EN

Brüsseldə "köstəbək" həyəcanı: Macarıstan ən gizli danışıqlardan kənarlaşdırıldı

Avropa İttifaqı rəhbərliyi və üzv dövlətlər konfidensial məlumatların Budapeşt vasitəsilə Moskvaya ötürülməsi riskinə görə Macarıstanın diplomatik danışıqlarda iştirakını kəskin şəkildə məhdudlaşdırmağa başlayıb.

Musavat.com xəbər verir ki, "Politico" nəşrinin yaydığı şok məlumata görə, Aİ daxilində Macarıstana qarşı yaranan dərin etibarsızlıq ucbatından strateji qərarlar artıq rəsmi Budapeştin iştirak etmədiyi "dar formatlarda" qəbul edilir.

Avropalı diplomatlar bildirirlər ki, hazırda qitənin taleyini həll edən əsas müzakirələr aşağıdakı qapalı platformalarda aparılır:

E3 və E4 formatları: Fransa, Almaniya, Böyük Britaniya və İtaliyanın iştirakı ilə keçirilən bu görüşlər Macarıstanı prosesdən kənarda qoyur.

"Veymar üçbucağı": Almaniya, Polşa və Fransanın koordinasya etdiyi bu qrup artıq Aİ-nin xarici siyasətində əsas hərəkətverici qüvvəyə çevrilib.

Bu tədbirlərin əsas səbəbi kimi "The Washington Post" nəşrinin dərc etdiyi qalmaqallı təhqiqat göstərilir. Məlumata görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ-nin qapalı iclasları zamanı verilən fasilələrdə rusiyalı həmkarı Sergey Lavrovla mütəmadi əlaqə saxlayaraq müzakirələrin gedişatı barədə Moskvaya "operativ hesabatlar" təqdim edir. Polşa Baş naziri Donald Tusk da bu iddiaları dəstəkləyərək bildirib ki, Budapeştin Aİ Sammitlərinin hər bir detalını Kremlə sızdırması artıq heç kim üçün sirr deyil.

Qeyd olunur ki, Macarıstanın bu hərəkətləri ittifaq daxilində "loyallıq böhranı" yaradıb və Brüsseli daha çevik, lakin Macarıstandan gizli qərarlar qəbul etməyə vadar edib. Aprelin 12-də Macarıstanda keçiriləcək parlament seçkiləri ərəfəsində yaranan bu beynəlxalq skandalın Viktor Orban hökuməti üçün ciddi siyasi nəticələrə səbəb olacağı gözlənilir.

Musavat.com

Chosen
31
48
musavat.com

10Sources