EN

İran müharibəsi Trampın elektoratında çat yaradır - İDDİA

ABŞ-də prezident Donald Trampın əsas dayağı sayılan seçici bazasında narazılıq siqnalları artır.

Musavat.com xəbər verir ki, bu barədə CNN saytında analitik Aaron Bleykin yazısı dərc olunub.

Məqalədə qeyd olunur ki, Trampın ən sadiq tərəfdarları – xüsusilə “MAGA” seçiciləri hələ də böyük ölçüdə müharibəni dəstəkləyir. Sorğular göstərir ki, bu qrupda dəstək səviyyəsi təxminən 10 nəfərdən 9-u təşkil edir.

Lakin daha geniş mənzərədə vəziyyət fərqlidir. “Reuters” - “Ipsos” sorğusuna görə, respublikaçıların 21 faizi müharibəni bəyənmir, ümumi Amerika ictimaiyyətində isə bu göstərici 59 faizə qarşı 37 faiz nisbətindədir.

Eyni zamanda “Yahoo News–YouGov” sorğusu göstərir ki, yalnız respublikaçılar deyil, Trampa 2024-cü ildə səs vermiş seçicilərin də 24 faizi onun İran siyasətindən narazıdır.

CNN analizi vurğulayır ki, Tramp üçün əsas problem də məhz budur: onun elektoratı genişdir, lakin dərin deyil. Yəni tərəfdarların yalnız yarıya yaxını bu siyasəti “qəti şəkildə” dəstəkləyir, digərləri isə ya tərəddüd edir, ya da açıq şəkildə tənqid edir.

Bu kontekstdə bir sıra tanınmış fiqurların – Taker Karlson, Marjori Teylor-Qrin və Meqin Kelli kimi şəxslərin tənqidi mövqeyi də diqqət çəkir. Onların çıxışları hələlik kütləvi narazılığa çevrilməsə də, ümumi fonu dəyişdirir.

Analitik Aaron Bleyk qeyd edir ki, iqtisadi amillər bu narazılığı daha da artıra bilər. Xüsusilə yanacağın qiymətinin artması və müharibənin maliyyə yükü mühüm rol oynayır.
Məsələn, “Strength In Numbers/Verasight” sorğusuna görə, respublikaçıların 24 faizi artıq müharibəni vergi ödəyiciləri üçün səmərəsiz hesab edir. Əgər benzin qiyməti daha da artsa, bu göstərici 31 faizə yüksəlir.

Müharibə başlayandan bəri ABŞ-də yanacağın qiyməti təxminən 1 dollar artıb. CNN yazır ki, əgər müharibə uzanarsa, xərclər artsa və ya ABŞ quru qoşunları cəlb olunarsa, Trampın tərəfdarlarının bir hissəsi sürətlə müharibə əleyhdarlarına qoşula bilər.

Məqalədə bu vəziyyət 2000-ci illərin əvvəllərində İraq müharibəsi ilə müqayisə edilir. Həmin dövrdə də əvvəlcə dəstək yüksək olsa da, zaman keçdikcə respublikaçı elektoratda narazılıq artmışdı.

Nəticə etibarilə, CNN-in təhlilinə görə, Tramp hələlik elektoratını tam itirməyib, lakin İran müharibəsi onun siyasi dayaqları üçün real riskə çevrilməkdədir.

Musavat.com

Chosen
125
8
musavat.com

9Sources