ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avstraliyanı Çinlə həddindən artıq iqtisadi asılılıqdan çəkinməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, o, bu bəyanatı Avstraliyanın baş naziri Anthony Albanese ilə aparılan danışıqlardan sonra ölkənin federal parlamentində çıxışı zamanı səsləndirib.
Von der Lyayen qeyd edib ki, bəzi ölkələrin digər dövlətlərin resurs və məhsullarından asılılığı təzyiq alətinə çevrilə bilər, həmçinin bu səbəbdən belə risklərdən qorunmaq həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, “Avstraliya bu təhlükələri yaxşı anlayır. Avropa da yalnız Rusiyanın enerji resurslarından deyil, həm də tək bir təchizatçıdan asılılıqla bağlı problemlərlə üzləşib”.
O vurğulayıb ki, Çinlə münasibətlərdə düzgün siyasətin qurulması həm Avropa, həm də Avstraliya üçün strateji zərurətdir: “Heç bir halda bir təchizatçıdan həddindən artıq asılılığa yol verə bilmərik. Məhz buna görə bir-birimizə ehtiyacımız var. Bizim təhlükəsizliyimiz sizin də təhlükəsizliyinizdir”, - deyə o qeyd edib.
Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Avropa İttifaqı Çinin ixracyönümlü iqtisadi artım modelini və sənayedə həddindən artıq istehsalını qəbul edə bilməz. O bildirib ki, ötən il Aİ-yə üzv bütün ölkələr Çinlə ticarətdə kəsirlə üzləşib: “Təchizat zəncirlərinin təhlükəsizliyinə yönələn təhdidlər və sənaye bazamıza təzyiqlər təcili cavab tədbirləri tələb edir. Bu tədbirlər yalnız birgə şəkildə hazırlanmalıdır”, - deyə bildirib.
Martın 23-də başlayan səfər çərçivəsində tərəflər Avropa İttifaqı ilə Avstraliya arasında azad ticarət sazişi imzalayıblar. Bundan əlavə, təhlükəsizlik sahəsində əməkdaşlığın və kritik əhəmiyyətli faydalı qazıntıların tədarükü üzrə əlaqələrin genişləndirilməsi barədə razılıq əldə olunub.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.