EN

NƏ BAŞÇIDAN, NƏ DƏ DEPUTATDAN YARIYAN RAYON – OĞUZ! – “Analoqsuz” bazarı, avtovağzalı və daha nələri… + FOTOLAR

Adətən istənilən rayon barədə qonaqlarda təəssürat yaradan bir neçə ictimai yer olur ki, bunların sırasına avtovağzal, bazar, parklar və s. daxildir. Azərbyacanın ən dilbər guşələrindən biri olan Oğuz rayonunun bu yerlər sarıdan qətiyyən bəxti gətirməyib...

Əslində, yazıya əlavə etdiyimiz fotolar hər şeyi bizim əvəzimizə deyir, bəlkə də heç bunlara əlavə şərh verməyə ehtiyac belə yoxdur. Lakin bu acınacaqlı, bərbad vəziyyətə görə cavabdeh olan şəxs və şəxslərin kimliyini, onların “xidmətlərini” və “nailiyyətlərini” qeyd etməsək, doğru olmaz…

Rayon mərkəzinin girişindəki füsünkar dağ mənzərəsi və səliqəli asfalt yol ilk olaraq bu gözəl, böyük tarixi olan diyar barədə çox müsbət təəssürat yaradır. Ancaq bu təəssürat məmur səhlənkarlığının, özabşınalığının, cəzasızlığının sayəsində tezliklə 180 dərəcə dəyişir. Məsələn, xüsusilə indiki bayram günlərində, rayonlara axının xeyli artdığı bir vaxtda avtobusdan düşən qonaq özünü ayaqyoluna çatdırmaq istəsə, biabırçı, acınacaqlı, iyrənc bir mənzərə ilə üz-üzə qalacaq.

Avtovağzal binasında ümumiyyətlə ayaqyolu yoxdur, binadan 5-6 metr məsafədə yerləşən tikili isə içərisində su kranı belə olmayan yararsız, natəmiz, acınacaqlı bir durumdadır. Onun ətrafı isə əsl zibilxanadır. Bir sözlə, ərazi sözlə ifadə edilə bilməyəcək vəziyyətdədir və anti-sanitariya mənbəyidir.

Rayonun mərkəzi bazarı da avtovağzaldakı ayaqyolundan çox da fərqlənmir. Artıq bəlkə də onillərlədir bazar bərbad, uçulub-dağılmış vəziyyətdədir. Burda normal, sağlam, “adam arasına çıxarası” normal piştaxta, mağaza yoxdur. Kənd camaatı gətirdiyi məhsulu yerə qoyub satmaq və buna baxmayaraq, “yer pulu” ödəmək məcburiyyətindədir.

Buranın bazar olduğunu göstərən adi lövhə belə yoxdur, onun girişi isə paslanmış, köhnə dəmir-dümür yığanların yerinə bənzəyir. Ümumiyətlə, sanki raket, yaxud PUA düşmüş bu yerə nə rayon rəhbərliyindən, nə də Bakıdan heç bir səlahiyyətli şəxsin yolu düşməyib. Bura girən qonaq, turist isə gözünü və burnunu tutub çıxmaq istəyir…

Rayonun əsas böyük parkı da eyni bərbad durumdadır. Ərazi SSRİ-nin dağılmasına yaxın vaxtlarda sahibsiz qalmış, dağılıb tökülmüş köhnə park yerlərini xatırladır. Yerdəki “mərmərlərdən” divarlardakı qopub tökülən suvağa qədər hər şey buranın sahibsiz, yiyəsiz olduğuna dair təsəvvür yaradır…

 

2011-ci ildən 2024-cü ilə qədər rayonun icra başçısı Eyvaz Qurbanov olub. Onun başçı olduğu illərdə rayonun deputatı Aqiyə Naxçıvanlı idi. Hazırda isə deputat 13 il rayona başçılıq etmiş E.Qurbanovun özüdür.

Rayon əhalisinin dolanışığı, iş yerləri, sosial vəziyyəti, korrupsiya və s. kimi mövzuları bir kənara qoyub, təkcə rayondakı yuxarıda qeyd etdiyimiz ictimai yerlərin durumuna diqqət yetirmək kifayətdir ki, Oğuzun nə başçı, nə də deputat sarıdan yarımadağını demək mümkün olsun. 

Özü də əslən Oğuzdan olan E.Babayevi, A.Naxçıvanlını, elə indiki başçı Cavid Əbdul-Qədirovu da rayonun və onun əhalisinin reputasiyası, görünür, qətiyyən maraqlandırmır. Maraqlandırmır ki, qonaqpərvər, mülayim, sakit və təmizkar əhalisi olan Oğuza gələn qonaq avtovağzaldakı ayaqyolunu, bazardakı anti-sanitarityanı, rayon parkın vəziyyətini görəndə yerli əhali barədə nə düşünür? Ancaq nə olsun, rayonda bir dənə normal ictimai ayaqyolu olmasa da, hara baxsanız, sizə (keçmiş)başçının və deputatın mehmanxanasını, restoranını və s. obyektlərini göstərə bilərlər…

Rayona yeni başçının təyin edilməsindən artıq iki ilə yaxın vaxt keçir. Başqa sahələri deyə bilmərik, amma rayonun bu kiçik yazıda qeyd etdiyimiz ictimai yerləri belə bərbad olaraq qalır. Görünür, vəziyyəti düzəltmək üçün bu başçıya da daha 13 il vaxt bəs etməyəcək…“AzPolitika.info”  

 

Chosen
50
1
veteninfo.az

2Sources