EN

Qızıl niyə sürətlə ucuzlaşır? 

Son günlər qızılın qiymətində kəskin eniş müşahidə olunur. COMEX birjasında aprel ayı üçün qızıl fyuçersləri troya unsiyası üzrə 4340,7 dollara qədər geriləyib ki, bu da 5 yanvardan bəri ən aşağı göstəricidir. Qeyd edək ki, 17 martda qızılın bir unsiyası 5 min dolları keçmişdi. 

Maraqlıdır, qızılın qiymətində müşahidə olunan kəskin eniş qlobal bazarlarda hansı iqtisadi və geosiyasi dəyişikliklərin göstəricisi hesab oluna bilər, mövcud vəziyyət investorlar üçün daha çox risk, yoxsa yeni fürsət kimi dəyərləndirilməlidir və ümumilikdə yaxın aylarda qızılın qiyməti ilə bağlı gözləntilər nədən ibarətdir?

Moderator.az-ın suallarını iqtisadçı ekspert Eldəniz Əmirov cavablandırıb.

İqtisadçı qeyd edib ki, hazırkı şəraitdə müəyyən proseslər təbii iqtisadi əsaslarla müşahidə edilsə də, bəzi hallarda paradoksal situasiyalar ortaya çıxır:

 "Bu nə deməkdir? Zaman-zaman müşahidə etmişik ki, müharibə şəraitində qızılın qiyməti yüksəlir. Lakin hazırda müharibənin davam etməsinə baxmayaraq, qızılın qiymətində enişlər baş verir. Bunun səbəblərinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu, birbaşa müharibənin enerji zonasında – yəni enerji ixracatçıları olan regionda baş verməsi ilə bağlıdır. Bu isə enerji qiymətlərinin yüksəlməsini qaçılmaz edir.
Enerji qiymətlərinin artması isə öz növbəsində qızıla olan tələbi müəyyən qədər aşağı salır. Belə bir şəraitdə inflyasiya riskinin yuxarı olması çünki enerji qiymətləri artdıqca inflyasiya da artır.
İnflyasiyanın artması fonunda mərkəzi banklar uçot dərəcələrini aşağı salmırlar. Məsələn, Federal Ehtiyat Sistemi də uçot dərəcəsini azaltmadı. Uçot dərəcələrinin aşağı salınmaması faizlərin yüksək qalması deməkdir. Faizlərin yüksək olması isə dolların güclənməsinə gətirib çıxarır. Dolların güclənməsi isə qızılın qiymətinin aşağı düşməsi ilə nəticələnir.
Yəni prosesi ardıcıl şəkildə belə izah etmək olar: enerji qiymətlərinin yüksəlməsi inflyasiyanı artırır; inflyasiyanın qarşısını almaq üçün mərkəzi banklar uçot dərəcələrini aşağı salmır və bu proses faktiki olaraq dondurulur. Nəticədə dollar güclənir, dolların güclənməsi isə qızılın ucuzlaşmasına səbəb olur və bu, birbaşa təsir göstərir".

Eldəniz Əmirov əlavə edib ki, nelə bir şəraitdə qlobal investorlar faiz gətirən aktivlərə üstünlük verirlər. Bu səbəbdən də onlar daha çox dollara və digər gəlirli alətlərə yönəlirlər:

"Digər bir məqam isə spekulyativ davranışlardır. Bu davranışlar ondan ibarətdir ki, qlobal oyunçular daha zəif bazar iştirakçılarının davranışlarından istifadə edərək əlavə qazanc əldə etməyə çalışırlar. Bunun məntiqi nəticəsi olaraq isə qızıl qiymətlərində dalğalanmalar müşahidə olunur.
Qiymət enişinin növbəti səbəblərindən biri isə əvvəlki dövrdə baş vermiş kəskin bahalaşmadır. Belə ki, qızılın sürətli qiymət artımı müəyyən müddətdən sonra korreksiyanı – yəni enişi və tarazlaşmanı zəruri edir.
Hesab edirəm ki, 2026-cı il ərzində, ən azı üçüncü rübə qədər bu cür dalğalanmalar davam edəcək. Qısa müddətli dövrdə dalğalanmalar daha intensiv olacaq, lakin zaman keçdikcə tədricən zəifləyəcək.
Ümumilikdə isə qarşıdakı bir il ərzində qızılın qiymətinin indiki səviyyədən aşağı düşməsi ehtimalı yüksək deyil. Əksinə, müəyyən qədər artımın baş verməsi daha real görünür".

Pərvin Şakirqızı

Chosen
27
moderator.az

1Sources