EN

SEPAH hakimiyyəti onunla möhkəmləndirir - Laricaninin xələfi haqda ŞOK AÇIQLAMALAR

Xəbər verdiyimiz kimi, İranda hakimiyyət daxilində mühüm təyinat baş verib. Belə ki, Məhəmməd Bağır Zülqədr ölkənin ən strateji qurumlarından biri olan Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin olunub. Qərarın Müctəba Xamenei tərəfindən təsdiqlənməsi bu təyinatın sıradan kadr dəyişikliyi olmadığını göstərib.

Qeyd edək ki, Zülqədr bu posta Əli Laricaninin İsrailin hava zərbəsi nəticəsində öldürülməsindən sonra gətirilib.

Bu təyinat İranın təhlükəsizlik strategiyasında hansı dəyişikliklərdən xəbər verir? Yeni katib regionda artan gərginlik fonunda hansı xətti seçəcək? Bu dəyişiklik İranın xarici siyasətində sərtləşmə, yoxsa daha çevik yanaşma siqnalıdır? Zülqədrin rəhbərliyi altında Təhlükəsizlik Şurası hansı prioritetləri önə çəkəcək?

image_1774436509444.jpg

Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Zülqədrin yeni təyinat alması heç nəyi dəyişməyəcək:

"Əvvəla, ona görə ki, İrandakı faktiki quruluş onun təkbaşına və müstəqil qərar verməsinə imkan vermir. İkincisi, o, Laricani kimi şəxsi təşəbbüsü olan və ciddi nüfuz sahibi deyil. Ən nəhayət, o, hərbi nomenklaturanın adamıdır və hərbçidir. Hərbçilər isə daha çox əmrə tabe olur və onu icra edirlər. Zülqədrin TŞ-yə rəhbər təyin edilməsi həm də SEPAH-ın planlarından biridir. Onun özü də SEPAH-ın komandanlarından biri olub. Bu o deməkdir ki, sözügedən hərbi təşkilat İranda bütün mühüm vəzifələri ələ keçirməklə öz dominantlığını təmin etmək və indiyə qədər olan imkanlarını qorumaq fikrindədir. Paralel olaraq, bu təyinat İranda mühüm dövlət vəzifələrinin hərbiləşdirilməsi kimi başa düşülməlidir".

Siyasi şərhçi qeyd edib ki, yeni katibin müstəqil xətt seçmək imkanı yoxdur və ona belə bir şans verilməyəcək:

"O, SEPAH-ın direktivlərini və əmirlərini yerinə yetirəcək. Müharibənin gedişatı göstərir ki, İran hər nə qədər müqavimət göstərsə də, siyasi hakimiyyətin potensialı tükənməyə başlayıb. Ciddi kadr problemi, ölənlərin yerinin lazımi səviyyədə doldurula bilməməsi geriləmələrinə, getdikcə gücdən düşmələrinə gətirib çıxaracaq. Digər tərəfdən, əvvəlki dönəmlərdən fərqli olaraq əhali rejimi dəstəkləmir. Hətta 12 günlük müharibədə belə insanlar bu və ya digər formada İran rejimini dəstəkləyirdilər. Bu gün isə İran xalqı mövcud sistemin getməsini istəyir. Artıq hücum edənin İsrail, ABŞ və ya başqa bir ölkə olması da maraqlarında deyil. Tək istədikləri şey odur ki, rejim getsin, yerində isə özləri istədikləri bir siyasi sistem qursunlar".

Ekspertin sözlərinə görə, bu dəyişiklik İranın xarici siyasətində heç nəyi dəyişməyəcək:

"Çünki İranda xarici siyasəti birbaşa dini lider özü müəyyən edir. Onun hazırladığı planlar və verdiyi təlimatlar üzərində hərəkət edilir. Belə olan halda Zülqədrin hər hansı xarici siyasət dəyişmə imkanı yoxdur. İranda müharibə başlayandan bəri əsas fiqurların böyük əksəriyyəti öldürülüb. İndiyə qədər ölkənin strateji xəttini müəyyən edən, onun ardıcıl həyata keçməsini reallaşdıran əsas fiqurların böyük qismi həyatda yoxdur. Bugünkü təyinatlara həm də məcburi addım kimi yanaşmaq lazımdır. Çünki öldürülənlərin yerinə gətirə biləcəkləri yeni şəxslər yoxdur. Zülqədrin özü də yaşlı və pensiyada olan biridir. Bu da onunla bağlıdır ki, mövcud rejim mümkün qədər məhdud dairə ilə kifayətlənməyə, həmin dairəylə hakimiyyəti əldə saxlamağa çalışır. Hər hansı yeni, gənc kadr yetişdirməyib. Və ya yetişdirmək istəməyib.
Bu təyinat İranın ənənəvi siyasətini dəyişməyəcək. Yeni qarşıdurmaların da anonsu sayılmır. Çünki yeni təyinat indiyə qədər gedən proseslərin olduğu kimi qalması, hücumların təşkili və koordinasiyanın təmin edilməsi üçün lazımdır. Hətta həmin posta təyinat olmaması da planlara təsir etməyəcəkdi".

Cavanşir ABBASLI
Musavat.com

Chosen
22
musavat.com

1Sources