EN

Tarixi vəfasızlıq və milli vüqar: Türklərin qurduğu İranda fars şovinizminin revanşı





Bu sual hər bir azərbaycanlının daxilində çırpınan iki fərqli dalğanın – bitməyən bir eşqin və dinməyən bir ağrının toqquşmasıdır. Bizim İrana münasibəti sadəcə adi bir qonşuluq əlaqəsi, coğrafi bir sərhəd məsələsi deyil; bu, tarixin qat-qat kəsiklərindən keçən, ruhumuza bir möhür kimi işləyən bağlılıq və eyni zamanda tarixin vurduğu amansız yaraların, xəyanətlərin heç vaxt kəsilməyən sızıltısıdır.



Çünki bizim üçün "İran" dedikdə gözümüzün önünə gələn ilk mənzərə siyasi xəritələr deyil, Arazın o tayında döyünən 30 milyondan çox qardaş qəlbidir. Biz oranı sevirik, çünki orada bizim canımızdan can, qanımızdan qan var; hər bayramda, hər hüzndə ruhən bütövləşdiyimiz soydaşlarımızın nəfəsi var. Təbrizin hər küçəsində babalarımızın ayaq izləri, Ərdəbilin hər daşında, Şeyx Səfi məqbərəsinin hər kərpicində yaşayan Şah İsmayıl Xətai ruhu, o sarsılmaz Səfəvi əzəməti bizim genetik yaddaşımızdır. Ora bizim üçün sadəcə bir coğrafiya deyil, müqəddəs bir vətən parçasının, yarımçıq qalmış bir sevdanın davamıdır.

Biz İranı Nizaminin kainatı qucaqlayan bəşəri fəlsəfəsi, Füzulinin qəlbi yandıran, insanı dünyadan ayırıb ilahi eşqə qovuşduran qəzəlləri, muğamın o ortaq, dilsiz-ağızsız hər şeyi anladan ilahi ruhu kimi sevirik. Bizim sevgimiz ustad Şəhriyarın "Heydərbaba" nisgilində gizlənib; o nisgil ki, bir xalqın bölünmüş taleyini misralara töküb bütün dünyaya hayqırdı. O torpaqlarda bizim min illik dövlətçilik izimiz, min illik mədəniyyət laylarımız, hər qarışında türkün möhrü var. İnsan öz keçmişini, öz ulu babalarının qurduğu imperiyaların ətrini necə sevməyə bilər? Biz İranın içindəki o doğma Azərbaycanı – Təbrizi, Urmiyanı, Zənjanı, Ərdəbili canımızdan bir parça kimi sevirik.



Lakin burada mühüm bir həqiqət var: Əslində biz İranı yox, oradakı rejimin başında duranları, o rejimin xəyanətkar mahiyyətini, azad Türk ruhunun buxovlanmasını və din pərdəsi altında milli kimliyimizə olan qəsdi sevmirik. Bizim nifrətimiz, türkün min illik hamiliyini vəfasızlıqla cavablandıran o şovinist zehniyyətədir.

Bu incikliyin tarixi kökləri 1925-ci ilə — Pəhləvilər sülaləsi hakimiyyətə gələnə qədərki dövrə söykənir. Həmin vaxta qədər əslində "İran" adlı vahid bir siyasi məkan yox idi; o geniş ərazi min il boyunca türk sülalələrinin mütləq hakimiyyəti altında olan bir Turan coğrafiyası idi. Səlcuqlulardan başlayaraq Qacarlara qədər davam edən bu möhtəşəm dövr boyu türk dövlətləri fars dilinə, fars mədəniyyətinə və elminə qarşı heç bir ayrı-seçkilik etməmiş, əksinə, onlara misilsiz bir ehtiram göstərmişdilər. Türk hökmdarlarının sarayında fars dili ən uca zirvəyə qaldırılmış, bu dil diplomatiya və poeziya dili kimi çiçəklənmişdir. Fars əsillilər orduda ən xüsusi yerləri tutmuş, dövlət idarəçiliyinin ən yüksək pillələrinə gətirilmişlər. Heç bir türk sultanı və ya şahı farslaşdırma siyasəti yürütməmiş, əksinə, farsın mədəniyyətini öz qılıncı ilə qorumuşdur. Lakin 1925-ci ildə hakimiyyət fars mərkəzli Pəhləvilərin əlinə keçən kimi, onlar bu min illik himayənin və hörmətin əvəzini amansız bir "tarixi revanş"la ödədilər. "Vahid İran milləti" şüarı altında türklərin min illik mirasına qarşı savaş açıldı, dilimiz məktəblərdən, dövlət idarələrindən qovuldu. Xalqımızı "azəri" adlandıraraq, onların əslində türkləşmiş farslar olduğu kimi saxta tarix tezisləri ilə manqurtlaşdırmağa çalışdılar. Güney Azərbaycan iqtisadi və siyasi cəhətdən zəiflədildi, milli kimliyimiz boğulmağa başladı.

1979-cu ildə Pəhləvilərin devrilməsində və inqilabın qələbə çalmasında türklər yenə ön cəbhədə idi, yenə fədakarlıq etdilər. Amma hakimiyyətə gəlişi üçün türklərə minnətdar olmalı olan molla rejimi bu mənəvi borcu daha qəddar bir xəyanətlə cavablandırdı. Fars şovinizmi bu dövrdə daha da azğınlaşdı, təzyiqlər dözülməz həddə çatdı, zindanlarda türk ziyalılarının edamlarının sayı itdi. Milli kimliyimizə qarşı yönəlmiş təhqirlər dövlət siyasətinə çevrildi; hətta "Türkü-xər" kimi rəzil və aşağılayıcı deyim birbaşa İran rəsmiləri, dövlət televiziyası və mətbuatı tərəfindən dəfələrlə təkrar olundu. Min il boyunca fars mədəniyyətini öz çiyinlərində daşıyan, onu dünyaya tanıdan bir xalqa qarşı bu, tarixin gördüyü ən böyük mənəvi nankorluq idi.

Bu vəfasızlığın ən qanlı və sağalmaz yarası isə Qarabağ məsələsində özünü göstərdi. Özünü "İslam dünyasının hamisi" və "müsəlmanların dostu" kimi təqdim edən İran, bizim ən çətin günümüzdə, torpaqlarımız işğal olunarkən Ermənistanın ən böyük havadarına çevrildi. Məscidlərimizdə donuz saxlayan, müqəddəsatımızı təhqir edən işğalçı Ermənistanı yanacaqla, qida ilə və strateji mallarla təmin edən məhz Tehran rejimi oldu. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu öz şərəfli Zəfər yürüşünü keçirərkən, İran sərhədlərindən Ermənistana daşınan hərbi yüklər, sərhəddə keçirilən təhdid dolu "Xeybər fatehləri" hərbi təlimləri bizim üçün İranın əsl simasını — arxadan vuran xəncər simasını bir daha ifşa etdi.

Bundan əlavə, İsraillə Azərbaycan arasındakı isti və strateji münasibətlərə həmişə xəstə bir qısqanclıqla yanaşan İran, uzun illər Təl-Əvivdə Azərbaycan səfirliyinin açılmasına hər cür maneə törətdi. Onlar diplomatik etikanı və qonşuluq haqlarını tapdalayaraq Bakıdakı səfirliyinə öz agentura şəbəkəsini yerləşdirdi və dövlətimiz əleyhinə müxtəlif təxribatların, casusluq fəaliyyətlərinin mərkəzinə çevrildi. Biz bunu heç vaxt unutmadıq. Həmçinin, Amuli və Amuli kimilərin əməlləri, apardıqları təxribatçı fəaliyyət heç də özbaşınalıq deyildi; bu, birbaşa mərkəzdən idarə olunan planlı bir ideoloji müharibə idi. Onlar zaman-zaman insanların səmimi sevgisindən, saf dini inancından və duyğularından rəzilcəsinə istifadə edərək elə əməllərə qol qoydular ki, bu mənasız fitnə sayəsində yüzlərlə gəncimiz ağır cinayətlərə bulaşdı. Bu gənclər "din" adı altında öz vətəninə, öz dövlətinə qarşı qaldırıldı və illərdir ki, həmin cinayətlərin ağır cəzasını zindanlarda çəkməkdədirlər. Bizim üçün ən ağrılısı budur ki, hər halda onlar da bizim övladımız, bizim soydaşımız və qardaşlarımızdır. Onların gəncliyini və gələcəyini kim məhv etdi? Onları bu cinayət yoluna kim sövq etdi? Əlbəttə, İranın molla rejimi!

Bütün bu mənəvi xəyanətlərə, siyasi təxribatlara və milli kimliyimizə qarşı yönəlmiş hücumlara rəğmən, Azərbaycan xalqı və dövləti öz böyüklüyünü, ali mənəviyyatını bütün dünyaya nümayiş etdirir. Bu gün İran bombalanarkən, təbii ki, biz sevinmirik. Aramızda bu qədər soyuqluq və inciklik olmasına baxmayaraq, biz oradakı milyonlarla soydaşımızın və din qardaşlarımızın başına bomba yağdırılmasına qətiyyətlə qarşıyıq. Bu, bizim qanımızdan gələn mərdlikdir. Azərbaycan dövlət olaraq öz hava məkanından və ərazisindən İrana qarşı istifadə olunmasına qətiyyən yol vermir. Bu həssas məsələdə dövlət və millət tam bir həmrəylik nümayiş etdirir və Cənab Prezidentin bu istiqamətdə atdığı hər bir müdrik addım xalq tərəfindən sarsılmaz bir inamla dəstəklənir. Bizim dərdimiz İranın coğrafiyası və ya sadə insanları ilə deyil, türkün min illik hamiliyini vəfasızlıqla cavablandıran, gənclərimizi zəhərləyən və düşmənlərimizlə əlbir olan şovinist ideologiyadır. Bu gün oradakı soydaşlarımızın təhlükəsizliyini qorumaq üçün göstərdiyimiz bu ləyaqətli mövqe, əslində fars şovinizminin nankorluğuna qarşı türkün verdiyi ən böyük əxlaq dərsi və dövlətçilik vüqarıdır.

P.S. Bu sətirlər bir şəxs, bir azərbaycanlı olaraq mənim həm bitməyən sevgim, həm də dinməyən incikliyimdir. Təbiidir ki, azad və müstəqil Azərbaycanda hər bir insanın hadisələrə öz baxışı, fərqli sevgisi və ya nifrəti ola bilər; bu, bizim düşüncə azadlığımızın göstəricisidir. Lakin inanıram ki, tarixin süzgəcindən keçən bu faktlar, milli kimliyimizə qarşı yönəlmiş sistemli təhdidlər və dövlətçilik maraqlarımız fonunda ifadə etdiyim bu ümumi və ortaq fikirlər xalqımızın böyük əksəriyyətinin qəlbindəki həqiqətlərlə üst-üstə düşür və üstünlük təşkil edir.

Şəmsi Qoca



Chosen
40
aia.az

1Sources