EN

İlahiyyatçı: Uşağın yetkinlik yaşına çatana qədər yerinə yetirdiyi və ya etmədiyi ibadətlər üçün günah qeydi aparılmır Video

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Uşaqlar yetkinlik yaşına çatana qədər oruc tutmaq məcburiyyətində deyillər. İslamda məsuliyyətlər ümumiyyətlə yetkinlik yaşına çatdıqdan sonra başlayır. Bu yaşa çatmamış uşaqlar ailələrinin rəhbərliyi ilə oruc tutmağa cəhd edə bilərlər. Əsas məsələ uşağın rifahını və rahatlığını nəzərə almaqdır.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam hüququ oruc tutmaqla bağlı insanın fiziki və psixoloji vəziyyətini nəzərə almışdır: “Oruc ibadəti yalnız həddi büluğa çatmış və sağlam olan müsəlmanlara vacibdir. Həddi büluğ adətən 12-15 yaş arası dövrə təsadüf edir. Lakin uşaqların bu yaşdan əvvəl oruca alışdırılması İslam alimləri tərəfindən tövsiyə edilmişdir. Hədislərdə qeyd olunur ki, səhabələr öz uşaqlarını yeddi səkkiz yaşından etibarən oruca alışdırırdılar. Bu tərbiyə məqsədi daşıyırdı. Yəni uşaq gücü çatdığı qədər yarım gün və ya bir neçə saat oruc tuta bilərdi. Məcburiyyət yox idi, məqsəd ibadətə sevgi yaratmaq idi”.

İlahiyyatçı qeyd edib ki, müasir tibb də uşaqların ibadətə tədricən alışdırılması fikrini dəstəkləyir: “Uşaq orqanizmi inkişaf mərhələsində olduğu üçün ağır fiziki yük və uzunmüddətli ac qalmaq bəzi hallarda sağlamlığa təsir göstərə bilər. Buna görə də bir çox müasir müsəlman alimləri uşaqların oruca tədricən alışdırılmasını, lakin sağlamlıq risklərinin nəzərə alınmasını tövsiyə edirlər. İslam hüququnun elastikliyi də məhz burada özünü göstərir. İslam ibadəti insanın həyatına uyğunlaşdırır, insanı ibadətə qurban vermir.

Qeyd edək ki, oruc tutmaq uşaq yetkinlik yaşına çatdıqda vacib olur. İslamda oruc tutmaq öhdəliyi sağlam düşüncəli və yetkinlik yaşına çatmış şəxslərə aiddir. İslam prinsiplərinə görə, hələ yetkinlik yaşına çatmamış şəxslər dini öhdəlik daşımırlar. Peyğəmbərimiz Məhəmmədin (s.a.s) dediyi kimi, uşağın yetkinlik yaşına çatana qədər yerinə yetirdiyi və ya etmədiyi ibadətlər üçün günah qeydi aparılmır. Buna görə də, uşaq bir müddət oruc tutmağa çalışıb sonra dayandırarsa və ya ümumiyyətlə oruc tutmazsa, özünü günahkar hiss etməməlidir. İslamda oruc tutmağın müəyyən bir son yaş həddi yoxdur. Yəni insan yaşlandıqca avtomatik olaraq orucdan azad olunmur. Əsas meyar insanın sağlamlıq vəziyyəti və fiziki gücüdür.

Bir sözlə, İslamda oruc ibadəti həm mənəvi, həm də fiziki balans üzərində qurulmuşdur. Uşaqların ibadətə tədricən alışdırılması tövsiyə edilmişdir. Sağlamlığa zərər verəcək ağır ibadət formaları isə təşviq olunmamışdır. İslamın bu yanaşması göstərir ki, din insanı çətinliyə salmaq üçün deyil, insanın həyatını mənəvi və fiziki baxımdan nizamlı etmək üçün göndərilmişdir. Quranda bu prinsip çox aydın şəkildə ifadə edilir. Allah sizin üçün çətinlik istəmir, sizin üçün asanlıq istəyir. Bu fikir Bəqərə surəsinin 185-ci ayəsində qeyd olunur və İslam hüququnun bütün ibadət sisteminin əsas fəlsəfəsini ifadə edir”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
121
bizimyol.info

1Sources