Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin martın 10-da Ukrayna Silahlı Qüvvələrinin Bryansk şəhərinə həyata keçirdiyi raket hücumu ilə bağlı sərt açıqlama verib.
NOCOMMENT.az-ın xəbərinə görə, o bildirib ki, hücumda iştirak edən hər kəs “ən ağır nəticələrlə üzləşəcək”.

Səfir iddia edib ki, Bryanska edilən hücum Böyük Britaniya mütəxəssislərinin iştirakı olmadan mümkün olmazdı. Onun sözlərinə görə, London “böyük dövlət ambisiyaları” səbəbilə özünü Rusiya əleyhinə səylərin lideri kimi göstərməyə çalışır və guya proseslərə müstəqil təsir göstərə bildiyini nümayiş etdirmək istəyir.
Andrey Kelin bildirib ki, ABŞ və İsrailin hücumları fonunda Böyük Britaniya da silah sistemlərinin gücünü nümayiş etdirməyə çalışıb və bu addımın nəticələri olacaq.
Qeyd edək ki, martın 10-da Ukrayna Silahlı Qüvvələri Bryansk şəhərinə yeddi “Storm Shadow” qanadlı raketi ilə hücum edib. Hücum nəticəsində 6 nəfər həlak olub, 37 nəfər yaralanıb. Yaralılardan 12 nəfərin xəstəxanada müalicəsi davam edir, onlardan 3-nün vəziyyəti ağırdır.
Turan
NOCOMMENT.az