EN

Aktyorun kartı qarət olundu AÇIQLAMA KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Sumqayıt Dövlət Teatrının aktyoru Elmir Mehdiyevin Bank of Baku-ya məxsus taksit kartının hesabına gecə saatlarında qeyri-qanuni şəkildə giriş olub.

Hadisə ilə bağlı KONKRET.az-ın redaksiyasına müraciət edən aktyor Elmir Mehdiyev bildirib ki, son zamanlarda heç bir onlayn ödəniş həyata keçirməyib. Buna baxmayaraq onun hesabında şübhəli əməliyyatlar qeydə alınıb. Hissə-hissə olmaqla, ümumilikdə 600 manata yaxın pulu mənimsənilib. Aktyor məsələ ilə bağlı banka müraciət etdikdə, ona deyilib ki, bank kartına Londondan daxil olublar.

Məsələ ilə bağlı Bank of Baku-nun mətbuat şöbəsi ilə əlaqə saxladıq. Bankdan KONKRET.az-a açıqlamada deyilib:

“Mehdiyev Elmir Emin oğlunun bütün məlumatlarının araşdırılması üçün aidiyyəti üzrə yönləndirmə etdik. Eyni zamanda vətəndaşla da əlaqə saxladıq. Problemin həlli yönündə işlər aparılır”.

Elvin Abbasov

Hadisə ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib:

“Elmir bəyin başına gələn bu hadisə kiberdələduzluğun “kart məlumatlarının oğurlanması” (carding) növünə klassik bir nümunədir. Kart məlumatları mütləq həmin an edilən ödənişlə deyil, daha əvvəl daxil edilən saxta bir saytdan, abunəlik sistemindən və ya kartın kopyalanmasından (skimming) sızmış ola bilər; dələduzlar çox vaxt bu məlumatları “qara bazardan” alıb, gecə saatlarında kiçik məbləğlərlə “test” edərək vəsaiti hissə-hissə mənimsəyirlər. Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq çərçivəsində bu cür qlobal şəbəkələr izlənilsə də, Londondan edilən girişlər çox vaxt VPN vasitəsilə izləri gizlətmək məqsədi daşıyır”.

Vətəndaşlar özləri bank hesablarını qorumaq üçün hansı tədbirləri görə bilər sualını mütəxəssis belə cavablayıb:

“Vətəndaşlar kartlarını qorumaq üçün ilk növbədə 3D Secure (SMS təsdiq) xidmətinin aktivliyini yoxlamalı, lakin daha etibarlı bir texniki addım kimi bank tətbiqində onlayn ödəniş limitlərini “0” (sıfır) saxlamağa vərdiş etməlidirlər. Yalnız ödəniş edəcəyiniz an limiti açıb sonra bağlamaq və ya internet alış-verişləri üçün ayrıca, balansı boş saxlanılan bir Virtual Kart istifadə etmək ən güclü müdafiə üsuludur. Həmçinin, tətbiq üzərindən “Xarici ölkələrdə ödənişləri blokla” funksiyasını aktivləşdirmək bu kimi beynəlxalq hücumların qarşısını dərhal alır, çünki bu halda bank sistemi xaricdən gələn sorğuları avtomatik rədd edir”.

Hadisə ilə bağlı KONKRET.az-a açıqlama verən bank üzrə mütəxəssis-ekspert, hüquqşünas Əkrəm Həsənov deyib:

“Hər bir bank Mərkəzi Bankın qaydalarına əsasən, şübhəli saydığı əməliyyatları dayandırmalıdır. Ard-arda pul çıxılıbsa, avtomatik sistem onu saxlamalıdır. Vətəndaşın hesabından birdəfəyə 600 manatın çıxarılması adi haldırsa, belə olan təqdirdə, bankın sistemi bunu dərhal bloklaya bilmir. Belə məsələlər məhkəmə sistemində ən çətin problemlərdəndir. Onun kartından pulun çıxarılmasında vətəndaşın günahı varmı, haradasa kart məlumatlarını yerləşdiribmi deyə, araşdırılmalıdır. Əksinə, xakerlər bankın informasiya sisteminə də daxil ola bilər. Bizdə bu araşdırmalar ağır məsələdir”.

Vətəndaşlara məsləhət verən mütəxəssis qeyd edib ki, şübhəli bilinən saytlardan alış-veriş etməsinlər. Yaxud da əsas kartınızla ödəmə aparmayın.

Dəniz Pənahova

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
54
1
konkret.az

2Sources