EN

Bu, 33 ildən bir olur: bu gün o gündür...

Bu, mənim üçün ikincidir…
Birincisi 27 yaşımda başıma gəldi.
İl 1993, aylardan mart!
Məkan – Antalya. Törənin adı – Türk Qurultayı.

Otuz üç ildən sonra yenə eyni möcüzəni yaşayırıq. Ramazan və Bahar – Ergenekon bayramları üst-üstə düşüb.

Bəli, bu son dərəcə nadir hadisəni 60 illik ömrümdə ikinci dəfə görür və yaşayıram.

…O günlər təkcə tarix deyildi. Bir dönüş idi. Türk Dövlət və Topluluqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı ilə bu gün danışdığımız və yaşadığımız Türk Birliyinin ilk təməlləri atılırdı.

Zalda böyük isimlər var idi. Türkiyədən Prezident Turqut Özal, Baş nazir Süleyman Dəmirəl, Baş nazirin müavini İsmət İnönü… 

Bütün diqqətlər isə Türk dünyasının Başbuğu Alparslan Türkeşin üzərində idi. Onun illərlə danışdığı və hazırladığı “dış türklər” konsepti özünü doğrultmuş, gerçəkləşmişdi. Tez-tez dəyişən bütün Türkiyə yönətimləri uzun illər bu konseptə və xəttə qarşı çıxmışdı. “Sovetlərlə aramızı pozmayın”, deyə, ülküçülərə faşist damğası vurmuşdular. Nəticədə isə cəmi iki il öncə (1991) birdən-birə 5 türk respublikası ortaya çıxmış, Türkiyə dövlətinin isə heç bir hazırlığı yox idi. Milliyyətçi Çalışma Partiyasının (MÇP – o zaman adı belə idi) isə əlində hazır doktrina vardı. Və bunun müəllifi də Türkeş idi. Antalyadakı o tədbir də məhz onun təşəbbüsü, onun planı əsasında hazırlanmışdı. Bütün türklər orada idi. Dövlət olanlar da, topluluq-icma olanlar da. Müsəlmanlar da, xristianlar da, şamanlar da. Əfqanıstan türkləri də. 

Elçibəy yox idi. (Qurultay haqqında məlumatlarda səhvən Elçibəyin də orada olduğunu iddia edirlər.) Amma biz Prezident Əbülfəz Elçibəyin təyyarəsində Orta Asiya, Güney Azərbaycan türklərinin təmsilçilərini də aramıza alıb, bir təyyarə deputat, cəbhəçi, yazıçı, jurnalist, siyasətçi olaraq oraya uçmuşduq. Heç bir sənəd-sübutumuz, pasportumuz olmadan da doluşub, prezident təyyarəsi ilə birbaşa Antalyaya uçmuşduq. 

Screenshot_7.png

Antalya hava limanı, 18 mart 1993-cü il. Təyyarədən yeni enmişik

Dövləti isə gənc baş nazir əvəzi Əli Məsimov təmsil edirdi.

O da yadımdadır ki, Əli bəylə Türkiyə mediası bir zarafat da etmişdi:

“Azərbaycanın baş bakanı Ali Masimov genc gid hanıma aşk elan etti” – başlığı ilə bütün qəzetlər manşet atmış, səhifələrdə də həmin xanımla Əli Məsimovun fotosunu vermişdilər.

Həmin xanım avtobuslarımızda olan gözəl və gənc bələdçi xanımlardan biri idi. Biz şok olmuşduq, heyrətlənmişdik. O isə məmnun görünürdü. Üzərinə gələn qəzetçilərə nazla, gülümsəyərək belə cavab verirdi:

“Arkadaşlar, yok öyle bir şey…”

Əli bəy də dərhal çoxsaylı jurnalistlərə təkzib verdi:

“Evliyəm, belə bir şey yoxdur, o xanımı heç görməmişəm, danışmamışam da”, – deyə operativ reaksiya vermişdi.

Biz o zaman belə şeylərə alışıq deyildik. Bu üzdən şok yaşayırdıq. Amma düzünü deyim, orada olan heç nəyə alışıq deyildik. Beşulduz otellərə, şahşahaya, şəraitə, “hər şey daxil” konsepti ilə təqdim olunan nemətlərə, içkilərə, xidmətə…

Hər şey bizim üçün yeniydi.

1993-cü ilin martında Türkiyə turizmi özünün ən parlaq dövrünü yaşayırdı. Biz isə meydanlardan, səngərlərdən, davam edən müharibədən ayrılmış, Sovetlərdən yenicə qopmuş Azərbaycan təmsilçiləri olaraq bunları ilk dəfə görür, heyrətlə mənimsəməyə çalışırdıq.

d4601b02-e66a-45b9-9b9e-0e0ea733ec4e.jpg

Mən orada AXC İcraiyyə Komitəsinin üzvü, mətbuat və informasiya şöbəsinin rəhbəri, eyni zamanda “Yeni Müsavat” qəzetinin baş redaktoru kimi iştirak edirdim.

Zalda kimlər yox idi… Bəxtiyar Vahabzadə, Məmməd İsmayıl, Şirməmməd Hüseynov, Rüstəm Behrudi, Sabir Rüstəmxanlı, Mikayıl Mirzə… Güney Azərbaycandan nümayəndələr. Türkmənistan müxalifətinin təmsilçisi Durdumurad Xocamuhammed, Özbəkistan müxalifətinin lideri Məhəmməd Salih…

Və ən əsası – o ruh. O birlik hissi.

Ramazan idi. Eyni zamanda Bahar. Ergenekon.

Bu iki böyük dəyəri Antalyada can dostum, sirdaşım, Tovuz rayonunun sabiq polis rəisi, ülkücü hərəkatın önəmli simalarından biri Novruz Həsən Bozalqanlı – Novruz əmi ilə birlikdə qeyd etdik. Bayramdan öncəki günlər həyatımda ilk orucu da o zaman – cəmi bir gün tutdum, iftarı da Atilla Kaya qardaşım və ülküçülərlə açdım. Sabahı isə bayram idi… Novruz əmi isə elə həmin gündən başlayaraq, ta haqqa yürüyənə qədər oruc tutdu və heç vaxt axsatmadı. Mənsə 2001-ci ildən oruc və namaza qayıtdım…

Qurultayda möhtəşəm bir mərasim oldu. Türklərin Ergenekondan çıxışını simvolizə edən dəmir döymə törəni. Adına Novruz dediyimiz Ergenekon bayramına start verən törən. Başbuğ Alparslan Türkeş çəkici götürdü. Dəmirə vurdu. O səs… o zəng… zalda alqışlar, uğultu və ulama qopdu. 

fotttt.jpg

 

Biz bunu da ilk dəfə görürdük. Amma dərhal sevdik. Anladıq. Bu, Türk dünyasının yaddaşı idi.

“Ergenekon yurdun adı, Börteçina kurdun adı…” – o şüarlar bu gün də yaddaşımdadır.

O vaxt telefon yox idi. Hər şeyi gözümüzlə çəkib, beynimizə yazırdıq. Bu gün isə o yaddaşdan çıxarıb sizinlə bölüşürəm.

Və bu gün…

Otuz üç ildən sonra yenə eyni tarix. Yenə Ramazan. Yenə Bahar. Yenə 20-21 mart. Zəfərin Azərbaycanı, xəyal etdiklərimizi gerçəyə çevirən dövlət, onun da başında faktiki yeni Başbuğ – İlham Əliyev. 33 il öncə xəyal və dualarımızda, arzu və sağlıqlarımızda olan məzmunu gerçəyə, fakta və dövlət siyasətinə çevirən bir ülkücüdür.

…Bəli, bunu ikinci dəfə yaşadım.

İnşallah, Allah ömür versə, 93 yaşımda da bunu üçüncü dəfə qeyd edərəm. Qismət olarsa… Olmasa da, övladlarımız, soydaşlarımız bunu davam etdirəcək.

Ətrafımız alov çənbəridir. Hər yer alışıb yanır. Azərbaycan isə sabitlik, əminlik adasıdır.
Buna şükür etməliyik. Dua etməliyik.

33 ildən bir təkrarlanan qoşa bayramlarımız – bu nadir uyğunluq vətənimiz, dövlətimiz üçün xeyirli-uğurlu olsun. Düşərli olsun.

Hər şey Azərbaycan üçün. Dövlətimiz üçün. Bayrağımızın ucalarda olması üçün.

Ergenekon bayramınız mübarək. Ramazanınız mübarək.

 

Sayğılarımla,
Rauf Arifoğlu

Chosen
110
1
musavat.com

2Sources