EN

“Trol deyiləm, amma başçını müdafiə etmək haqqım var”

Bir İH başçısı işdən çıxarılanda və qoluna açar-kilidli “bilərzik” taxılaraq içəri aparılanda, bir qayda olaraq, sonra müəllimin varidatı, iş üslubu barədə də xoşagəlməz informasiyalar yayılır.

Bu məqamda qədirbilən xalqımızın bir hissəsi adamı tutduranlara, tutanlara, istintaqını aparanlara, cəza kəsənlərə bir söz demir, amma xəbər yazan jurnalistlərə bəzi şeylər püskürürlər: “Vəzifədə işləyəndə niyə yazmırdınız?”

Onlar hər dəfə səs-səsə verib bu yarıritorik-yarıtropik sualı təkrarlayanda adamın yadına istedadlı aktyorumuz Fazil Salayevin çəkildiyi “Mozalan” süjeti düşür. O süjet belədir: içkili halda metroya minmək istəyən şəxs nəzarətçi qismində dayanmış milis işçisinə metro barədə suallar verir və milis təəccüblənərək soruşur: “İllərdir Bakıda metro var, siz hələ metroya minməməsiniz?” Salayevin personajı köks ötürərək deyir: “Qoyursuz ki?”

İndi onun sözü olmsın, “... müəllim vəzifədə olanda niyə yazmırdınız” sualı ilə çıxış edənlərin cavabı həmin replikadadır: “Qoyursuz ki?”

5-6 gün əvvəl naşir Şahbaz Xuduoğlu İH başçılarından birinin Novruz şənliyində iştirakına dair bir status yazıb, video paylaşıb. Şahbaz onu asıb-kəsməyib, əmlakı müsadirə olunmaqla 15 il cəza istəməyib, işdə yol verdiyi nöqsanlara görə daha aşağı vəzifəyə keçirilməsini tövsiyə etməyib, belə bir şey yazıb: “Xalqın içində olmaq, onun dərdinə şərik olmaq, onun nəfəsini hiss etmək lazımdır. Axı sən necə xalqa xidmət edə bilərsən ki, onun əlini sıxmırsan, əlinin qabarını görmürsən?”

Vəssalam. İndi siz gəlin “zəhmətkeş kütlə”lərin həmin statusun və ondan sonrakı bənzər məzmunlu postun altındakı şərhlərinə baxın:

“Tanışlığımız yoxdur, amma eşitmişəm ki, başçı yaxşı insandır”;

“Qələmini ucuza satmış zavallılara baş qoşmaq lazım deyil”;

“...müəllim qurub yaradan, yeni nəfəs gətirən və haqqı-nahaqqa qurban etməyən gözəl bir şəxsiyyətdir!”;

“Sizin tənqid etdiyiniz videoya baxan hər kəs, sizin təfəkkürünüzün nə vəziyyətdə olduğunu anlayır”;

“Şahbaz bəy, icra başçısı mənim qohumum deyil, tanışım deyil. Amma bu insan haqqında yanlış paylaşım edirsiniz”;

“İnsanların səmimi, sərbəst fikir bildirmək hüququnu “trolluq” fəaliyyəti kimi qələmə vermək və dövlət rəsmisi haqqında trol saxladığına dair həqiqətəuyğun olmayan iddialar səsləndirmək hüquqi məsuliyyət yaradır. Yaydığınız məlumatlar AR Cinayət Məcəlləsinin müvafiq maddələrinin (147 və 148-ci maddələr) dispozisiyasına daxil olur”. (Bu, artıq yeni leveldir, məsələnin hüquq müstəvisinə çəkilməsidir. Hüquqi dövlətdə belə olmalıdır - S.S.);

“Bu qədər haqsızlıq yaraşmır.. .. İkinci dəfə bu rəsmi paylaşmaqla qərəzinizi anlamıram;

“O insan mərd, səmimi, qayğıkeş, sadə, həmişə sadə insanların yanında olan, onları dinləməyi, köməklərinə yetməyi bacaran xalq adamıdır”;

“Əhalinin müəllimə olan hörmətini əsassız yazılarınızla kölgələyə bilməzsiniz”;

“Dirnaq arası maarifci özüylə həmfikir olmayanları şərləyən bir merkantil biznesmendir”;

“Tənqidə açıq olmaq lazımdır, sən sifarişli yazını paylasdin, fikrini bildirdin, görürsən ki, hamı müsbət və xoş şeylər paylasir, üzr istəyəcəyin yerdə səhvini davam etdirirsən”;

“İnsanların sevdiyi və etimad göstərdiyi bir rəhbəri müdafiə etmək haqqı var”;

“…müəllim dövlət qulluğunda fəaliyyətə başlayan gündən zəhmətkes, sadə insanlarla bir yerdədir”;

“… müəllim çox səmimi, alicənab insandır. Vətəndaşlarla daim ünsiyyətdədir və rayonumuzda olan problemlərin aradan qaldırılmasına yüksək səylə çalışır”;

“Xahiş edirəm,, tanimadiğiniz dövlət məmuru haqqinda haqsizliq etməyin!;

“Bakıda oturub bayram tədbirinin videosuna şərh yazmaq, fikir bildirmək sifarişli deyil də bəs nədir?”;

Bir sözlə, onlarca bu cür şərh. Hələ bir qız da yazıb ki, Şahbaz Xuduoğluna fikir verməyin, içki düşgünüdür, içəndə belə şeylər yazır.

Bax, görürsünüzmü, əziz həmvətənlər, tənqid yazmağa qoymursunuz, vəzifədə olanlara toz qondurmursunuz, müqəddəs elan edirsiniz, amma sonra əl aparıb, qan gətirirsiniz ki, rayonu soyurdu, insanlara zülm edirdi və s.

Mən həmin rayonunun və müəllimin adını ona görə çəkmədim ki, bu durum aşağı-yuxarı bütün rayonlara aiddir. Bəlkə də həmin müəllim gerçəkdən də yaxşı, səmimi, alicənab, qurub-yaradan adamdır. Biz onun necə bir məmur olduğunu vəzifədən çıxandan sonra biləcəyik. Saytlarda varidatının mündəricatı yayılmasa, demək, deyilmişcən varmış. Yayılsa, onda Şahbaz Xuduoğlunu “neprav” çıxaranlar sözlərinin üstündə durmalı olacaqlar. Görək, o zaman onların neçəsi bu gün “müqəddəs ata” elan etdiklərinə qahmar çıxacaqlarmı.

Bu cür şərh yazanların içində belə fikirlər də vardı: “Bizim rayonda trol yoxdur”; “bizim rayonda yaltaqlar yoxdur”.

Vallahi, artıq köçüb o rayonda yaşamağım gəlir. Trolu yox, yaltağı yox, başçısı səmimi, işgüzar, xalqcanlı, camaatı qədirbilən, dürüst. Ta adama nə lazımdır? Bu, ayrıca götürülmüş rayonda haqq-ədalətin bərqərar olunması deməkdir. Qoy bütün rayonlarımız elə olsun, camaat öz rəhbərini ülvi məhəbbətlə sevsin, başçılar da daim xalqın qayğısına qalsınlar.

Yoxsa o nədir, bir də görürsən, cantaraq qaramaskalılar gəldilər, rayonun başçısını - “sadə və səmimi insan”ı özləri ilə apardılar.

**

Dünya köhnə dünyadır, trolları təzədir.

 

Chosen
47
29
musavat.com

10Sources