Qlobal maliyyə bazarları ABŞ ilə İran arasında səslənən ziddiyyətli açıqlamalar və Yaxın Şərqdə davam edən geosiyasi gərginliyin təsiri ilə istiqamət axtarışını davam etdirir.
KONKRET.az xəbər verir ki, regiondan gələn məlumatların həm müsbət, həm də mənfi siqnallar verməsi aktiv qiymətlərində dalğalanmanı artırır.
ABŞ tərəfi gərginliyin azalacağı ilə bağlı daha nikbin mövqe sərgiləsə də, İran tərəfindən verilən sərt bəyanatlar riskləri artırıb. ABŞ Prezidenti Donald Trampın enerji infrastrukturuna hücumlara müvəqqəti ara verildiyini açıqlaması bazarları qismən rahatlaşdırsa da, bölgəyə hərbi qüvvələrin göndərilməsi mümkün toqquşma riskini gündəmdə saxlayır.
Ağ Evdən verilən açıqlamalarda diplomatiya vurğusu önə çıxsa da, hərbi variantların da masada olduğu mesajı diqqət çəkir. Bu isə investorların ehtiyatlı davranmasına səbəb olur.
Yaxın Şərqdəki gərginlik enerji təchizatına dair riskləri artırarkən, neft qiymətlərində yuxarı yönlü təzyiq davam edir. Bununla belə, Hörmüz boğazından tanker keçidlərinin artması və hücumların azalması qiymətlərin kəskin yüksəlişini məhdudlaşdırır.
Neft qiymətlərində mümkün artımın qlobal inflyasiyanı yenidən sürətləndirə biləcəyi narahatlığı mərkəzi bankların siyasətinə də təsir edir.
ABŞ Mərkəzi Bankının (Fed) sərt pul siyasətini qoruyacağı gözləntiləri güclənib. Bazarlarda il ərzində faizlərin sabit qalacağı proqnozu ön plana çıxarkən, faiz endirimi ehtimalı böyük ölçüdə arxa plana keçib.
Fed-in açıqladığı maliyyə hesabatları da diqqət çəkib. Bank 2025-ci il üçün 18,7 milyard dollar zərər açıqlayıb, son üç ildə ümumi zərər isə 210 milyard dolları ötüb.
Makroiqtisadi göstəricilərə gəldikdə isə idxal və ixrac qiymətlərindəki güclü artım inflyasiya təzyiqlərinin davam etdiyini göstərir. Bununla yanaşı, cari əməliyyatlar kəsirinin azalması iqtisadiyyatda tarazlaşma siqnalları verib.
ABŞ-ın 10 illik istiqraz gəlirliliyi 4,36% səviyyəsində sabitləşərkən, dollar indeksi 100 səviyyəsinə yaxın hərəkət edir. Qızıl qiymətləri isə geosiyasi risklərə bağlı olaraq dəyişkən qalır.
Gərginliyin azalacağına dair gözləntilərlə bir qədər ucuzlaşan qızıl yenidən bahalaşma meyli göstərsə də, istiqamətini tam müəyyənləşdirə bilməyib.
Avropa birjalarında atəşkəs gözləntiləri fonunda müsbət əhval-ruhiyyə müşahidə olunub. Lakin Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard enerji qiymətlərində artımın inflyasiya hədəflərini təhdid edə biləcəyini vurğulayıb.
Laqard bildirib ki, davamlı inflyasiya təzyiqi yaranarsa, pul siyasətinin sərtləşdirilməsi gündəmə gələ bilər. Bazarlarda ECB-nin ilin sonuna qədər faiz artıra biləcəyi ehtimalları güclənir.
Asiya birjalarında isə qeyri-müəyyənliklər satış təzyiqini artırıb. Yaponiyada istehsalçı qiymətlərinin gözləntilərdən yüksək artması Yaponiya Mərkəzi Bankının sərtləşmə ehtimalını gücləndirib.
Bu isə istiqraz gəlirliliyini artıraraq regionda risk iştahının azalmasına səbəb olub.
Türkiyə bazarında Borsa İstanbul qlobal dalğalanmalara baxmayaraq günü artımla başa vurub. BIST 100 indeksi 0,26% yüksələrək 12.963 bəndə çatıb.
Dollar/TL məzənnəsi isə məhdud artımını davam etdirib. Bazarlarda diqqət bu gün açıqlanacaq məlumatlara və geosiyasi xəbərlərə yönəlib.
Analitiklər bildirirlər ki, qarşıdakı dövrdə ABŞ–İran xəttindən gələcək xəbərlər bazarların istiqamətində həlledici rol oynayacaq. Bununla yanaşı, ABŞ-da açıqlanacaq işsizlik müraciətləri və yerli maliyyə göstəriciləri də diqqətlə izlənəcək.
Texniki baxımdan BIST 100 indeksində 13.100 və 13.200 səviyyələri müqavimət, 12.800 və 12.700 səviyyələri isə dəstək kimi qiymətləndirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az