Yaxın Şərqdə alovlanan müharibənin dayanması ilə bağlı ABŞ-dan gələn diplomatik təkliflər Tehranın sərt müqaviməti ilə qarşılaşıb. İran tərəfi münaqişəyə son qoymaq barədə Vaşinqtonun irəli sürdüyü şərtləri qəti şəkildə rədd edərək, prosesin gedişatını özünün müəyyən edəcəyini bəyan edib.
İranın yüksək rütbəli hərbi və siyasi rəsmiləri “Press TV” vasitəsilə dünyaya mesaj göndəriblər: “İran müharibəni o zaman bitirəcək ki, buna özü qərar versin və öz şərtləri tam təmin olunsun”. Mənbələr qeyd edir ki, ABŞ-nin müxtəlif kanallar vasitəsilə ötürdüyü təkliflər reallıqdan uzaq və həddindən artıq ağır şərtlərdən ibarətdir. Eyni zamanda, İran İnformasiya Şurasının rəhbəri Elias Həzrəti Donald Trampın “danışıqlar aparılır” bəyanatını kəskin şəkildə təkzib edərək, bu iddiaların tamamilə yalan olduğunu bildirib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Elçin Xalidbəyli qeyd edib ki, İranın bu cür sərt mövqe nümayiş etdirməsi ABŞ-nin bölgədəki hərbi nüfuzuna vurulan ciddi zərbədir: “Tehranın “müharibəni mən bitirəcəyəm” ritorikası göstərir ki, Vaşinqtonun tətbiq etdiyi hərbi təzyiq mexanizmləri gözlənilən effekti verməyib. Əksinə, İran rəhbərliyi hazırkı vəziyyəti öz xeyrinə çevirməyə çalışır. Trampın danışıqlar barədə açıqlamalarını daxili auditoriyaya hesablanmış siyasi manevr kimi dəyərləndirən Tehran, əslində diplomatiya masasında diktə edən tərəf olmaq istədiyini nümayiş etdirir”.

Onun sözlərinə görə, Elias Həzrətinin təkzibi ABŞ-nin Yaxın Şərq strategiyasındakı boşluqları üzə çıxarır: “Elias Həzrətinin “Tramp yalan danışır” ifadəsi diplomatik münasibətlərin tamamilə qırıldığından xəbər verir. Bu, o deməkdir ki, tərəflər arasında heç bir ortaq məxrəc yoxdur və hər iki tərəf psixoloji müharibə mərhələsindədir. İran anlayır ki, ABŞ-nin hərbi resursları eyni vaxtda bir neçə cəbhədə döyüşmək üçün kifayət qədər gərginləşib. Məhz bu səbəbdən Tehran öz şərtlərini ağır və qəti qoymaqla Vaşinqtonu daha böyük güzəştlərə məcbur etməyə çalışır. Dəhşətlisi budur ki, bu inadkarlıq müharibənin miqyasını daha da genişləndirə bilər”.
Tunar
NOCOMMENT.az