Moskvanın mərkəzində tətbiq olunan internet məhdudiyyətləri gözlənilməz sahəyə də təsir göstərib.
Musavat.com xəbər verir ki, şəhərin mərkəzində quraşdırılmış müasir modul küçə tualetləri şəbəkə problemi səbəbindən faktiki olaraq işləməz vəziyyətə düşüb.
Məlumata görə, bu kabinələrdə quraşdırılan ödəniş terminalları internet olmayanda “donur”, nəticədə müştərilər xidmət haqqını kartla ödəyə bilmir və içəri daxil ola bilmirlər. Bəzi hallarda isə hətta nağd ödəniş də qəbul edilmir, çünki kabinədəki ödəniş modulunun işləməsi üçün internet bağlantısı zəruridir.
Küçə tualetlərinin operatoru olan “Ork” şirkəti bildirib ki, hazırda podratçılarla danışıqlar aparılır. Məqsəd həmin terminalların “ağ siyahı”ya salınmasıdır. Bu baş verərsə, şəhərdə ümumi internet çöküşü olsa belə, tualet terminalları işləməyə davam edə biləcək.
Qeyd olunub ki, Moskvada bu cür təxminən 30 müasir kabinə var və onlar paytaxtda 2013-cü ildən quraşdırılır. Hazırkı vəziyyət isə göstərir ki, internet blokadası artıq ən elementar şəhər xidmətlərinə qədər sirayət edib.
Beləliklə, Moskvanın mərkəzində gəzintiyə çıxanlar üçün indi yeni “qayda” yaranıb: ya əvvəlcədən hazırlaşmaq, ya da sadəcə səbr etmək.
Musavat.com