AZ

Yüksək Liqa: Müntəzəm mövsüm bitdi, pley-off cütləri bilindi – ARENA.AZ

Qadın voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illərin müntəzəm mövsümü başa çatıb.

Arena.az xəbər verir ki, son olaraq bu gün 18-ci turun daha bir oyunu keçirilib.

“Abşeron” komandası səfərdə “Gəncə” ilə üz-üzə gəlib. Gəncə İdman Sarayında baş tutmuş qarşılaşma “Abşeron”un 3:2 (25:21, 23:25, 23:25, 25:18, 15:13) hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, turun daha əvvəl keçirilmiş oyunlarında “Azərreyl” “Gənclər”i 3:0, “DH Volley” “Milli Aviasiya Akademiyası”nı 3:2, “Turan” isə “Murov”u 3:1 hesabı ilə məğlub etmişdi.

Beləliklə, müntəzəm mövsümün nəticələrinə əsasən “Turan” (45 xal), “DH Volley” (40 xal), “Milli Aviasiya Akademiyası” (30 xal), “Gəncə” (27 xal), UNEC (23 xal), “Abşeron” (21 xal), “Azərreyl” (21 xal) və “Murov” (9 xal) pley-off mərhələsində iştirak hüququ qazanıblar. Xal toplamadan sonuncu olan “Gənclər” isə mübarizəni dayandırıb.

Pley-off mərhələsində 1/4 final və yarımfinallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları martın 27-də start götürəcək.

Pley-off mərhələsinin cütləri:

“Turan” – “Murov”
“DH Volley” – “Azərreyl”
“Milli Aviasiya Akademiyası” – “Abşeron”
“Gəncə” – UNEC

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
35
9
arena.az

10Mənbələr