EN

Deputat: Sovet dövründə Gəncəli məhəlləsində Novruz bayramının qeyd olunması həm də totalitar rejimə etirazın təzahürü idi

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şəki, 22 mart, AZƏRTAC

Sovet dövrünün sərt rejimi şəraitində belə Şəkinin Gəncəli məhəlləsində Novruz bayramı el adətincə keçirilər və gecəyədək davam edərdi. Müəyyən qüvvələr dəfələrlə xalqın iradəsini qırmaq, əzmkarlığını, tarix və ənənəyə olan inamını sarsıtmaq istəsələr də bu mümkün olmamışdı. Əksinə, növbəti bayramlar əvvəlkindən möhtəşəmliyi, coşqusu ilə daha da seçilmişdi. Qalanan tonqalların hündürlüyü imkan verirdi ki, onu Şəkinin əksər yerindən insanlar müşahidə edə bilsinlər.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

“Bu bayram qədim tarixə söykənir. Hətta SSRİ dövründə Şəkinin bu məhəlləsi bayram ənənəsini yaşadıb, qoruyub-saxlayıb və bu günlərimizə çatdırıb. Artıq mən də neçə illərdir ki, bu tədbirlərdə iştirak edirəm”, - deyən deputat bayramın məhəllədə təşkilinin özünəməxsusluğu haqqında danışıb. Qeyd edib ki, məhəllə sakinləri öz hesablarına maliyyə toplayır, gözəl bir tədbir təşkil edirlər. Bu tədbirlərin daha bir unikallığı ondan ibarətdir ki, gələn qonaqlar imkan daxilində çaya və Şəki şirniyyatlarına qonaq edilirlər.

“Bu meydanlarda keçmişdə olduğu kimi, el sənətimiz nümayiş olunur, zurna, balaban çalınır, kəndirbazlar çıxış edir, söz duetləri olur, qol güləşi yarışları keçirilir. Yəni həm adət-ənənələrimiz, həm də milli-mənəvi dəyərlərimiz təbliğ edilir”, - deyən Vüqar İsgəndərov vurğulayıb ki, nə qədər Azərbaycan varsa, bu ənənə də davam edəcək.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
106
azertag.az

1Sources