"Neftçi"nin kapitanı Emin Mahmudov karyerasında növbəti uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Misli Premyer Liqasının XXV turunda "İmişli"yə qarşı keçirilən ev oyununda (6:0) rəqib qapısına yol taparaq "ağ-qaralar"ın heyətində 70-ci qolunu vurub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

2017-ci ildən paytaxt təmsilçisinin formasını geyinən Emin bu göstəriciyə 281-ci matçında nail olub. Onun qollarının turnirlər üzrə bölgüsü belədir:

Premyer Liqa: 229 oyun, 54 qol

Azərbaycan Kuboku: 27 oyun, 7 qol

Avrokuboklar: 25 oyun, 9 qol

Bu qolla E. Mahmudov "Neftçi"nin 89 illik tarixində 70 və daha çox qol vuran 10-cu futbolçu kimi tarixə düşüb. O, hazırda eyni sayda qol vuran Qurban Qurbanovla 9-10-cu yerləri bölüşür. Siyahıya isə 142 qolla Samir Ələkbərov başçılıq edir.