Dünən Qlobal Təkrar Emal Günü ilə əlaqədar Qarabağ və Şərqi Zəngəzur rayonlarında şagirdlər üçün “Tullantı kimi deyil, resurs kimi düşün” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov QHT.az-a olan açıqlamasında tullantıların təkrar emalının həm ekoloji, həm də iqtisadi baxımdan əhəmiyyətli olduğunu bildirib.
Rövşən Abbasov qeyd edib ki, tullantıların təkrar emalı təbiətə düşən yükün azaldılmasına xidmət etməklə yanaşı, onların yenidən resurs kimi istifadəsinə imkan yaradır. Onun sözlərinə görə, bu cür idarəetmə yanaşmaları bir çox hallarda müsbət nəticələr verir.
R.Abbasovun sözlərinə görə, tullantıların azaldılmasının əsas yolu vətəndaş məsuliyyətinin artırılmasından keçir. O bildirib ki, əgər insanlar yaratdıqları tullantıların təbiətə təsirlərini daha yaxşı dərk etsələr, bu sahədə davranışlarını dəyişə bilərlər. Ekspert vurğulayıb ki, “əgər vətəndaşlar onların yaratdığı tullantıların təbiətdə hansı nəticələr verəcəyini bilsə idilər, təbii ki, onlar bu qədər tullantılar yaratmazdılar”.
Ekspertin fikrincə, maarifləndirmə tədbirləri, xüsusilə gənclərin təlim-tərbiyəsi bu istiqamətdə mühüm rol oynayır və bu cür təşəbbüslər dəstəklənməlidir.
Rövşən Abbasov həmçinin bəzi təşəbbüslərin adlandırılması ilə bağlı iradını da diqqətə çatdırıb. O bildirib ki, “tullantı kimi deyil, resurs kimi düşün” kimi sloqanlar müəyyən hallarda yanlış təsəvvür yarada bilər.
R.Abbasovun sözlərinə görə, bu cür ifadələr şüuraltı olaraq tullantıların daha çox yaradılmasının resursların artması kimi qəbul edilməsinə səbəb ola bilər. Ekspert hesab edir ki, bu səbəbdən belə təşəbbüslər üçün daha uyğun və dəqiq adların seçilməsi məqsədəuyğun olardı.
Fatimə Nəbiyeva