EN

Şimal yarımkürəsində astronomik yaz başlayır

Cari ildə yaz fəsli şimal yarımkürəsinə, o cümlədən Azərbaycana 20 mart saat 18:46-da daxil olacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a bildirilib ki, yazın gəlişi yalnız iqlim dəyişikliyi ilə deyil, həm də astronomik hadisələrlə bağlıdır. Belə ki, Yerin fırlanma oxu orbital müstəviyə nisbətən təxminən 23.4° meyillidir. Fəsillərin yaranmasının əsas səbəbi məhz bu meyllilikdir. Yerin fırlanma oxunun meyli il boyu dəyişməz qalır və şimal qütbü həmişə qütb ulduzuna doğru yönəlir. Lakin Yer orbit üzrə hərəkət etdikcə, bu meyil Günəşə nisbətən dəyişir. İlin altı ayı ərzində şimal qütbü Günəşə doğru meylli olur və Günəş şimal yarımkürəsinin üzərində görünür. Qalan altı ayda isə cənub qütbü Günəşə doğru meyillənir və Günəş cənub yarımkürəsində olur. İldə iki dəfə isə Günəş birbaşa Yerin ekvatoru üzərində yerləşir. Bərabərlik nöqtələri adlandırılan bu nöqtələr göy ekvatoru ilə ekliptika müstəvisinin, yəni Yer orbitinin kəsişmə nöqtələridir. Yaz bərabərliyi adətən 20–22 mart, payız bərabərliyi isə 22–24 sentyabr tarixlərinə təsadüf edir. Bu gün gecə və gündüz bütün coğrafi enliklərdə bərabərləşərək təxminən 12 saat olur.

Bərabərlik günü Günəşin ekvatorial koordinatları — meyli (δ) və düz doğuşu (α) sıfıra bərabər olur və mənfi qiymətdən müsbətə keçir. Bu zaman Günəş tam şərqdə doğur və tam qərbdə batır. Astronomik olaraq yeni il yaz bərabərliyi nöqtəsindən hesablanır. Yaz bərabərliyi nöqtəsi Qoç bürcündə yerləşən xəyali bir nöqtə kimi qəbul edilir və Qoç bürcünün simvolu ilə işarə olunur. Lakin uzunmüddətli dövrdə Yerin oxunun pressesiyası səbəbindən bu nöqtə sürüşərək hazırda Balıqlar bürcünə keçmişdir.

Yaz bərabərliyi günü Azərbaycanda və dünyanın bir çox xalqlarının mədəniyyətində xüsusi yer tutur və müxtəlif adlar altında təntənəli şəkildə qeyd olunur. Azərbaycanda bu tarix Novruz bayramı kimi qeyd olunur və milli-mədəni dəyərlər kontekstində xüsusi əhəmiyyət daşıyır. “Yeni gün” mənasını verən Novruz təbiətin yenidən oyanışını və yeni həyat mərhələsinin başlanmasını simvolizə edir.

Chosen
7
azedu.az

1Sources