anaklaudiya Rossbax iştirak edəcək, həmçinin bir sıra Baş katibin müavinləri müxtəlif panel müzakirələrində və tərəfdaş tədbirlərdə çıxış edəcəklər.

Eyni zamanda, BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə Xüsusi Elçisi Jan Todtun panel müzakirələrinə qatılacağı təsdiqlənib. Bu mühüm tədbirdə belə yüksək səviyyədə iştirak etməkdən məmnunluq duyuruq və dəvətə görə təşəkkür edirik.

-Bildiyiniz kimi, Azərbaycan digər ölkələrin və beynəlxalq təşkilatların əməkdaşlarının İran İslam Respublikasından təxliyəsi prosesində dəstək göstərir. BMT bu səyləri necə qiymətləndirir?

-Biz Xarici İşlər Nazirliyi və Prezident Administrasiyası ilə güclü və effektiv əməkdaşlıq saxlayırıq. Martın 6-da Tehrandan bir neçə BMT əməkdaşı və onların ailə üzvlərinin müvəqqəti yerdəyişməsinin təmin edilməsinə görə Azərbaycana dərin minnətdarlığımızı bildiririk. Ümumilikdə, BMT ailəsinin 15 üzvü təhlükəsiz şəkildə sərhədi keçib.

Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqələrimdən sonra giriş icazələri operativ şəkildə təmin edildi və sərhəddə həmkarlarımızın təhlükəsiz və rahat keçidi üçün bütün zəruri dəstək göstərildi.

Ölkədən keçən həmkarlarla görüşmək imkanım oldu və onların sağlamlıq vəziyyətinin yaxşı olduğunu təsdiqləyə bilərəm. Eyni zamanda, bəzi BMT əməkdaşları Tehranda qalaraq həyati əhəmiyyətli fəaliyyətlərini davam etdirirlər. BMT-nin İrandakı Rezident Əlaqələndiricisi də yerində fəaliyyətini davam etdirir və ehtiyacı olanlara dəstək göstərmək üçün səylərini əsirgəmir.

Chosen
58
far.az

1Sources