“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Olduqca ağır oyun keçdi. Futbolçularımın göstərdiyi əzmkarlıqdan, intizamdan razı qaldım. Bu gün qələbə qazanmasaydıq da eyni sözləri deyəcəkdim. Yevlaxda “Karva”a qarşı oynamaq çətindir. Bu gün bunu yaşadıq. Son turlarda “Karvan”ın oyununda irəliləyiş var. Çoxlu qol epizodumuz oldu. Bu qədər fürsəti qaçıranda qələbə qazanmaq çətin olur. Bir anlıq elə düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Amma futbolçular sona qədər inandılar, əzmkarlıq göstərdilər. Çox vacib 3 xal qazandıq.
Bu mövsüm iki dəfə “İmişli” ilə, bir dəfə “Kəpəz”lə, bir dəfə də “Şamaxı” ilə matçda xal itirmişik. “Şamaxı”nı zəif komanda hesab etmirəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Belə olan halda bizə də bu komandalar üzərində qələbə qazanmaq çətin olur. Əvvəlki mövsümlərdə aşağı pillələrdə gedən rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu”.
Rəşad Sadıqov komandasının avrokuboklara vəsiqə qazanmaq şanslarını da dəyərləndirib:
“Əsas izləyicilərimizin mövsümün gedişində bizə çatmağa çalışacağını gözləyirdik. Qış fasiləsində futbolçulara da demişdik ki, avrokuboklara vəsiqə qazanmaq asan olmayacaq. Hər oyun vacibdir. Kimin harada xal itirəcəyi bilinmir. Yarış sona kimi bu şəkildə gedəcək. Şəxsi fikrimdir, bu mövsüm avrokuboklara vəsiqə qazanmasaq, bunu, məşqçi olaraq uğursuz hesab edəcəyəm. Amma bir daha qeyd edirəm ki, bu il rəqiblərimiz daha güclüdürlər. Bunu da nəzərə almaq lazımdır. Müasir futbolda yeni dəb yaranıb – standart vəziyyətlər. Əvvəl də var idi, amma bu qədər deyildi. Hansısa oyuna rahat hazırlaşa bilmirsən. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Başa düşürük ki, bizi çox ciddi rəqabət gözləyir”.
