EN

Azərbaycanda sayt açıb, qızları satışa çıxardılar – Qanun nə deyir? 

Azərbaycanda son illər internet məkanının sürətli liberallaşması və rəqəmsal xidmətlərin çeşidlənməsi fonunda qanunvericiliyin boşluqlarından və texniki çətinliklərdən yararlanmağa çalışan bəzi platformalar cəmiyyətin mənəvi sütunlarını və hüquqi qaydaları hədəfə alır.

Xüsusilə “eskort xidməti” adı altında fəaliyyət göstərən, əslində isə açıq şəkildə cinsi əlaqə təklifləri və müxtəlif qiymətli intim xidmətləri kataloqlaşdıran saytların artması ciddi narahatlıq doğurur.

Bu saytların girişində yerləşdirilən “biz yalnız reklam platformasıyıq”, “istifadəçilərin hərəkətlərinə görə məsuliyyət daşımırıq” və ya “saytdakı elanlar fərdi şəxslərə məxsusdur” kimi xəbərdarlıqlar, əslində, hüquqi məsuliyyətdən yayınmaq üçün hazırlanmış uğursuz bir manipulyasiya cəhdidir.

Beynəlxalq təcrübədə və Azərbaycanın milli qanunvericiliyində “vasitəçilik” və “şərait yaratma” anlayışları kifayət qədər geniş interpretasiya olunur ki, bu da həmin sayt administratorlarının birbaşa cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər hüquqi zəmin yaradır. İnformasiya sahibi olan və həmin məlumatın yayılmasından maddi mənfəət əldə edən hər bir platforma, məzmunun qanuniliyini yoxlamaq öhdəliyi daşıyır.

Hüquqşünas Elşad İsayev məsələni NOCOMMENT.az-a şərh edərək bildirib ki, bu cür platformaların fəaliyyəti bir neçə maddə ilə ağır cinayət tərkibi yaradır:

“İlk növbədə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsız yuvalar saxlama) və 171-ci (Fahişəliyə cəlb etmə) maddələrinə diqqət yetirməliyik. Bu saytlar mahiyyət etibarilə virtual əxlaqsız yuva funksiyasını yerinə yetirir. Sayt rəhbərliyinin ‘məsuliyyət daşımırıq’ deməsi hüquqi baxımdan absurd bir yanaşmadır. Əgər siz bir cinayətin törədilməsi üçün texniki infrastruktur qurursunuzsa, həmin cinayət iştirakçılarından elan haqqı adı altında və ya digər yollarla ödəniş alırsınızsa, siz artıq həmin cinayətin təşkilatçısı və ya köməkçisi statusundasınız. Azərbaycan qanunvericiliyinə görə, qanunsuz məzmunun (fahişəlik, narkotik təbliği, nifrət nitqi və s.) yayılmasına imkan verən informasiya vasitəçisi, bu məzmundan xəbərdar olduğu halda onu silmirsə və ya fəaliyyətini dayandırmırsa, tam məsuliyyət daşıyır”.

Onun sözlərinə görə, belə saytlara qadağa qoyulması məsələsinə gəldikdə, bu, dövlətin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu ilə tənzimlənir:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məhkəmə qərarı olmadan belə, cəmiyyətin mənəviyyatına, uşaqların inkişafına zərər vuran və qanunsuz xidmətləri təbliğ edən resursları 24 saat ərzində bloklamaq səlahiyyətinə malikdir. Burada əsas problem həmin saytların tez-tez domen (ad) dəyişməsidir. Lakin hüquq-mühafizə orqanları, xüsusən DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu şəbəkələrin maliyyə izlərini və texniki administratorlarını müəyyən etmək üçün kifayət qədər resursa malikdir.

Vətəndaşlarımız bilməlidir ki, bu saytlardan istifadə etmək və ya orada məlumat yerləşdirmək təkcə inzibati xəta deyil, həm də gələcəkdə şantaj və digər ağır cinayətlərin qurbanı olmaq riskini yaradır. Hüquqi dövlətdə internetin ‘nəzarətsiz zona’ olduğu illüziyasına qapılmaq olmaz; hər bir klik və hər bir qazancın hüquqi hesabatı var”.

Tunar 

NOCOMMENT.az 

Chosen
68
nocomment.az

1Sources