Avtomobil, dəmiryolu, metro, tramvay, dəniz və hava nəqliyyatında avtonom – yəni sürücüsüz texnologiyaların tətbiqi gözlənilir. Bu, 2026-2028-ci illəri əhatə edən fəaliyyət planında nəzərdə tutulub.
Mütəxəssislər bildirirlər ki, sürücüsüz nəqliyyat vasitəsinin tətbiqi texnoloji baxımdan mümkün olsa da, bu proses mərhələli şəkildə həyata keçiriləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, hazırki qanunvericilik avtonom, yəni sürücüsüz nəqliyyat vasitələrinin idarə olunmasına uyğun gəlmir. Mövcud qanunvericilik sürücü anlayışı üzərində qurulub. Yəni ölkədə sürücüsüz avtomobillərlə bağlı hüquqi bazanın və qanunvericiliyin yaradılmasına böyük ehtiyac var.