EN

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Sahibkarların öz obyektlərini sığortalaması məsələsi illərlə aktuallığını qorusa da, praktikada bu sahədə ciddi boşluqlar qalmaqdadır. Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu ərazisində yerləşən mebel sexində baş verən yanğın bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub. Hadisə sığortasız fəaliyyət göstərən müəssisələrin üzləşə biləcəyi riskləri bir daha ortaya qoyub.

Görəsən, sahibkarlar əmlaklarını sığortalamaqdan niyə bu qədər yayınırlar?

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan sığorta eksperti Pərviz Quliyev bildirib ki, qanunvericilik icbari sığortadan istifadəni tələb edir.

P.Quliyev vurğulayıb ki, sözügedən məsələyə nəzarət mexanizmi zəifdir:

"Bundan başqa, əhali arasında məlumatlılıq səviyyəsi aşağıdır. Sığorta maarifləndirilməsi yüksək səviyyədə olmalıdır. Həmçinin sığorta şirkəti kommersiya qurumudur, qazanc əldə etməlidir.

Şirkət sığorta edərkən qarşı tərəf barədə ciddi araşdırma aparmalıdır. Məsələn, təhlükəsizlik, yanğın riskləri və s. məsələlər nəzərə alınmalıdır. Həmçinin qeyd etmək lazımdır ki, sığorta şirkəti dəyəri böyük olan əmlakı sığortalayarkən onu təkrarsığortaya ötürür. Bu isə riskin bölüşdürülməsidir.

Təkrarsığortaya ötürüldükdə xarici şirkətlər standartlara baxır, uyğun olmadıqda qarşı tərəflə müqavilə bağlanmır. Bəzi şirkətlər var ki, onlar təkrarsığortaya ötürülsə də, həmin müəssisə sığortalanmır, çünki tələb olunan standartlara cavab vermirlər. Qeyd etdiyim kimi, ümumilikdə əhali arasında məlumatlılıq artırılmalıdır. Bundan sonra müəyyən nəticələri əldə etmək olar".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov isə vurğulayıb ki, ölkədə daşınmaz əmlakın sığortası məcburidir:

"2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Bir çox ticarət mərkəzlərində baş verən yanğınlar zamanı sığorta sahəsindəki çatışmazlıqların bir daha şahidi olduq.

Ticarət mərkəzlərində yanğından mühafizə tədbirləri kustar qaydada həyata keçirilir, təhlükəsizliklə bağlı tələblərə əməl olunmur, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verilir. Bu kimi hallara görə sığorta şirkətləri həmin ticarət mərkəzlərindəki riskləri sığortalamaqda maraqlı olmur.

Hər bir sahibkar obyektinin normativlərə cavab verməsində və sığortalanmasında maraqlı olmalıdır. Sığortaya ödənilən məbləğ onlar üçün lüzumsuz xərc yox, faydalı yatırımdır".

Chosen
2
5
turkustan.az

6Sources