EN

Müharibə ALOVLANIR – Rusiya rəsmiləri daha da AZĞINLAŞDI

Baharın gəlişi ilə Ukraynanın şərq cəbhəsində hərbi gərginlik artıq kritik həddə çatıb və Donetsk vilayətinin Liman istiqaməti növbəti irimiqyaslı qarşıdurmanın episentrinə çevrilib.

Rusiya ordusunun cəbhə xəttini yarmaq və strateji üstünlük əldə etmək məqsədilə yeddi müxtəlif istiqamətdən başlatdığı genişmiqyaslı hücum Ukrayna Silahlı Qüvvələrinin sərt müqaviməti ilə üzləşərək tam iflasa uğrayıb. İşğalçı qüvvələrin ağır zirehli texnika və çoxsaylı canlı qüvvə ilə həyata keçirdiyi bu “yumruq” zərbəsi Ukrayna ordusunun ən döyüş qabiliyyətli hərbi birləşmələrindən sayılan 3-cü Korpusun bölmələri tərəfindən darmadağın edilib.

Maraqlıdır ki, bu mütəşəkkil müdafiə əməliyyatına “Azov”un qurucularından biri, gənc briqada generalı və keçmiş deputat Andrey Biletskiy komandanlıq edir. Onun rəhbərlik etdiyi bölmələr rus qoşunlarını Ukraynanın əsas müdafiə sədlərinə çatmadan “atəş torbası”na salaraq onlara son ayların ən ağır texniki və canlı qüvvə itkilərindən birini yaşadıb.

Döyüşün statistikası Kremlin hərbi maşını üçün kifayət qədər sarsıdıcıdır: Rusiya tərəfi cəmi bir neçə saat ərzində 11 zirehli texnika, 3 tank, 84 ədəd müxtəlif təyinatlı mototexnika (motosikl, kvadrosikl və bagi), 160-dan çox PUA və bir ədəd “Solntsepyok” (TOS) ağır odsaçan sistemini itirib. Canlı qüvvə itkisi isə 288 ölü və 127 yaralı olmaqla, bütöv bir taborun döyüş qabiliyyətini itirməsi deməkdir. Qış boyu daha çox kiçik piyada qrupları ilə mövqe döyüşlərinə üstünlük verən rus komandanlığının baharın gəlişi ilə belə riskli və “kamikadze” xarakterli hücumlara keçməsi, onların yay kampaniyası öncəsi hər nə yolla olursa-olsun ərazi iddiasını reallaşdırmaq istəyindən xəbər verir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a şərh verən politoloq Elxan Şahinoğlu bildirib ki, döyüş meydanındakı bu aqressiya eyni zamanda Rusiyanın diplomatik ritorikasında da özünü qabarıq büruzə verir: “Rusiya rəsmilərinin, xüsusilə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın və digər tanınmış media simalarının danışıq tərzi son dövrlər etik çərçivələri tamamilə aşaraq tərbiyəsizləşib. Vladimir Putin bilərəkdən Solovyov, Simonyan, Zaxarova və Duqin kimi şəxsləri ön plana çıxararaq onlar vasitəsilə dünya liderlərini təhqir etdirir və müxtəlif dövlətləri açıq şəkildə şantaj edir. Bu şəxslərin dili ilə səsləndirilən nüvə hədələri və aşağılayıcı fikirlər əslində beynəlxalq münasibətlərin qəsdən gərginləşdirilməsinə xidmət edir. Kreml bu ‘təlimatlı ruporlar’ vasitəsilə ən kəskin və radikal mesajlarını dünyaya çatdırır, lakin hər hansı ciddi diplomatik qalmaqal yarandıqda ‘bu onların şəxsi fikridir’ deyərək rəsmi məsuliyyətdən qaçmağa çalışır. Halbuki bu şəxslərin hər biri dövlət idarəetməsində təmsil olunur və birbaşa hakimiyyətin ideoloji xəttini icra edirlər. Cəbhədəki hərbi uğursuzluqlar və itkilər artdıqca, Kremlin informasiya məkanındakı bu ‘azğınlaşmış’ ritorikası daha da kəskinləşəcək, çünki Rusiya rəhbərliyi hərbi məğlubiyyəti diplomatik və təbliğat hay-küyü ilə pərdələməyə çalışır”.

Tunar, 
NOCOMMENT.az 

Chosen
48
50
nocomment.az

10Sources