"Aeroflot" aviaşirkəti SU1854 nömrəli Moskva-Bakı reysinin mühərrik nasazlığı səbəbindən "Şeremetyevo" hava limanına qəza enişi etməsi barədə bəzi "Telegram" kanallarında yayılan məlumatları təkzib edib.
Publika.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti rəsmi bəyanat yayıb.
Aviaşirkətin açıqlamasında bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Əslində, 22 mart tarixində baş tutan uçuş zamanı təyyarə havaya qalxdıqdan qısa müddət sonra quşla toqquşub:
"Bir neçə resursda yayılan mühərrik nasazlığı barədə məlumatlar yanlışdır. Uçuş təhlükəsizliyi qaydalarına uyğun olaraq, SU1854 reysinin göyərtə komandiri təyyarənin quşla toqquşması səbəbindən geri — 'Şeremetyevo' hava limanına qayıtmaq qərarı verib".