Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Çoxmənzilli binanın elektrik sistemi bütün mülkiyyətçilərin ümumi mülkiyyətidir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Hüquq Dəstəyi – ictimai hüquqi dəstək platformasının rəhbəri, hüquq üzrə mütəxəssis Xəyal Məmmədov deyib:
“Bu, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 36-cı maddəsində birbaşa göstərilib. Yəni hər hansı sakin bu sistemdən yalnız öz maraqları çərçivəsində deyil, digər sakinlərin hüquq və mənafelərini nəzərə almaqla istifadə
etməlidir.
Müraciətlərdə ən çox rast gəldiyim hallar ondan ibarətdir ki, sakinlər ümumi xətdən avtomobil şarj edirlər və nəticədə binada gərginlik zəifləyir, avadanlıqların işləməsində problemlər yaranır.
Bəzən isə ümumi sayğac üzrə ödəniş olan binalarda digər sakinlər faktiki olaraq həmin şəxsin elektrik xərclərini də ödəməli olurlar. Bu kimi hallar artıq
hüquqi müstəvidə qiymətləndirilir. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə görə, mülkiyyət hüququndan istifadə başqasına zərər vurmaqla həyata keçirilə bilməz. Digər vacib məsələ elektrik enerjisindən istifadə qaydaları ilə bağlıdır. Elektrik enerjisindən istifadə Qaydaları açıq şəkildə müəyyən edir ki, elektrik enerjisi yalnız
müqavilə və fərdi sayğac əsasında istifadə olunmalıdır”.
O qeyd edib ki, ümumi xətdən ayrıca uçot olmadan avtomobil şarj etmək hüquqi baxımdan düzgün sayılmır və bu, qanunsuz istifadəkimi qiymətləndirilə bilər:
“Belə hallarda məsuliyyət də qaçılmaz olur. Əgər digər sakinlərə ziyan dəyibsə, həmin zərərin ödənilməsi tələb oluna bilər – bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsində nəzərdə tutulub. Bununla yanaşı, qanunsuz elektrik istifadəsinə görə inzibati məsuliyyət də yarana bilər.
Mənim praktiki tövsiyəm odur ki, bu məsələyə qeyri-rəsmi və “öz aramızda həll edərik” yanaşması ilə yox, hüquqi və texniki baxımdan düzgün formada yanaşılsın. Yəni ayrıca xətt çəkilməsi, fərdi sayğacın quraşdırılması və mümkün olduqda bina sakinlərinin razılığının alınması ən düzgün yoldur. Yekun olaraq deyə bilərəm ki, elektrikli avtomobilin binanın ümumi elektrik şəbəkəsindən şarj olunması yalnız digər sakinlərin hüquqları pozulmadıqda və qanunvericiliyin tələblərinə əməl edildikdə mümkündür. Əks halda, bu artıq hüquq pozuntusu və məsuliyyət yaradan hal kimi qiymətləndirilir”.
Şəbnəm
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.