EN

Kim təslim olacaq: ABŞ, yoxsa İran?

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ İrana Yaxın Şərqdə müharibəyə son qoymaq və regionda gərginliyi azaltmaq məqsədi daşıyan 15 maddəlik tələb siyahısı təqdim edib.

“The New York Times” və “Channel 12” bu siyahıdakı maddələri dərc ediblər.Məlumatlara görə, birinci tələblər toplusu İranın nüvə proqramı ilə bağlıdır. Vaşinqton Tehranın nüvə silahlarının hazırlanmasından qanuni olaraq imtina etməsini, uranın zənginləşdirilməsini mülki səviyyəyə endirməsini, mövcud ehtiyatlarının azaldılmasını, bəzi qabaqcıl sentrifuqaların sökülməsini və beynəlxalq müşahidəçilər tərəfindən yoxlamaların genişləndirilməsini tələb edir.

İkinci tələb raket proqramı ilə bağlıdır. Bu, ballistik raketlərin mənzilinin məhdudlaşdırılmasını və yeni sistemlərin, xüsusən də nüvə başlığı daşıya bilən sistemlərin hazırlanmasından çəkinməyi tələb edir.

Regional siyasət ayrı və xüsusilə həssas mövqe tutur. Bu tələblər İrandan HƏMAS və “Hizbullah” da daxil olmaqla müttəfiq silahlı qruplara dəstəyi dayandırmağı, Suriya, İraq və Yəməndəki hərbi mövcudluğunu azaltmağı və ya tamamilə geri çəkməyi və İsrailə qarşı birbaşa və ya vəkillər vasitəsilə hücumlardan çəkinməyi tələb edir.

Digər tələblər beynəlxalq ticarətin təhlükəsizliyi ilə bağlıdır. ABŞ Hörmüz boğazında naviqasiya azadlığına zəmanət və regional ölkələrin neft infrastrukturuna hücumların dayandırılmasını tələb edir.

Bundan əlavə, plan danışıqlara yol açmaq üçün bir-iki ay müddətinə müvəqqəti atəşkəs rejiminin tətbiqi də daxil olmaqla, dərhal gərginliyi azaltma tədbirlərinin görülməsini nəzərdə tutur.

Bu şərtlərin yerinə yetirilməsi müqabilində ABŞ-nin neft ixracına və beynəlxalq maliyyə sisteminə girişə məhdudiyyətlər, eləcə də bəzi aktivlərin azad edilməsi daxil olmaqla qismən sanksiyaların aradan qaldırılmasını təklif etməsi gözlənilir.

Qlobal bazarlara çıxış, investisiya və mülki nüvə enerjisinin inkişafına dəstək daxil olmaqla iqtisadi təşviqlər də nəzərdən keçirilir.Birinci 3 şərt ABŞ-nin əvvəlki əsas tələblərini özündə ehtiva edir. Yəni söhbət İranın hərbi məqsədlərlə nüvə proqramından imtina edilməsindən, ballistik raket istehsalının dayandırılmasından və  proksi qüvvələrə dəstəyi dayandırmasından gedir. 

15 bəndlik sülh planı ilə bağlı yayılan başqa bir məlumatda isə təkliflərin 13 bəndində İranın nüvə proqramının ləğvinə həsr olunduğunu  görmək olar. Ümumilikdə isə ABŞ İran ərazisində hərbi təyinatlı nüvə texnologiyasından istifadənin qadağan olunmasını, bu sahədə yalnız mülki məqsədlərlə istifadəyə dair öhdəliklərin götürülməsini təklif edir. 

Qeyd edək ki, hazırda İranın 60 faizdən yuxarı zənginləşdirilmiş 440 kiloqram uran ehtiyatı var. Bunu İran rəsmiləri özləri də etiraf edirlər. Hətta İranın xarici işlər naziri Abbas Əraqçinin fevral ayında Omanın paytaxtı Muskatda keçirilən danışıqlarda ABŞ nümayəndələrinə qürurla 11 ədəd atom bombası hazırlamağa imkan verən zənginləşdirilmiş uran ehtiyatına malik olduuqlarını dediyi bildirilir. 

Bəzi məlumatlarda isə İran rejiminin uranı 80 faizə qədər zənginləşdirdiyi, Əraqçinin də məhz bu səbəbdən ABŞ ilə təhdid dilində danışdığı ehtimal olunur. Mülki məqsədlərlə istifadə olunan nüvə proqramı isə uranın 3,67 faiz zənginləşdirilməsini nəzərədə tutur. 

Yəni İran ABŞ_nin 15 bəndlik sülh planını qəbul edərsə, 3,67 faizdən artıq zənginləşdirilmiş bütün uran resurslarını, “ağır su” ehtiyatını və “IR-6” və “IR-7” kimi müasir sentrifuqaları Beynəlxalq Atom Enerjisi Agentliyinə təhfil verməlidir. 

Raket proqramı məsələsinə gəlincə, İran tərəfi belə bir razılaşmanı kapituyasiyaya bənzər bir sənədin imzalanması hesab edir. Hazırkı müharibə də göstərdi ki, İran üçün həm müdafiədə, həm də hücumda əsas silah vasitəsi raket və pilotsuz uçuş aparatlarıdır. 

İranın uzaqmənzilli raket proqramının sıfırlanması onu regional müharibə aparmaq, xüsusilə də İsrailə qarşı mübarizədə tamamilə gücsüz vəziyyətə sala bilər. Ona görə də bu gün İran üçün ballistik raketlər müharibə meydanında həm əsas döyüş vasitəsi, həm də çəkindirici amil kimi nüvə silahından daha real təsir bağışlayır. 

İranın “Hizbullah”a, HƏMAS-a və digər proksi qüvvələrə dəstəyi dayandıraraq Yaxın Şərqdən, daha dəqiq desək İsrail sərhədlərinə yaxın ərazilərdən çəkilməsi bölgədə sabitlik üçün İran İslam İnqilabından ötən 47 ildə ən sabit dövrün başlanması demək olar. Ancaq İran Yaxın Şərqdə şiə müsəlmanların yaşadığı bütün əraziləri və İsrailə qarşı müharibənin getdiyi ölkələri özünün təsir zonası hesab edir. 

Çünki həmin proksi qüvvələr vasitəsilə İran özünün düşmənlərinə qarşı sərhədlərindən kənarda vəkalət müharibəsi aparır və ya geosiyasi təzyiq məqsədilə istifadə edir. İkincisi, İran “Vilayəti-Fəqih”ə uyğun olaraq, proksi təşkilatlar vasitəsilə digər ölkələrə İslam inqilabı ideologiyanı ixrac etməyə çalışır. 

Yəni İrandakı teokratik rejim hər üç məsələyə  mövcudluğu üçün strateji əhəmiyyət kəsb edir. İran tərəfi 15 bəndlik sülh planına konkret münasibətini bildirməsə də, Tehrandan gələn ilkin rəsmi reaksiyalar bu məsələdə fikir ayırlığının qaldığını göstərir. Əslində, İran tərəfi cavab olaraq, sülhün öz şərtləri əsasında imzalanmasını tələb edir. 

Tehranın şərtləri İrana bundan sonra heç vaxt hücum edilməyəcəyinə dair razılaşmanın imzalanmasından, dağıntılara və dəymiş zərərə görə kompensasiyanın ödənilməsindən, Hörmüz boğazı üzərində nəzarətin İrana verilməsindən və İranın ballistik raket proqramı ilə bağlı istənilən tələblərin, müzakirələrin ləğvindən ibarətdir.  

Ekspertlər hesab edirlər ki, tərəflər bu məsələdə yalnız dəymiş ziyanın ödənilməsi ilə bağlı ortaq varianta gələ bilər. Belə ki, İrana qarşı sanksiyaların, o cümlədən neft satışına qoyulan qadağaların ləğvi ölkədə iqtisadi böhranın, o cümlədən dağılmış mülki infrastrukturun bərpasına  kömək edə bilər. Ancaq ABŞ-nin İran qarşısında hücum etməmək barədə öhdəlik götürəcəyi inandırıcı görünmür. 

İlk növbədə, ABŞ İranı özünün milli təhlükəsizliyi üçün təhdid hesab edir. Vaşinqton İran rejimini “şər üçbucağı”na daxil olan ölkə elan edib. Yəni Birləşmiş Ştatlar İranı beynəlxalq təhlükəsizliyə təhdid və terrorçu dövlət sayır. 

Belə bir rejimin tələbi ilə Trampın  heç vaxt hücum etməmək barədə sənəd imzalaması terror təşkilatı kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusu qarşısında məğlubiyyət deməkdir. 

Üstəlik, 4 həftəyə yaxın aparılan ağır regional müharibədən sonra Trampın belə bir öhdəlik götürməsi onun hakimiyyətinin sonu, ABŞ-nin isə dünyada siyasi nüfuzdan tamamilə düşməsi ilə nəticələnə bilər. Ağ Ev belə razılaşmaya imza atarsa, o zaman ABŞ-nin və ya İsrailin də BMT Nizamnaməsinin 2.4-cü bəndinə uyğun olaraq, Tehrandan heç vaxt güc tətbiq etməmək və ya hədələməmək barəsində öhdəlik götürməyi tələb etmək hüququ var. 

Yəni bu, ən azı qarşılıqlı proses olmalıdır. İranın “Xatəm əl-Ənbiya” qərargahı yaydığı məlumatda ABŞ-nin bölgədəki təsir gücünü və əvvəlki neft qiymətlərini itirdiyini, bu səbəbdən məğlubiyyətini razılaşma kimi qələmə verməməyə çağırıb. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə “India Today”-ə açıqlamasında bildirib ki, ABŞ diplomatiyasına etibar etmək olmaz. “Deməliyəm ki, ABŞ diplomatiyası ilə bağlı çox fəlakətli bir təcrübə yaşadıq. 

Nüvə məsələsinin həlli üçün danışıqların ortasında olduğumuz doqquz ayda iki dəfə hücuma məruz qaldıq. Bu, diplomatiyaya xəyanət idi. Bu, hazırda İranda çox məşhur bir ifadədir, çünki bu, bir dəfə yox, iki dəfə baş verib. Ona görə də heç kim ABŞ diplomatiyasına etibar edə bilməz”,-deyə Bəqayi bildirib.  

Bütün bu məlumatlar ABŞ-nin təklif etdiyi sülh planın İranı qane etmədiyini göstərir. Hazırda İran sülhün yalnız öz şərtləri əsasında imzalanmasını məğbul sayır. Rəsmi Tehranın irəli sürdüyü 4 bəndlik  təkliflər paketində nüvə proqramı məsələsinin olmaması İranın bu mövzunu müzakirə etməyə razılığı kimi başa düşülə bilər.

Müşfiq Abdulla 

 “Cebheinfo.az”

Açar sözlər:

ABŞ İran

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
50
cebheinfo.az

10Sources